XƏBƏRDARLIQ: Azərbaycanın sürüşmə sahələrində gərginlik artıb

XƏBƏRDARLIQ: Azərbaycanın sürüşmə sahələrində gərginlik artıb
12:44 23 Dekabr 2016
161 Digər
Ölkə mətbuatı
A- A+

 

"Payız aylarının həddən artıq rütubətli keçməsi nəticəsində ölkə ərazisində mövcud olan sürüşmə təhlükəli zonalarda vəziyyət gərgin olaraq qalmaqdadır". Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

 

Direktor müavini bildirib ki, temperaturların mənfi və müsbət dərəcə arasında oynaması, süxurların gecə donması, gündüz isə temperaturun müsbət hala keçməsi sürüşmə sahələrindəki intensivliyi daha da artırıb. Onun sözlərinə görə, xüsusi sürüşmə təhlükəli zonalar Böyük Qafqazın cənub-şərq hissəsində, yəni İsmayıllı, Ağsu, Şamaxı Qobustan, o cümlədən Xızı, Siyəzən rayonlarındadır.

 

E.Əlizadə vurğulayıb ki, Şamaxıda həm əvvəldən mövcud olan sürüşmə sahələrində, həm də Şamaxı şəhərinin özündə, İsmayıllı rayonunda isə Basqal, İstisu və Buynuz kəndlərində intensiv sürüşmə hadisələri müşahidə olunur. Şamaxı şəhəri, rayonun Muğanlı, Mədrəsə kəndləri, Qobustanın Poladlı kəndi və digər ərazilərdə sürüşmə təsərrüfatlara və evlərə ciddi ziyan verməkdədir: “İsmayıllının İstisu, Buynuz, Çaydərəsi zonasında, Girdimançay dərəsi və ona yaxın olan kəndlərdə, Basqal, Sulut və ona yaxın kəndlərdə, Xızı rayonu ərazisində Altıağac-Xızı yolu və ona yaxın olan kəndlərdə olan sürüşmə səbəbindən təsərrüfatlara, evlərə və yollara böyük ziyan dəyir. Gərginlik Qubada, Qusarın Ləzə kəndi və ona yaxın olan kəndlərdə də qalmaqdadır”.

 

E.Əlizadə əlavə edib ki, Bakıda da mövcud sürüşmə sahələrində aktivlik və gərginlik müşahidə olunmaqdadır. Onun sözlərinə görə, Zığ qəsəbəsində, Masazırda isə qəbiristanlıq və onun ətrafında olan sürüşmə sahələrində vəziyyət gərgindir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR