Terror təhlükəsini önləmək mümkündür(mü?)

Terror təhlükəsini önləmək mümkündür(mü?)
11:17 23 Dekabr 2016
140 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı versiyaların sayı getdikcə artır. Həm Rusiyanın, həm də Türkiyənın siyasi ekspertlərinin və siyasətçilərinin rəylərində üst-üstə düşən başlıca məqam ondan ibarətdir ki, terroru planlaşdıranların məqsədi Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək idi. Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsində maraqlı olan dövlət və güclər bəllidir: ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD, DAİŞ. Buna görə də “Rusiya səfirinin qətli kimlərin maraqlarına uyğun idi” sualı aktuallığını itirmir, “maraqlı tərəf” axtarışı davam edir.
Diqqət yenə də Fətullah Gülənin üzərində çəmləşib. Türkiyə prezident Rəcəb Təyyub Ərdoğan səfiri öldürən polisin məhz Gülən şəbəkəsinə aid olduğunu bildirib. Belə olan halda ABŞ-la bağlı müəyyən şübhələr səsləndirilir. Çünki, Güləni mühafizə edən Amerikadır. 
Səfirin öldürülməsi təyyarə olayında olduğu kimi Rusiya-Türkiyə mənfi təsir etmədi, tam əksinə Ankara Suriya məsələsində Moskva ilə anlaşdı. Rusiya da səfirinin qətlinə soyuqqanlı yanaşdı, Türkiyəni ittiham etmədi. Çünki, hazırki geosiyasi vəziyyətdə Moskva Ankaranı yanında görmək istəyir. Qətldən bir gün sonra Moskvada Türkiyənin xarici işlər və müdafiə naziri ilə çox konstruktiv dialoq aparıldı. Rusiya-Türkiyə yaxınlaşması Vaşinqtonun maraqlarına cavab vermir. Ona görə də səfirin qətlindən sonra bu yaxınlaşmanın daha da güclənəcəyini Amerikadakı mərkəzlər proqnozlaşdıra bilərdilər. Bu baxımdan da ABŞ-dakı mərkəzlər Rusiya səfirinin qətlində maraqlı ola bilməzdilər.
Türkiyə müxtəlif təhlükələrlə üz-üzədir, PKK, YPG, PYD, DAİŞ, Gülən şəbəkəsi – bunların hamısı Türkiyəni hədəf alıb. Ona görə də Türkiyəyə çətindir və hər gün bu ölkədə partlayış və terror aksiyası baş verir, üstəgəl Türkiyə ordusu Suriya ərazisində terrorçularla şiddətli döyüşlərdə iştirak edir. Rusiyanın özü də Suriyaya hərbi müdaxilədən sonra beynəlxalq terrorçuların hədəfi halına gəlib. Son aylarda Moskva və Sankt-Peterburqda Mərkəzi Asiya mənşəli bir neçə qrup terrorçu zərərsizləşdirildi ki, DAİŞ-ə itaət edən bu qüvvələr Rusiyanın böyük şəhərlərində terror planlaşdırırdılar.
Rusiya səfirinin qətlindən sonra DAİŞ bir neçə ölkədə, o cümlədən Rusiyanın Azərbaycandakı səfirliyini hədəf aldığını açıqladı. DAİŞ-in bu “tapşırığı” yerinə yetirmək üçün Bakıya xüsusi dəstə və şəxs göndərməsi problematikdir. Ancaq DAİŞ-in nəsə etmək üçün harasa terrorçu göndərməsi də vacib deyil. Həmin dövlətlərdə verilən tapşırğı yerinə yetirməyi arzulayan şəxs və ya şəxslər də tapıla bilər. Fransa və Almaniyadakı baş verən son terror aksiyaları da bundan xəbər verir. Bir sıra hallarda terror aksiyalarını planlaşdıran şəxs və şəxslər nə Suriya və İraqda olub, nə DAİŞ-lə birbaşa əlaqəsi var, təşkilata olan rəğbət hissi və “yuxarından verilmiş əmr” onu və ya onları cinayətə sürükləyir. Belələrin bu haqda düşünməyə başlamaları belə qorxunca terror planının hərəkətə gətirilməsi deməkdir. DAİŞ də məhz uzaq məsafələrdə beyinlərdə cızılan planlara arxayındır. Bunu biz də nəzərə almalıyıq.
Birincisi, Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirmək və mümkün təhlükənin hardan gələ biləcəyini müəyyənləşdirmək lazımdır.
İkincisi, əhalinin diqqətli olmasıdır, vətəndaşlar şübhə dorğuran hallar haqqında dərhal hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.
Üçüncüsü, keçmiş illərdə Azərbaycan vətəndaşlarının Suriya və İraqda savaşa yollanması səbəbləri diqqətlə araşdırmalıdır.
Müxtəlif ölkələrdə fərqli qruplar var ki, onlar dünyəvi Azərbaycanın daxili və xarici siyasətindən narazıdırlar və Azərbaycanı içəridən qarışdırmaq üçün istənilən plan tərtib edə bilərlər. Məsələn, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri bir çox radikal islamçı qrupun və onların dəstəkçilərinin xoşuna gəlmədi. Ona görə də mümkün narazı qrupların Azərbaycana müdaxilə imkanlarını neytrallaşdırması məsələsi aktuallaşır.
“Atlas” Araşdırmalar Mərkəzi

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/terror-tehlukesini-onlemek-mumkundur-mu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR