Ekspert: "Türkiyə təhlükəsizliklə bağlı ciddi addımlar atmağa məcbur olacaq"

Ekspert: "Türkiyə təhlükəsizliklə bağlı ciddi addımlar atmağa məcbur olacaq"
07:22 22 Dekabr 2016
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətli və qatilin keçdiyi yol göstərir ki, bu terror aktının arxasında çox ciddi qrup dayanıb. Bu qrup və onun təmsilçiləri kimdir ki, polis işçisini Ankaraya gətirirlər, onu burada yerləşdirirlər, Rusiya səfirinin yanına kimi gedib çıxmasına şərait yaradırlar? Yəni bunlar elə-belə adamlar, adi terrorçular deyil. Bu, çox ciddi, nüfuzlu şəbəkə, minlərlə mülki şəxsi qoyub məhz polis işçisindən istifadəyə qərar verən insanlardır.

Bunu Milli.Az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert, politoloq İlqar Vəlizadə deyib.

Ekspertin fikrincə, hazırda Türkiyənin ən böyük problemlərindən biri odur ki, son aylar xüsusi-mühafizə orqanlarında aparılan təmizləmə işləri qarmaqarışıqlığa və çoxlu boşluqlara gətirib çıxarıb:

"Bunları ört-basdır etmək olmaz. İndi bu sistemdə o qədər boşluqlar yaranıb ki, onlardan istifadə etmək asanlaşıb. Bunlar hamını narahat edən təşkilati məsələlərdir. Bu qədər səy və diqqətə baxmayaraq, yenə də teraktların sayı durmadan artır, hətta xarakteri də mürəkkəbləşir. Bunu Rusiya səfiri ilə bağlı qətl hadisəsi də sübut edir. Deməli, bu sahədə ya kifayət qədər lazımi işlər aparılmır, yaxud da onlar istənilən nəticəni vermir. Bunu etiraf etməliyik. Bütün bunları biz Türkiyəni sevərək deyirik. İstəyirik ki, digər güclü siyasi-kriminal dairələr, terrorçular da bunu görərək ondan istifadə edib öz çirkin məqsədlərinə nail olmasınlar. Əgər indən belə də bu istiqamətdə əməli işlər görülməsə, digər xüsusi xidmət orqanları ilə koordinasiya qurulmasa, vəziyyət belə də qalacaq, hətta bundan da acınacaqlı vəziyyət yarana bilər".

İ.Vəlizadənin sözlərinə görə, burada Türkiyə hakimiyyəti üçün ciddi bir siqnal var: "İndiyədək görülən təhlükəsizliklə bağlı işlərdən daha fərqli, qəti və ciddi şəkildə tədbirlər görülməlidir. Əgər bu cür tədbirlər görülsə, terror aktlarının qarşısını almaq olar. O zaman konkret nəticələr görməklə Türkiyənin yenidən qüdrətini bərpa etməsindən danışa bilərik. Hazırda bu Türkiyəyə çox lazımdır. Çünki hökumət qarşısına məqsəd qoyub ki, 2017-ci ilin aprelinədək PKK ləğv olunsun. Təbii ki, belə ciddi planın icrası üçün ciddi proqram lazımdır. Güman edirik ki, belə bir proqram var. Bu, o deməkdir ki, PKK və ona dəstək olan qüvvələr gözləməyəcəklər ki, aprel ayı gəlsin və Türkiyə onların işini bitirsin. Təbii ki, müqavimət göstərəcəklər. Yəni qarşıdakı aylarda Türkiyəni ciddi proseslər və sınaqlar gözləyir. Artıq Türkiyəyə qarşı açıq müharibə gedir və çox təəssüf ki, bu müharibədə belə itkilər də olur".

Politoloq hesab edir ki, Türkiyə bundan sonra təhlükəsizliklə bağlı qəti addımlar atmağa məcbur olacaq, işini Rusiyanın və regiondakı digər güclü təhlükəsizlik orqanları ilə daha çox koordinasiya edəcək: "Çünki indiki cinayətkarlıq və terrorçular sərhəd tanımırlar. Koordinasıyasız onlarla bacarmaq çətin olacaq. Ona görə də ümid edilirdi ki, Moskvada Rusiya-İran-Türkiyə üçtərəfli görüşündə bununla bağlı müəyyən formul tapılsın. Hətta güman edirəm ki, Türkiyə-İsrail münasibətlərinin düzəlməsi də bu məsələyə öz töhfəsini verəcək. Çünki bundan əvvəl Türkiyə və İsrailin xüsusi xidmət orqanları uzun illər əməkdaşlıq edərək hər iki ölkədə çoxsaylı teraktların qarşısını alıblar. Güman edirəm ki, bu əməkdaşlıq yenidən bərpa olunacaq. Əgər təhlükəsizlik məsələləri köklü surətdə həll olunsa, bu, siyasi və iqtisadi məsələlərin inkişafına da təkan verəcək. Lirə möhkəmlənəcək, siyasi sabitlik bərqərar olacaq, onlarla bağlı digər proseslər də qaydasına düşəcək".  

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR