x
Loading...

İtaliya banklarını milliləşdirir

İtaliya banklarını milliləşdirir
14:32 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

Bakı. 23 dekabr. REPORT.AZ/ İtaliyanın 4 kommersiya bankı milliləşdirilə bilər. "Report"un "Gazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, milliləşdirilməsi ehtimal olunan bankların siyahısında ilk namizəd sayılan "Monte dei Paschi di Siena" likvidliyinin tükəndiyini və kapitalını artırmaq üçün investor cəlb edə bilmədiyini bildirib. Belə ki, Bank kapitalının artırılması üçün minimum zəruri olan 5 mlrd. avro vəsaiti təmin edə bilməyib. Onun son ümidi olan Qətər İnvestisiya Fondu isə bu anlaşmadan imtina edib. "Bloomberg" agentliyi qeyd edib ki, artıq yaxın zamanda bu bankın milliləşdirilməsi prosesi başlaya bilər. Xatırladaq ki, "Monte dei Paschi" artıq dəfələrlə yardım alsa da, maliyyə vəziyyətini düzəldə bilməyib. 2009-cu ildən etibarən Bank 4 mlrd. avro həcmində dövlət yardımı və investorlardan 8 mlrd. avro vəsait qəbul edib.
Dekabrın 19-da "Atlante" investisiya fondunu idarə edən "Quaestio" şirkəti Bankın problemli kreditlərinin 1,5 mlrd. avroluq hissəsini almağa razılaşıb. Dekabrın 21-də isə Bank bildirib ki, onun 10,6 mlrd. avro həcmində olan likvidliyi 11 ay deyil, cəmi 4 aya kifayət edəcək. Bu xəbərin açıqlanmasından sonra Bankın səhmləri 19% ucuzlaşıb. Ümumiyyətlə, Bankın səhmləri il ərzində 87% dəyərdən düşüb.
"Monte dei Paschi"dən başqa İtaliyanın nəhəng "Unicredit" bankında da problemlər yaranıb. Belə ki, bu bank 18 mlrd. avro həcmində problemli kreditlərinin satışı öncəsi 8 mlrd. avroya ehtiyacı olduğu bildirilib. Bundan başqa, İtaliyanın "İntesa" bankının 7 mlrd., "Banco BMP"-nin isə 6 mlrd. avroya ehtiyacı olduğu açıqlanıb. Qeyd edək ki, "Unicredit Group" Türkiyənin "Yapı Kredi Bank"ında əsas səhmdar olan "Koç Maliyyə Xidmətləri" şirkətinin ortağıdır. Azərbaycanda da fəaliyyət göstərən "YapıKredi Bank Azərbaycan" isə öz növbəsində "Unicredit" və "Yapı Kredi Bank" banklarının törəmə bankıdır.
Beləliklə, İtaliyanın bank sisteminin vəziyyəti hökumətin ehtimal etdiyindən daha pis ola biləcəyi ortaya çıxıb. "Bloomberg" agentliyinin məlumatına görə, hökumət parlamentə 20 mlrd. avro həcmində bank sektorunun sağlamlaşdırma planını təqdim edib. Analitiklər isə problemli kreditlər üzrə 75% və digər kateqoriyada olan kreditlərə görə ehtiyatların 40% artırılması üçün bundan 2 dəfə çox vəsaitin lazım olacağını hesablayıblar. Qeyd edək ki, iyun ayının sonuna İtaliya banklarının problemli kreditləri toplam 356 mlrd. avro təşkil edib və buna ayrılan ehtiyatlar cəmi 165 mlrd. avro təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-taliya-banklarini-millilesdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR