Gürcü politoloqlar: “Ermənistan xarici siyasətini dəyişərək, qonşu dövlətlərlə normal münasibətlər qurmalıdır”

Gürcü politoloqlar: “Ermənistan xarici siyasətini dəyişərək, qonşu dövlətlərlə normal münasibətlər qurmalıdır”
14:27 22 Dekabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 22 dekabr. REPORT.AZ/ Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyan rəhbərlik etdiyi Erməni Milli Konqresinin bu günlərdə keçirilən qurultayında çıxışında və mətbuata verdiyi açıqlamalarda Ermənistan iqtidarının siyasətinin iflası, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştlər haqqında səsləndirdiyi fikirlər Gürcüstanda da birmənalı qarşılanmayıb. 
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan politoloqlarının fikrincə, Ermənistan xarici siyasətində dəyişiklik edib, qonşu ölkələrlə normal münasibətlər qurmalıdır və Cənubi Qafqazda sülhə yalnız bu yolla nail oluna bilər.
Gürcüstanın tarixçi alimi, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya “Report”un Gürcüstan bürosuna müsahibəsində deyib ki, Levon-Ter Petrosyanın Ermənistan hakimiyyətinin çox ciddi səhvlərə yol verməsi barədə fikirləri həqiqətdir: "Ermənistan hakimiyyətinin bu səhvləri 90-cı illərdə, xarici havadarlarının köməyi ilə azərbaycanlılara qarşı təcavüzkar siyasət yürütməklə, Azərbaycan torpaqlarını işğal etməklə başlayıb. Bununla da, əslində Ermənistan özünün iflasının əsasını qoyub. Ona görə ki, Azərbaycan torpaqlarını işğal etmək və müharibəyə başlamaqla Ermənistan rəsmi Bakının bilavasitə iştirakı və təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı, regional layihələrdən kənarda qoydu. Bu gün Ermənistan dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzədir. Erməni geosiyasətçiləri indi fikirləşirlər ki, bu vəziyyəti necə dəyişsinlər. Ona görə də müxtəlif fikirlər səsləndirirlər".
Tarixçi alim deyib ki, Azərbaycanın son illər siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi uğurlar bir dövlət kimi, onun qüdrətini daha artırıb: "Azərbaycan istədiyi vaxtda, qısa bir zaman ərzində nəinki Dağlıq Qarabağı azad edər, hətta Yerevanı da ala bilər. Bununla belə, Azərbaycan yenə də münaqişənin sülh yolu ilə həllini istəyir. Erməni siyasətçiləri və ictimaiyyəti də bunu yaxşı başa düşürlər".
Q.Marxuliya hesab edir ki, bu gün Ermənistan siyasətçilərinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin Azərbaycana səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə iştirakı da təsadüfi deyil: "Onlar müxtəlif yollarla pozulmuş münasibətləri bərpa etmək istəyirlər. Bu bir daha göstərir ki, Ermənistanda fikirlər, siyasi baxışlar dəyişir. Amma təəssüf ki, işğal olunmuş ərazilər hansı yolla azad olunacaq, hələlik bəlli deyil, bu barədə bir söz demirlər. Ona görə də hesab edirəm ki, hələ Ermənistan hakimiyyətinə, ictimaiyyətinə inanmaq olmaz”.
Gürcüstanın Terrorizm və Siyasi Zorakılıqları Araşdırmalar Mərkəzinin və geonews.ge informasiya portalının rəhbəri, politoloq Badri Natçkebiyanın fikrincə, Levon-Ter Petrosyanın çıxışında səsləndirdiyi fikirlər sabiq dövlət başçısının hazırkı vəziyyətdən çox ciddi narahatlıq keçirdiyi aydın hiss olunur: "O, Ermənistan hakimiyyətinin bugünkü siyasətinin erməni xalqı üçün daha ciddi fəlakətlər gətirəcəyindən narahatdır. Petrosyan və onun tərəfdaşları fikirləşirlər ki, vəziyyət belə davam etdikcə problemlər də artacaq. Ermənistanda, eləcə də Dağlıq Qarabağın özündə ciddi narazılıqlar, iğtişaşlar başlayacaq və bu da, Ermənistanın özü üçün ciddi problemlər yaradacaq".
"Ermənilər həm də, görülər ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və praqmatik siyasəti nəticəsində ölkədə çox sabit vəziyyət yaranıb və ölkə inkişaf edir. Azərbaycanın ABŞ, Avropa, eləcə də Rusiya ilə çox yaxşı münasibətləri var. Yalnız uzağı görməyən, siyasətdən kənar insanlar bunu başa düşməzlər. Petrosyan və onun tərəfdaşları isə bunu yaxşı başa düşür və ciddi düşünməyə məcburdurlar", - deyə politoloq əlavə edib.  
B.Natçkebiyan vurğulayıb ki, Ermənistan siyasətçiləri gec-tez bu dövlətin xarici siyasətində dəyişiklik etməyə, qonşu ölkələrlə münasibətlərə yenidən baxmağa, eləcə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini dəyişməyə məcbur olacaqlar.
Politoloq qeyd edib ki, Ermənistan dövlətinin xarici siyasətində dəyişiklik etməsi, bütövlükdə Cənubi Qafqazda sülhün bərpasına xidmət edə bilər: "Bu dəyişiklik Gürcüstanın da işğal olunmuş ərazilərinin azad edilməsinə şərait yaradacaq".
Art-Qalleri televiziyasının rəhbəri, politoloq Tengiz Txilava deyib ki, Levon-Ter Petrosyan reallığı Ermənistanın hazırkı rəhbərliyindən daha obyektiv dərk edir: "O, çox yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistan inkişaf etməyəcək. Münaqişə isə güzəşt olmadan həll oluna bilməz. Düzdür əvvəllər o, bunu açıq aşkar etiraf edə bilmirdi, bəlkə də utanırdı. Amma indi bunu açıq bəyan edir. Bundan da belə qənaətə gələ bilərik ki, Ermənistanın siyasi dairələri də artıq bu fikirdədirlər. Onlar görürlər ki, Ermənistan hakimiyyətinin bugünkü siyasəti gözlənilən müsbət nəticəni vermədi. Eyni zamanda, Ermənistanın tərəfdaşları da artıq bunu görürlər və başa düşürlər". 
Onun fikirincə, digər tərəfdən də Azərbaycan dövlətinin dəyişməyən, prinsipial siyasi kursu onları belə fikirləşməyə vadar edir: "Azərbaycan inkişaf edir, güclü dövlətə çevrilib və hər an torpaqlarını güc yolu ilə azad edə bilər. Amma rəsmi Bakının yenə də sülh danışıqlarına üstünlük verməsi qarşı tərəfi öz mövqeyinə yenidən baxmağa vadar edir.
Düşünürəm ki, Ermənistan tərəfinin xarici siyasətdə ciddi dəyişikliklər etməsi, qonşularla dostluq münasibətləri qurması bütövlükdə Cənubi Qafqazın inkişafına imkan yaradacaq”.



Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcu-politoloqlar-ermenistan-xarici-siyasetini-deyiserek-qonsu-dovletlerle-normal-munasibetler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR