Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərargahdan Publika.az-a verilən məlumata görə,
SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları
əsasən estakadanın uçub dənizə töküldüyü yerdə təmizlənmə işində
yaxından iştirak edirlər. 100 ton yükgötürmə qabiliyyətinə malik
olan “Şirvan-3” kran gəmisi vasitəsilə uçmuş estakada qalıqlarının
çıxarılması həyata keçirilir. İndiyə kimi, çoxsaylı qaldırma
əməliyyatları ilə estakada qalıqlarının müəyyən hissəsi sudan
çıxarılıb. 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq bu
istiqamətdə işlər davam etdirilir. Estakada qalıqlarının
təmizlənməsində məqsəd, qalıqlar arasında itkin düşmüş neftçilərin
olma ehtimalıdır. Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin
“Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri sutka boyu,
ehtimal olunan bütün istiqamətlər üzrə növbəli şəkildə
axtarış-xilasetmə işlərində iştirak edir. Eyni zamanda,
göyərtəsində heyətsiz sualtı aparatlar quraşdırılan “Məmməd
Süleymanov” və “Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmiləri
vasitəsilə ətraf akvatoriyanın sualtı hissəsi yoxlanılır.
Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məxsus olan bir necə
ədəd “DRON” tipli pilotsuz uçan aparatlar helikopterlərlə yanaşı,
müəyyən olunan sektorlarda axtarış-xilasetmə əməliyyatına cəlb
olunublar.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti 2
ədəd 6 metrlik qayıqda 6 nəfər dalğıc, nazirliyin N saylı hərbi
hissələrindən 191 nəfər şəxsi heyət olmaqla Qobustan rayon
ərazisində və bütün sahilboyu ərazilərdə vizual axtarışlara cəlb
olunub.