Azərbaycanlı iş adamı: "Qız qalası əjdahalardan qorunmaq üçün tikilmiş tələdir" - FOTO

Azərbaycanlı iş adamı: "Qız qalası əjdahalardan qorunmaq üçün tikilmiş tələdir" - FOTO
16:57 22 Dekabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Kainatın sirləri o qədər böyük və dərindir ki, onun haaqqında düşünən hər bir kəs onu izah edə bilmədikdə öz bildiyi duyğularla yozmağa, öz təfəkkürü ilə izah etməyə başlayır. Lakin həmişə bu düşüncələr elm və din baxımından reallıq və mifologiya arasında haçalanaraq fikirləri daha da dərinlərə aparmışdır. Yaranışın heyvan atadan gəldiyini və heyvan toteminin müqəddəsliyini bu günə kimi öz həyatında daşıyan bəşər övladı yeni-yeni düşüncələr sərgiləməkdə davam edir. Bunlara baxmayaraq dərki çətin qavranılan, kəşf edilmiş fiziki qanunauyğunluqlar insanla təbiət və insanla fövqəlqüvvə arasında bir körpü, keçid yaradırdı. Zaman-zaman insan övladının digər həmmüasirlərindən fərqli düşüncələrə, fərqli təfəkkürə, fərqli ilahi gücə malik olması da meydana çıxmışdır. Bu cür düşüncə sahibləri isə cəmiyyətdə birmənalı qarşılanmamışdır. Belə ki, bu insanlara, sadəcə, öz zamanını qabaqlamış uzaqgörən insanlar, bəzən qeyri-adi ilahi qüdrətə malik insan, bəzən isə psixi və əqli beyin pozulmasına məruz qalmış insan kimi baxılırdı. Nostardamus, Vanqa, kimi öncəgörmə qabiliyyətli insanlar da cəmiyyətdə məhz belə yanaşmalarla qavranılan insanlardan olmuşdur.

Bu gün Milli.Az-la həmsöhbət olan şəxslərdən biri də məhz yuxarıda danışdığımız kimi dünyanın yaranışı baxımından qeyri-adi fikirləri ilə seçilən, elmə məlum olan və olmayan mülahizələri ilə gündəmə gələn Rusiyanın Kamçatka şəhərində yaşayan, iş adamı, Petropavlovsk-Kamçatka şəhər dairəsinin Duamasının deputat köməkçisi Musa Məmmədsaadovdur.

... Məmmədsaadov Musa Yusif oğlu 1964-ci ildə Oğuz rayonunda anadan olmuşdur. Uşaqlıq illəri bir çox çətinliklərlə müşayiət olunmuşdur. Uzun müddət musiqi sənəti ilə məşğul olmuş və bölgədə hörmət edilən sənətkar kimi ad-san qazanmışdır. Dülgərlik sənəti ilə də məşğul olan Musanın baş barmağı dəzgah arasında qaldığından, bu barmağı kəsilmiş və bununla da klarnet ifaçılığına son qoymuşdur. 1996-cı ildə bir çox həmvətənliləri kimi o da, qonşu Rusiya Federasiyasında iş qurmağa getmiş və qısa müddət ərzində Kamçatka şəhərində orta biznes şəbəkəsi qurmuşdur.

- Musa müəllim, məsələ oxucularımıza tam aydın olsun deyə, ondan başlayaq ki, sizdə bu hal nə vaxt və necə oldu ki baş qaldırdı?

- Bu qabiliyyət məndə 2007-ci ildən etibarən başlayıb. Lakin o zaman içki içdiyimdən bunun mahiyyətini, nə olduğunu dərk edə bilmirdim. Lakin 2009-cu ildə hansısa bir güc məni vadar etdi və içkini tərgitdim. Amma yenə də baş verən qeyri-adi hadisələri başa düşüb dərk edə bilmirdim. 2010-cu ilin yay aylarında kürəyimdə güclü ağrılar başladı. Ağrılar çox şiddətli və bənzərsiz idi, haradasa 1-2 dəqiqə davam etsəydi, nəfəsim kəsilib ölə bilərdim. Ancaq yanımda olanların kürəyimi ovuşdrması nəticəsində ağrıdan qurtulurdum. 2010-cu ildən 2011-ci ilə keçən gecə yuxu gördüm. Bir ceyran, bir canavar, bir də əjdaha başı gəlib durdu mənimlə üzbəüz, bir də bulud şəkilli bir şey gəlib durdu onların yanında, onu təsvir edə bilmirəm dəqiqliklə. Bizim Bahar adlı bir yaxın qohumumuz rəhmətə getmişdi.

Həmin buludun içindən Bahar baxmağa başladı və dilləndi ki, mən Baharam, Yazam, Günəşəm. Sonra mənə dedilər ki, biz başqa dünyadanıq. Səhər durub həyat yoldaşıma, iş yoldaşlarıma bu yuxunu danışdım. Sonra yuxuda gördüyüm həmin şəkilləri səmada görməyə başladım, buludlar şəklində.

Qış vaxtı eyvana çıxıram, baxıram ki, ağaclar çiçəkləyib, yarpaqlayıb. Həyat yoldaşımı, övladlarımı çağırıb onlara göstərirəm, onlar isə mənə mat-mat baxıb deyirlər ki, "nə olub sənə". Çox şeylər başladım danışmağa. O biri dünyada nə görürdümsə, danışırdım. Bu dünyada eşidilməyən, kitabda yazılmayan şeyləri. Bu minvalla məndə bu görmələr davamlı xarakter almağa başladı.

- Dediklərinizə etimad göstərənlər, sizə inanların olduğunu deyirsiniz. Mümkünsə deyin, necə inandıra bildiniz onları?

- Haradasa 2010-un fevral ayı olardı gördüm ki, hündür binalar dənizdə bərk yellənirlər o yana, bu yana. Elə bil ki, su yuyub aparır hər yeri. Gəldim işə dedim ki, haradasa güclü zəlzələ olacaq, su basacaq, hündür evləri, yuyub aparacaq. Haradasa 3-4 gün keçmişdi, televizorda göstərdilər ki, Yaponiyada güclü zəlzələ olub, binalar suyun altında qalıb. Sonra yenə bu tip bir şey gördüm və söylədim, üstündən heç bir az keçmədi, Fillipin adasını su yudu apardı. Bax belə hadisələr çox baş verib.

- Yaradılışla bağlı mülahizələriniz maraqlıdır...

- Yer kürəsində bir odlu əjdaha yaşayardı. Yerin digər tərəfində isə 50-60 metr hündür nəhəng adamlar məskən salmışdılar. Onların bəzilərinin hündürlüyü 120 metə çatırdı ola bilsin. Bu əjdaha hər zaman həmin insanları oğurlayıb, yeyirdi. Yer kürəsi o zaman çox balaca olub. İndiki ölçüsünün dörddə biri və ya üçdə biri qədər olub. Yerin çox yeri əjdahaların hərəkəti nəticəsində dəlmə-deşik olub. Yəni bu yırtıcının hərəkət etdiyi kanal kimi, tunel kimi yollar olub. O dəliklərə əjdahadan başqa heç kim girə bilmirmiş. Çünki o qədər dolaşıq yolları var idi ki, oradan ancaq odlu əjdaha baş çıxarırdı. Dinozavrlar da məhz həmin odlu əjdahalardan törəyib, yəni yaradanı olub. Əjdahanın cütləşdiyi bir dişisi var idi ki, məhs dinozavrları da o doğurdu.

Əjdaha insanları yediyi üçün, onlar bir yerə yığışıb tədbir görməyə çalışırlar. İnsanlar əjdahanı öldürmək məqsədi ilə Yer kürəsinin hər yerində hücuma keçirlər. Yer kürəsini qarış-qarış gəziblər. Odlu əjdahanı ölümdən onun dişisi (bundan sonra qadını) xilas edib. Qadının şüadan bir qılıncı olub, hansı ki, daşı, dəmiri hər şeyi kəsirmiş. Əjdaha qadın insanlarla danışığa gedir ki, gəlin odlu əjdahanı öldürməyib, zindana salaq. Amma qadın kişilərə bir şərt qoyur ki, qadınlarla cütləşməlisiniz, hansı ki, həmin müddətə qədər onlar cütləşmirmişlər. Odlu əjdahanın hər ulduzda uşaqları, qardaşları yaşayırmış, bir növ ulduzlar onlarn evi imiş. Və odlu əjdaha yerə basdırılandan sonra hər ulduzdan torpaqlar daşınmağa başlanıb Yer kürəsinə. Hər bir ulduzda fərqli materiallar olduğundan onlar yerə gətirilən torpaqlar vasitəsi ilə buranın torpağına qarışırdılar. Birindən uran, birindən qızıl, mis, duz, titan və s. Amma əvvəlcə yerin üzünə tor çəkiblər sonra həmin torpaqları daşıyıblar.

O zaman bəzi buludların vəzifəsi yük daşımaq idi. Ulduzdan ulduza, Ulduzdan Yer kürəsinə yük daşıyırdılar. Ulduzda yaşayan nəhəng heyvanlar da (uzunluğu 10-50 km) bu buludlar vasitəsi ilə yer kürəsinə enmək istəyiblər. Lakin həmin qadın buna imkan verməyib və göydə onları qılıncı ilə öldürüb. Onların yerə tökülən qanı nəticəsində okeanlar, dənizlər, göllər əmələ gəlib.

- Bəs bu düşüncələrinizə ailənizin münasibəti necədir? İnanırlarımı, dəstəkləyirlərmi sizi?

- Düzünü deyim ki, bu hadisədən sonra iki ilə yaxın bir zamanda həyat yoldaşım məni dəli kimi, psixoloji pozuntusu olan bir insan kimi bilirdi. Amma mənə birinci inanan qızım olubdur. O, həmişə harasısa ağrıyan kimi mənə yaxınlaşıb: ata belim, ya kürəyim, ya da qarnım ağrıyır deyəndə deyərdim ki, qızım gəl ata əlini vursun, ya da deyirdim gözünü yum müəyyən bir ədədə kimi say, gözünü açan kimi ağrı yoxa çıxacaq. Həqiqətən də, ağrı yoxa çıxırdı. Belə-belə gedişlərdən sonra evdəkilər də başladılar məni bu halımla normal qəbul etməyə. Mənim durumum haqqında, qəribəliklərim haqqımda olan məlumatlar yavaş-yavaş evdən kənara, qonşulara, qohumlara yayılmağa başladı. İki ildən sonra Kamçatkada yaşayan yerlilərimiz də yavaş-yavaş mənim dediklərimə, söylədiklərimə inanmağa başladılar. Çünki dediklərimin böyük əksəriyyəti həyata keçirdi. Keçməyənlər isə məndən asılı olmadan olurdu, yəni onların baş verməsi üçün zaman lazım idi. Bəzi tanışlarım televiziyanı, radionu, interneti izləyərkən birdən orada mənim dediklərimin baş verdiyini görüb tez mənə zəng edib bildirirdilər ki, filan dediyin şey baş verdi. Bax beləcə zaman keçcikcə həyat yoldaşım da, uşaqlarım da mənə təmiz inanmağa başladılar. Çünki artıq mənim fikirlərimə alimlər də müsbət münasibət bildirmişdilər. Evdə, ətrafda tanış olan insanlar nəsə iş görməmişdən qabaq işlə bağlı məndən soruşurdular ki, necə olacaq, nə cür olacaq? Mən hətta müəyyən xəstəliyi olan insanları da sağaltmışam, bu gün də sağaldıram ki, onlar bunu neçə illərlə tibbi yolla edə bilməmişdilər. Onu da deyim ki, mən quşların, heyvanların, bitkilərin və ümumiyyətlə, nə qədər canlı varsa onların, belə desək, dillərini, fikirlərini,  nə demək istədiklərini də duya bilirəm, oxuya bilirəm.

- Bu fikirlərinizlə bağlı elm adamları ilə diskussiyanız olubmu? Necə qarşılayıblar?

- Heç kimə məlum olmayan müəmmalarla dolu dünyanın sirlərini insanlara danışaraq başa salmaq çox çətindir. Onsuz da, başa düşmürlər və bəzən də elə bil, sanki, qəsdlə başa düşmək istəmirlər. Həm də mən fikirlərimi daha çox yazanda başa sala bilirəm, danışanda qarışdırıram. Amma keçən il Bakıya gedərkən oradakı dostlarım universitetlərdə çalışan alimlərdən Aydın müəllimlə, Yusif müəllimlə, Əsgər müəllimlə məni görüşdürdülər. Alimlər məni dinlədikdən sonra mənim psixoloji testimi apardılar və anormal bir hal tapmayaraq fikirlərimdəki həqiqəti tuta bilmək üçün hələ insan ağlının bu dərəcədə dərin olmadığını dedilər. Oradakı psixoloji testin cavabını həmin alimlər mənə yazıb verdilər, mən də olduğu kimi sizə təqdim edirəm: - Bu insan qeyri-adi xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlər daxilində də bu insan öyrənilməlidir. Təbiətin gözəgörünməz hadisələrinin öyrənilməsində onun iddia etdiyi prinsiplər lazım ola bilər. Bundan başqa kainatın yaranması ilə əlaqədar olan fikirlərinə görə onu qeyri-adekvat insanlar qrupuna aid etmək olmaz. O, işgüzardır, dözümlü və təmkinlidir, açıq nitqi var və dediklərini tam izah etməyincə, başqa mətləbə keçmir. Normadan artıq siqaret qəbul etsə də, içki qəbul etmir. Maraqlı insan olduğundan, yaxşı olardı ki, müxtəlif ixtisas sahələrindən olan mütəxəssislər qrupu yaradılsın və bu insanın malik olduğu qeyri-adi xususiyyətlər haqqında fikirlər aşağıdakı istiqamətdə öyrənilsin: a) diaqnostik; b) Yer kürəsində gələcəkdə olacaq hadisələrlə bağlı baxışlar; c) paralel dünyada və bizim dünyamızda onun olma ehtimalları; d) bu fenomen insanın öyrənilməsi üçün psixoloq, kimyaçı, astronom, bioloq, geoloq və teoloq mütəxəssilərlə əlaqə vacibdir.

Amma mən özüm də hiss edirdim ki, alimlər məni başa düşməyə böyük həvəslə çalışsalar da, nədəsə dirənirdilər, anlaya bilmirdilər.

- Yaradılışla bağlı fərqli fikirlərə daha çox dini kəsim sərt reaksiya verir. Dindarların münasibəti hansı formadadır sizin mülahizələrə? Allahın Quran vasitəsilə buyurduqlarını siz özünüz necə qəbul edirsiz?

- Mən, ümumiyyətlə, oturuşmuş, illərlə formalaşmış fikirlərilə 100% razı deyiləm. Çünki Quranda ayələrin açıqlanaraq düzgün başa salınması yoxdur. Yəqin ki, mənim müsahibəmi oxuyan oxucuda mənə qarşı tənqidi suallar yarana bilər. Amma gəlin görək o adamın Quran kitabından xəbəri varmı? Elə o da ağlına gələni deyir. Mən bəri başdan deyirəm, mən o kitabı ya görməmişəm, ya da oxumamışam. Müqəddəs Peyğəmbərimizə hər şey yuxarıdan, ulduzlardan əmr olunub ki, insanların normal çoxalması və artması üçün düzgün yol göstərsin. Din sözünün mənası açıqlanmayan və açıqlanması olmayan xəbərlər, məlumatlar deməkdir. O dindən, yəni məlumatlardan bir xəbəri olmayan insan din haqqında bir başqasını necə başa sala bilər? Ona görə də mən din adamları ilə özümlə bağlı həmsöhbət olmamışam. Göndərilən məlumatlardan xəbəri olmayaraq naməlum deyilənlərə qulluq edən, itaət edən insanlları mən düzgün qəbul etmirəm. Qatığın ağ olduğunu eşidiblər, amma qatığın dadını, özünü görməmisənsə, necə əmələ gəldiyini bilmirsənsə, onu necə özündən sonra gələn nəsilə ötürə, bildirə bilərsən? Demək siz özünüzdən sonrakı nəsli yalançılığa vadar edirsiz. Bəlkə sizə alma verib deyəcəklər ki, bu qatıqdır, siz ona inanacaqsızmı?

Allah Peyğəmbər vasitəsilə insanlara yaşamağın yolunu öyrədib, başa salıblar. Peyğəmbərin öz zamanındakı tərbiyəsini, əxlaqını, yolunu mən düzgün qəbul edirəm. Amma heç kim bilmir ki, Məhəmməd Peyğəmbər öz müqəddəs peyğəmbərliyini artıq üç ildir ki, təhvil verib. Onun dininin gücü və təsiri yoxdur daha. Onun yazdıqlarına və dediklərinə heç kim daha əməl etmir. İndi isə sondur.

Bir də ki, din adamları ilə danışmaq çox böyük bir problemdir. Çünki onların beyninə bu dini məsələləri elə yeridiblər ki, başqa heç nə düşünmək istəmirlər.

- Sondur deyirsiniz, buna hansı anlam yükləyək? Dünyanın sonudur, yəni?

- Hər bir adam etdiyi günahların qazancını götürür. İndi isə rusun tilsimkar peyğəmbəri gəlir. Qısası dinozavrların, əjdahaların dövrü gəlir. Torpaq yaranışda hansı şəkildə olubsa, Yer kürəsi 2021-ci ildə yenə də o şəkilə düşəcək. Eynilə yeni prezident seçiləndən sonra bir neçə vaxt özünə ətraf, tərəf, inandığı adamlardan ibarət komanda yığıdığı kimi, indi rusların peyğəmbəri də o dünyada Ay və ulduzlar ətrafında öz işlərini görür. Öz işləri görülüb qurtarandan sonra axrıncı bir işi qalır: Yer kürəsini dağıdaraq tilsimkar peyğəmbərlərini oradan çıxardaraq xalqa təqdim etmək. Bu da 2021-ci ildə olacaq. Bu müddətə qədər də rusun Allahı elə edəcək ki, bütün rusları özgə torpaqlardan öz torpaqlarına qovsunlar. Çünki Yer kürəsi dağılarkən rus torpaqlarının və ona bitişik yaxın ərazilərin 70%-i dağılmayacaq. 65% rus xalqı sağ qalacaq. Yer kürəsində isə 10-15% adam sağ qalacaq.

Mən rus xalqının nə müdafiəsi üçün, nə də o xalqı sevdiyim üçün demirəm bunları. Bəli, mən özüm Rusiya vətəndaşıyam, Vahid Rusiya Partiyasının üzvüyəm, deputat köməkçisiyəm. Mənim rus mədəniyyətinə, xalqına böyük hörmətim var. Amma mən azərbaycanlıyam, mən öz yurdumu daha çox sevirəm, yurduma daha çox bağlıyam. Məni ən çox öz vətənimizin taleyi maraqlandrır.

- Bakının altında olan əjdaha yuvalarını açılacağı və bir çox ərazilərin torpağın altında qalacağı kimi iddianız da var...

- Yerdə əjdahaların axırıncı yaşayış yeri Bakı və Bakı ətrafı, Xəzər dənizinin dibi olub. Bəlkə də heç kimə məlum deyil ki, Bakıdakı Qız qalası nədir. Bu Qız qalası da həmin əjdahalardan qorunmaq üçün tikilmiş tələ formalı qaladır.

- Yerin daxilində əjdahaların mövcudluğunu iddia edirsiniz. Hətta onlarla müxtəlif formalarda irtibatlarınızın olduğunu deyirsiniz. Hansı formada olur bu əlaqə, necə anlaşırsınız?

- Mən Yerin nüvəsindəki əjdahanı görəndə ikimiz bir can oluruq. Bilmirəm  necə başa salım? Bir-birindən aralı iki ocaq yanır, tüstüsü isə yuxarı qalxaraq göydə birləşir. Bax mən onunla elə görüşürəm.

Yaranışda kainatda cəmi 12 erkək olub, bir də dişi. Bütün canlılar növbə ilə bu dişidən törəyiblər. Bu növbə isə dəqiq deyə bilmərəm ya 100 min il olub, ya da ki çox, məlum deyil.

Ulduzlar da 12 şəhərə bölünüb. Hər bir ulduzlar şəhəri bir erkəyə məxsusdur. Hər bir ulduzda bir erkəkdən yarananlar (bir nəsil) yaşayır. Bir ulduzlar şəhəri bir dindir.

- Belə çıxır 12 dinin olduğu qənaətindəsiniz?

- Yer kürəsində cəmi 12 din olmalıdır. Onlardan ingilislərin dini ilan dinidir. Onlar ilandan törəyiblər, ruslar odlu qığılcımlı akuladan, çinlilər isə qurbağadan törəyiblər.

Hər bir dinin (12) qəti olaraq bir qanunu var. Amma hər ulduzda yaşayanların özünə məxsus adət-ənənələri var. Hansı ulduzun torpağında yaşayırsansa, o torpaqda bitənlərdən yeyirsən və ulduzda yaşayanların xasiyyəti və adəti insanlara keçir. Məsələn, dişin ağrıyırsa, hansısa otu yeyirsən ağrı kəsilir. Hansısa yerin ağrıyırsa, təbabətdən istifadə edirsən sağalırsan. Bunlar hamısı uzun illər boyu praktikadan əmələ gəlib. Bir neçə dəfə təcrübədən keçirəndən sonra alimlər və fiziklər bir-birinin işinə baxaraq oxşar işlər yaradıblar.

O vaxtı insanlar indiki kimi bir yerə yığılaraq sıx şəkildə yaşamayıblar. Əgər hansısa ulduzdan çox torpaq gəlibsə, orada çox canlı yaşayırdı.

Hər torpağın da bir peyğəmbəri, bir ağsaqqalı, yol göstərəni, tərbiyə edəni olub. Peyğəmbər sözünün mənası o dünyanın dilində hey qəmli qışqıran: onu elə eləmə, düz dur, çörəyin hamısını yemə, o birisinə də qalsın, çətin günlər üçün işləmək lazımdır deyən bir böyük deməkdir. Onlar insanlara qeyri-ciddi, şən söz danışmayıb, ancaq hamıya iş yonu öyrədib. Peyğəmbərimiz hərəyə özünə yetən yük yükləyib. Mənim mülahizəmə uyğun olaraq elm sözünün mənası küləyim deməkdir. Yəni ulduzlardan gələn külək vasitəsilə hansısa bir iş insanın bədənində olan ruhuna qonur və o dəqiqə insan başlayır o işi görməyə, ya da yaratmağa. Alimlərin yanaşması doğrudur. Çünki onlar yaranışı elm ilə izah edirlər. Bəli, biz küləkdən yaranmışıq. O küləyi Allahın göstərişi ilə peyğəmbər sənə göndərib ki, sən o yükü çəkə biləcəyin qədər götürəcəksən. Bu işləri Allah etmir, peyğəmbərə tapşırır, o da hərənin gücünə görə paylayır görüləsi işləri. Demək təbiətdəki kəşfləri də ortaya çıxardan, insanlara verən peğəmbərdir, əgər o işi üzə çıxarmasaydı, insanlar da onu ortaya çıxardıb alim adı ala bilməzdi.

- Musa müəllim, başqa nə demək istərdiniz?

- Məni bu qədər dərinliklərə aparan fikirlərin ən sirlisi isə 3, 7, 21 ədədləridir... Bütün sirlər buradadır. Mən artıq Günəş anamızla, Ay atamızla bağlı bir çox həqiqətləri də öyrənirəm. Mən Ayın içinə girə bilirəm artıq. Bütün bunlar haqqında da da yeri düşdükcə məlumatlar verməyə çalışacağam...

Fariz
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/501374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR