Ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul planının ləğviylə bağlı AÇIQLAMA

Ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul planının ləğviylə bağlı AÇIQLAMA
12:17 22 Dekabr 2016
291 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı ləğv olunmayıb. Ali və orta ixtisas təhsili müəsisələrinə tələbə qəbulu dövlət sifarişi (dövlət hesabına)  və ödənişli əsaslarla aparılır. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul planı ləğv olunub".
 
Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov bildirib.
 
S. Gözəlov deyib ki, 2016/2017-ci tədris ilinə qədər ödənişli əsaslarla müəyyən sayda tələbə qəbul etmək üçün dövlət tərəfindən ali təhsil müəssisələrinə müəyyən qəbul planı verilirdi və müəyyən məhdudiyyət qoyulurdu. S.Gözəlov qeyd edib ki, Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq bu plan ləğv olunub və ali təhsil müəssisələrinə imkan verilib ki, ödənişli əsaslarla təhsil alan tələbələrin sayını sifariş verə bilsinlər. Nazirlik rəsmisi vurğulayıb ki, bu zaman ali məktəblər üçün də müəyyən limit qoyulub və təhsil müəssisələrinin potensialı nəzərə alınıb: "Ali məktəblərin potensialı dedikdə bura kadr, infostruktur potensialı (maddi-texniki təchizat, auditoriya, laboratoriya fondu, avadanlıqlar, imkanlar) daxildir. Təhsil müəssisəsinin imkanı 100 nəfərə çatırsa, 1000 nəfərlik yer sifariş verə bilməz. Çünki onlara tədrisi üçün laboratoriya, avadanlıq, auditoriya, müəllim lazımdır. Buna əsasən, ali məktəblər öz potensialına uyğun sifarişlər verir və ödənişli qəbul olan tələbələr üçün yerlərin sayı müəyyənləşdirilir. Ali məktəb sifariş verir ki, hər bir ixtisas üzrə bu qədər sayda ödənişli əsaslara tələbə qəbul edə bilərəm. Həmin yerlər Təhsil Nazirliyi ilə birgə müzakirə olunur, imkanlar araşdırılır, razılıqdan sonra ödənişli əsaslarla olan yerlərin siyahısı Nazirlər Kabinetinə göndərilir və təsdiq olunur. Dövlət sifarişli yerlərin sayı ilə bağlı isə birmənalı olaraq ixtisaslar üzrə dövlət tərəfindən konkret say verilir. Ali təhsil müəsisələri buna müdaxilə edə bilməz. Dövlət sifarişi əsasında olan ixtisaslar üzrə tələbənin hansı universitetə düşəcəyi isə onun öz seçimindən asılıdır. Məsələn, tələbə dövlət sifarişinin tələblərinə uyğun olaraq yetərli bal yığıbsa, o texniki ixtisaslar üzrə Dövlət Neft və Sənaye Universitetini, Texniki Universiteti, Memarlıq və İnşaat Universitetini də seçə bilər. Ödənişli ixtisaslar üzrə plan yerləri, proqnozu isə universitet və kolleclər özləri dövlətə təqdim edir".
 
S.Gözəlov əlavə edib ki, ödənişli ixtisaslar ali məktəblərin sifarişinə keçəndən sonra bu yerlər 10%-dən 30%-dək artıb. Onun sözlərinə görə, hər bir universitet əlavə maliyyə vəsaiti qazanmaq üçün ödənişli təhsil alan tələbələrin sayının çox olmasında maraqlıdır: "Bu dəyişikliklər və ölkə prezidentinin "Təhsil haqqında" qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında" 21 dekabr 2016-cı il tarixli fərmanı da ali və orta ixtisas təhsili müəssisələrə verilən sərbəstliyin həm artırılmasına imkan verir, həm də onların maliyyə imkanlarının genişlənmənsinə şərait yaradır".  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR