Klublar Komitəsinin yeni sədri hakimləri hədəfə aldı

Klublar Komitəsinin yeni sədri hakimləri hədəfə aldı
13:17 23 Dekabr 2016
16 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün keçirilən AFFA Klublar Komitəsinin iclasında “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev yeni sədr seçilib. Quliyev toplantıdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Əvvəlcə yeni sədr seçilməyinizlə bağlı təəssüratlarınızı bölüşərdiniz?

- Həmkarlarıma “çox sağ ol” demək istəyirəm. Məsuliyyətli işdi. Onların etimadını doğrultmaq üçün əlimdən gələn hər şeyi edəcəm. Klublar Komitəsi çox faydalı qurumdu, klubların problemlərini müzakirə etmək üçün bir tribunadı. Təbii ki, biz icra orqanı deyilik. Amma tövsiyə xarakterli təkliflər, müəyyən tövsiyələr vermişik. İki il ərzində effektli iş qurulub. Məsələn, bu ilin yayında legionerlərin ödənişi və cərimələrin ödənişi ilə bağlı təkliflər vermişdik, AFFA İcraiyyə Komitəsi səviyyəsində də bu, qəbul olunub. İnanırıq ki, gələcəkdə də işimiz faydalı olacaq, klubların problemləri açıq-aydın görünəcək, bu barədə söhbətlər aparılacaq, bunların aradan qaldırılması üçün də müzakirələr olacaq. Bu məsələlərə AFFA İcraiyyə Komitəsində baxılması üçün cəhdlər edəcəyik.

 

- Tuyqun Nadirovun sədrliyi dövründə “Xəzər Lənkəran” fəaliyyətini dayandırdı, Fikrət Hüseynov sədr olanda AZAL turnir cədvəlinin sonuncu pilləsinə yuvarlandı. Qorxmursunuz ki, bu amil “Sumqayıt”a da öz təsirini göstərə bilər?

- Yaxşı zarafatdı. İnanmaq istərdik ki, biz o tilsimi qıra bilərik. Hazırda Topaz Premyer Liqasında olan klubların sayı çox azdı. İnanırıq ki, gələcəkdə klubların sayı artacaq və daha çox həmkar bizimlə müzakirələrə qatılacaq. Əvvəla deyim ki, mən burda “Sumqayıt”ı təmsil edirəmsə, o demək deyil ki, ancaq bu komandanın məsələlərinə baxılacaq. Seçkilər tam şəffaf şəkildə keçirilir. Böyük ehtimalla, gələn il də başqa bir yeni rəhbər olacaq. Bu vəzifə mənim üzərimə müəyyən qədər məsuliyyət qoyur. Bu da təkcə “Sumqayıt”ın yox, digər klubların da problemini müzakirə edib, aradan qaldırmaqdı.

 

- Fikrət Hüseynov qeyd etdi ki, bu gün ən çox müzakirə olunan məsələ hakimlik olub. 8 klubdan 7-si hakimlərdən narazıdı. Bu məsələnin növbəti iclasda gündəmə gəlməsi, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun dəvəti gözlənilirmi?

- Klublar Komitəsinin sisteminə uyğun olaraq, bütün məsələlər müzakirə olunduqdan sonra tövsiyə xarakterli protokol, müraciət hazırlanır. Bu gün müraciət şəklində sənəd hazırlamamışıq. Təbii ki, hakimlərlə bağlı məsələ 7 yox, 8 klubun hamısını narahat edir. Amma hakimliyin hazırkı durumu o qədər də acınacaqlı deyil. Gənc hakimlər artıq Avropada yeni rütbələr alırlar. İstərdik ki, onların aldıqları rütbə və təcrübə sayəsində Premyer Liqa və I diviziondakı hakimlik problemini həll olunsun. Yəqin ki, bu barədə gələcəkdə müzakirələrimiz olacaq. Formalaşmış şəkildə təklif hazırlamaq gündəmimizdə deyil. Amma müzakirə ərzində əgər belə bir təklif olsa, Xaqani müəllimi dəvət edə bilərik. İndi yalnız ili bağladıq. Müəyyən narazılıqlar olub. Amma bu, demək olar ki, hər dəfə olur.

 

- Klubların hamısı hakimlikdən narazıdısa, necə acınacaqlı deyil?

- Əgər hakimlərimiz təhsil almasalar, öz təhsilləri üzərində işləməsələr, toplanışlara getməsələr, beynəlxalq səviyyədə görüşlərə təyinat almasalar vəziyyət acınacaqlı olar. Əliyar Ağayev bu il U-19-lar arasında Avropa çempionatının final matçını idarə edib. Avropa Liqası oyunları səviyyəsində hakimlərimiz var. Klublar səviyyəsində əvvəl “Neftçi” güclü idi, indi “Qarabağ” və “Qəbələ”. Digər klublar da onlara oxşamaq istəyirlər. Çünki onların müəyyən bir səviyyəsi var. Bu gün Əliyar Ağayev Avropada özünə yer tapıbsa, inanıram ki, digər hakimlər də onun yolunu davam etmək istəyirlər. Acınacaqlı deyil, amma çatışmazlıqlar var.

 

- “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov AFFA Hakimlər Komitəsinə əcnəbi mütəxəssisin dəvət olunmasını qeyd edib. Klublar onun bu ideyasını dəstəklədimi?

- AFFA-nın praktikası var. Milli komandamızın baş məşqçisi əvvəl də əcnəbi olub, indi də əcnəbidi. Söhbət komitə rəhbərinin seçilməsindən, ora hansısa bir adamın təyin olunmasından getmir. Xaqani Məmmədov hazırda komitə sədridi. İndi hansısa namizəddən danışmağım qeyri-etik olar. Onun hazırkı durumu da sual altında deyil. Əgər nə vaxtsa belə vəziyyət yaransa, onda bu məsələni müzakirə edə, namizədlərdən danışa bilərik. Ancaq indi bu barədə müzakirə aparmağım doğru olmaz.(Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-klublar-komitsinin-yeni-sdri-hakimlri-hdf-ald-t55111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR