Hər qol vuran Vəli olmaz...

Hər qol vuran Vəli olmaz...
12:37 23 Dekabr 2016
144 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya çempionatında qol hesabını açan Emin Mahmudov bu ölkənin güclülər dəstəsində bunu bacaran ikinci futbolçumuz olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Nasional"la səfər oyunundakı qolla 2:0 hesablı qələbədə pay sahibi olan təmsilçimiz Vəli Qasımovun uğurunu təkrarlayıb.

Düzdür, Gəncə futbolunun yetirməsi olan Qasımovdan fərqli, Emin milliləşən oyunçudur. Rusiya futbolunun yetirməsi ilə heç də tam öyünmək olmur. "Milliləşən" ifadəsi bəzən düzgün başa düşülməsə də, əslində bu, vətəndaşlığını dəyişənlərə - Pavel Paşayev, Ramil Şeydayev və Emin Mahmudov kimilərə deyilir.
 
Milliləşən olsa da, yığmamızın ikinci üzvüdür ki, Portuqaliyada qol vurmaqla 16-cı uğurumuzun müəllifi kimi tarixə düşüb.
 
Çünki milliləşən rusiyalı qol hesabını indi açıbsa, Qasımov 15 dəfə rəqib qapılarına yol tapıb. O, bunu "Setubal"ın heyətində gerçəkləşdirib.
 
1997/98 mövsümündə bu kluba keçən futbolçumuz 1997-ci il avqustun 31-də azərbaycanlıların Portuqaliyada ilk qolunu vurub. Özü də gözəl cərimə zərbəsi ilə "Benfika" üzərində qələbə qoluna imza atıb - 1:0.
 
Həmin mövsüm 11 dəfə fərqlənən Qasımov "Salqeyruş", "Maritimo", "Çaves" və "Varzim"ə də 1 qol vurub.  "Kampomayorense" ilə hər görüşdə rəqib qapısına yol tapan həmyerlimiz "Leça"ya qənim kəsilib. Hər iki qarşılaşmada dubla sevinən Qasımov bu rəqibə ümumilikdə 4 qol vurub.
 
Növbəti mövsümdə 4 qol vuran hücumçumuz "Leyriya", "Maritimo" və "Alverka"nı məyus edib. Onun Portuqaliyanın yüksək liqasındakı son qolu isə 1999-cu il martın 19-na təsadüf edib. Həmin gün Qasımov bu ölkənin çempionatında qol sayını 15-ə çatdırıb.
 
Maraqlıdır ki, o, bunu "Boavişta" ilə görüşdə rəsmiləşdirib. Həmin "Boavişta" ki, təmsilçilərimizin növbəti qolu təxminən 18 il sonra bu klubda vurulub. Bunun üçün 6488 gün gözləmək lazım gəlib.
 
Qeyd edək ki, Qasımov Portuqaliya çempionatında yüksək liqada 45 oyun keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR