Azərbaycanda İSTİLƏŞMƏ - XXI əsrin sonunadək proqnoz açıqlandı

Azərbaycanda İSTİLƏŞMƏ - XXI əsrin sonunadək proqnoz açıqlandı
16:03 22 Dekabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ən çox istiləşmə Böyük və Kiçik Qafqazın dağətəyi və ortadağlıq hissələrində qeydə alınır.

Bunu Trend-ə Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin müdiri Xəyyam Rəhimov deyib.

Onun sözlərinə görə, həmin yerlərdə temperaturun orta illik artımı müvafiq olaraq, 0.9-1.1 və 1.0-1.4°C təşkil edir.

X.Rəhimov qeyd edib ki, ölkə ərazisinin müxtəlif bölgələrində yerləşən 32 meteoroloji stansiyanın məlumatları əsasında (1992-2014-cü illər) iqlim normaları hesablanıb. Müəyyən edilib ki, havanın temperaturu baza dövrü (1961-1990-cı illər) ilə müqayisədə əsasən artıb və bu artım regiondan asılı olaraq 0.3-1.4°C təşkil edir. Temperaturun ən az artımı Naxçıvan Muxtar Respublikasında və Lənkəran-Astara bölgəsində (0.3-0.6° C) qeydə alınır.

X.Rəhimov deyib ki, qeyd edilən müddət ərzində yazda havanın orta sutkalıq temperaturunun 10°C-dən yüksəlməsi baza dövrünə nisbətən 4-9 gün tez, payızda isə həmin dərəcədən aşağı düşməsi 1-14 gün gec başa çatır. Nəticədə havanın orta sutkalıq temperaturunun 10° C-dən yuxarı olan dövrünün davamiyyəti 20 günədək artır və regiondan asılı olaraq 170-245 gün təşkil edir. Artım daha çox dağlıq ərazilərdə müşahidə edilir.

İnstitutun şöbə müdirinin sözlərinə görə, proqnozlara əsasən, XXI əsrin sonunadək ölkənin müxtəlif bölgələrində havanın orta illik normasının baza dövrünə nisbətən 1.5-4.4°C artması gözlənilir. 10°C-dən yuxarı orta sutkalıq temperatur dövrünün davamiyyəti 3-50 gün arta bilər. Bu zaman isti qurşaqların sərhədləri dağlarda yuxarıya doğru 250-950 m irəliləyəcək: "Beləliklə isti və mülayim qurşaqların sahəsinin genişlənməsi və soyuq qurşağın sahəsinin azalması gözlənilir".

X.Rəhimov qeyd edib ki, iqlimin istiləşməsi nəticəsində əkin sahələri dağlara doğru genişlənə bilər, daha istisevər bitki sortları rayonlaşdırıla bilər, ildə iki-üç dəfə məhsul alına bilən sahələr genişlənə bilər. Bütün bunlar müvafiq adaptasiya tədbirləri nəticəsində həyata keçirilə bilər. Həmin tədbirlərə kənd təsərrüfatı bitkilərinin quraqlığa davamlı və yüksək məhsuldarlığı olan sortlarının seleksiyası, introduksiyası və təsərrüfata tətbiqi, üzümlüklərin və çay plantasiyalarının ənənəvi rayonlarda bərpası və digər əlverişli ərazilərdə yeni bağların salınması, suvarılan ərazilərdə suya qənaət edən texnologiyaların geniş tətbiq edilməsi daxildir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/180896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR