“Burnumdan qan açıldı, dedi, yediyin haramlardı” – XATİRƏ

“Burnumdan qan açıldı, dedi, yediyin haramlardı” – XATİRƏ
14:49 23 Dekabr 2016
78 Digər
Ölkə mətbuatı
A- A+

 

Ötən əsrin 70-80-cı illər ədəbi nəsilləri arasında bir fenomen də varmış: Vidadi Məmmədov. Yaradıcı adamlar Vidadi ilə tanış olmağa can atar, onunla bir məclisdə olmağı özlərinə fəxr sayarmış. Zəif yazıçı-şairlər bu söz sərrafından çəkinər, onun aforizmlərinə mövzu olmaqdan qorxarmış. Ətrafındakı yazıçılara mövzu verər, şairlərə düzgün istiqamət götürməyi öyrədər, ədəbi tənqidin şifahi formasına şahlıq edərmiş. İştirak elədiyi məclislərdə danışdığı söhbətləri, baməzə hərəkətləri ağızdan-ağıza keçərək dərhal Bakıya yayılar, ədəbi kuluarları dolaşarmış. Onun hekayə biçimində danışdığı əhvalatları dinləyən dostlar “Vidadi, bunları niyə yazmırsan?” soruşanda, “bir gün oturub hamısını yazacam” deyərmiş. Lakin bütün həyatı boyu söz adamlarının arasında, ədəbiyyatın içində qaynayan bu adam cəmisi üç hekayə yazıb dünyanı tərk edir.

Bugünlərdə Vidadi Məmmədovu yad eləmək üçün onun yaxın dostu, yazıçı Vaqif Nəsiblə söhbətləşdim.

- Vaqif müəllim, sizcə, Vidadi niyə yazmırdı?

- Vidadi danışdığı hadisələri bədii obrazlarla dolduraraq o qədər maraqlı danışırdı, sanki əsər oxuyurdun. Deyirdin, kaş bunları oturub yazaydı. Mən də bir neçə dəfə ona yazmağı təkid eləmişdim. Söz versə də, baxırdım ki, hekayələrini danışıb canını qurtarmaqla vəzifəsini bitmiş hesab eləyir. Ona görə sonralar yazmaq haqda ona heç nə demədim. Onun stili yalnız danışmaq idi.

- Deyilənə görə Vidadi həm çox içirmiş, həm də qumarbaz imiş.

- İçməyinə, elə hamımız kimi içirdi. Ancaq  hər içki məclisində maraqlı süjetlər qurub sərgüzəşt yaradır, bununla dillərə düşürdü. Eşidənlər də elə bilirdi, Vidadi hər gün içir. O, bir vaxtlar “Ulduz” jurnalının, sonra “Ədəbiyyat və incəsənət” qəzetinin publisistika şöbəsinə rəhbərlik edib. Ancaq tam ali təhsili yox idi, Universitetin jurnalistika fakültəsindən qovulmuşdu. Həmişə az maaşa işləyir, sıxıntı içərisində yaşayırdı.

- Onunla tez-tez görüşürdünüz?

- Adətən, axşamlar işdən çıxana yaxın zəng eləyirdi, görüşürdük. O, “Ədəbiyyat və incəsənət”də işləyəndə mən “Gənclik” nəşriyatında şöbə müdiri idim. Çox darıxan adam idi. Pulu olanda deyirdi, bu qədər pulum var, gedək oturaq. Olmayanda deyirdi, bir qonaqlıq təşkil elə. Pul az olanda deyirdi, sən canın, Məcnun başına vəhşi heyvanları yığan kimi, başına çox adam yığma.

- Bəs, qumarı necə oynayırdı?

- Yaxşı oynaya bilmirdi, əksər vaxtlar uduzurdu. Onun üçün qumar bəhanə idi. Təki məclis olsun, darıxmasın, dostlarla əylənsin, deyib-gülsün, məzələnsin.

- Qumarda da məzələnirdi?

- Bəs nədi? Bir dostumuz vardı - həkim - dostlar arasında çox məşhur adam idi. Hamımız adına “Doktor” deyirdik. Sabir Sadiq imzasıyla şeirlər yazırdı. Çox sadəlövh və saf adam idi. Tək yaşadığına görə qumar üçün hamımız onun evinə yığışırdıq. O yazığın başına Vidadi min oyun açırdı. Hər şeyi maraqlı elədiyinə görə Vidadinin zarafatlarından hamı kimi, Doktor da incimirdi. Doktor eşidəndə ki Vidadi gələcək, qumar məclisinə yemək-içmək də əlavə eləyirdi. Bir dəfə dediyim gecə yığıncaqlarının birində Doktor öz otağına yatmağa keçdi.  Aradan biraz keçmiş, Vidadi bütün pullarını uduzdu. Heç kim ona borc  vermirdi. Artıq mən də uduzurdum. Vidadi biraz kənarda oturduqdan sonra gəlib qulağıma dedi, Doktorun pullarının yerini bilirəm, gəlsənə oğurlayım, oyuna səninlə əlbir girək. Bilirdim, razılaşmasam da dediyini eləyəcək. Dedim, get gör neynirsən. Vidadi Doktorun şkafını nə yollasa açaraq ordan dörd dənə iyirmibeşlik pul götürüb gəldi. Əllisini mənə verdi, əllisini də özünə götürdü, şərik oynamağa başladıq. Biraz keçmiş, o pulları da uduzduq. Qumarın şirin yerində Vidadi yenə qulağıma dedi, Doktorun pulunun üstündən yenə götürəcəm. Dedim, ta keçib, götür. Yenə yüz manat götürüb gəldi. Oyuna başladıq. Bu dəfə xeyli pul udduq. Doktorun pullarını da sayıb yerinə qoyduq. Birazdan Doktor oyanıb əl-üzünü yudu və bizə qoşulmaq üçün pul şkafını açdı. Baxdı ki, iyirmibeşliklərin yerində başqa pullar var. Dərhal Vidadinin üstünə cumdu ki, mənim pullarım axı, üçlük-beşlik yox, iyirmibeşliklər idi! Həqiqətən, biz səhvən onun pullarını başqa kupyurda qoymuşduq. Vidadi onun üstünə dirəndi ki, Doktor, az iç, səndə hallisünasiya gedir, artıq Ağabəylik olmusan. Beləcə, yazığın boynuna qoydu ki, kişinin başı xarab olub.

- Eşitmişəm, bir dəfə Vidadi Bərdədə olanda getdiyi maşının aynasını aşağı salaraq küçəyə 10 manat atıb və deyib, qoy, bir kasıb uşaq tapıb sevinsin. Onun belə ürəyi də varmış.

- Həə, Vidadidə belə jestlər olurdu.

- Vaqif müəllim, Vidadi Bərdədən idi?

- Yox, o, əslən Cəbrayıllı idi. Yetim uşaq olub, Füzuli rayonunun bazarında xırda alverlə güzəran keçirirmiş. Orta məktəbi Bərdədə oxuyub, orda da bir qıza vurulubmuş. Hərdən həmin ilk məhəbbətindən bizə danışırdı.

- Deməli, həmin 10 manat məsələsində öz uşaqlığı yadına düşübmüş. Yəqin, uşaqlıqda elə pulların həsrətini çox çəkibmiş.

- Hə, çox kasıb ailədə böyümüşdü. Gəncliyini də Gəncədə keçirmişdi. Uşaqlıq xatirələrini danışırdı, kədərli, baməzə əhvalatlar idi. Onun ölümündən sonra mən “Vidadi Məmmədovun yazmadığı hekayələr” adında beş hekayə yazmışam. Hə, anası Gəncə yetimxanasında aşbaz işləyirmiş. Vidadini də orda böyüyən yetim, kimsəsiz bir erməni qızı ilə evləndirmişdilər. Qız ermənicə bilmirdi, azərbaycanlılaşmışdı, bir müddət “Qobustan” jurnalında makinaçı işlədi.

- Eşitmişəm, hərdən dostlar deyəndə ki, arvadın ermənidi...

- Hə, gülüb deyirdi, guya erməni qızını xoşbəxt-zad eləmişəm? Hərəyə bir erməni bədbəxt eləməliyik, mən payıma düşəni eləmişəm.

- Bəs, bir dost kimi sizinlə məzələndiyi olurdumu?

- Çooox! Bir dəfə xəstələnmişdim, işə çıxmırdım. İstirahət günü səhər-səhər Vidadi evə zəng elədi ki, gəlirəm səni sağaltmağa, ancaq qorxuram xəstəliyin mənə keçə, ona görə mütləq dezinfeksiya eləməliyəm,  içməyə nəyin var? Dedim, gəl, bir zoğal arağım var. Gəldi bizə. Qalxıb əl-üzümü yuyanda burnumdan qan açıldı. Baxıb dedi, yeyib-içdiyin haramlardı, indi burnundan gəlir. Guya məni sağaltmağa gəlmişdi.

- Zoğal arağını da içdi?

- Həə, arağı, demək olar, təkcə içdi, ancaq heç dəmləşməmişdi. Durub gedəndən sonra yolda avtomat telefondan zəng eləyib dedi, sənin arağın çoban iti kimi imiş, adamı evdə tutmur, çöldə tuturmuş.

Bir dəfə də zəng elədi ki, imkanlı adam var, kitab çap elətdirmək istəyir, sizi  tanış eləyəcəm, özü də səni  tərifləyəcəm ki, babat pul buraxsın. Gəldilər, görüşdük. Vidadi məni həmin adama təqdim eləyəndə dedi, bunun tamahı Həzrət Abbasın qılıncından itidi. Həmin görüşdən sonra adam mənə yaxın gəlmədi. Dedim, a Vidadi, niyə elə deyib kişini qorxutdun? Dedi, ayə, nə bilim, elə bildim belədə daha çox pul verəcək.

- Eşitmişəm, Doktorun başına daha çox oyun açırmış.

- Əşi, Doktorla Vidadinin əhvalatı söylədikcə qurtarmır. Bir dəfə toya gedirdik. Abbas Abdullanın bacısıoğlu Arif Acalın toyudu. Abbas Abdulla da toybabasıdı. Vidadi ilə mənim toya yazdırmağa pulumuz yox idi. Nadir Cabbarzadə hardansa əlli manat tapdı, mənə dedi, hərəmizə iyirmibeş manat yazdırarıq. Abbas “Ulduz”un baş redaktoru olduğuna görə Doktor jurnalda şeirlərini çap elətdirmək ümidilə toya yüz manat yazdırmaq istəyir. Vidadi Doktoru dilə tutdu ki, Abbas mənim sözümdən çıxmır, haçan istəsən səni çap elətdirəcəm, gəl biz də sənin pulunu bölüb əlli-əlli yazdıraq. Uzun mübahisədən sonra Doktorun ürəyi yumşaldı. Toyda Doktor irəli çıxıb uzun sağlıq dedi, öz şeirlərindən oxudu, oyun havası çaldırıb oynadı. Stola qayıdanda Vidadi dedi, Doktor, məni hamı kasıb adam kimi tanıyır, ver o pulu ikimizin adına mən yazdırım, qoy görsünlər ki, mənim də cibimdən yüzlük çıxır. Doktor yazdırmağa onunla bir yerdə getmək şərtilə razılaşdı. Vidadi Doktorun yanında nəmər yazana belə dedi, yaz, Vidadi Sabir – yüz manat. O da yazdı. Sən demə, Vidadi bundan sonra xəlvətcə gedib pulyazana deyib ki, şair adamam, bayaq coşub təxəllüsümü də yazdırmışdım, yekəxanalıq çıxmasın deyə, ordan Sabir sözünü sil. O da silib, qalıb təkcə Vidadinin adı. Toydan bir neçə gün sonra Abbası gördüm, mənə dedi, ayə, o Doktor nə arsız adam imiş, toyda ortalıqdan çıxmırdı, ancaq bir qəpik də pul salmayıb.

- Yəqin, Vidadi Doktorun şeirlərini tərifləyirmiş.

- Bəs nə! Qonaqlıq almağın dərdindən elə tərifləyirdi ki! Doktoru inandırmışdı ki, o Nüsrətdən böyük şairdi. Ona görə bir dəfə Nüsrətin üstünə cumdu ki, sən mənim yanımda zəifsən. Yazığı qızışdırıb dram da yazdırtmışdı. Guya tarixi dram idi. Doktor dramında eyni adamı - Ərəstunla Aristoteli üzləşdirmişdi. Vidadi onu tərifləyib deyirdi, heç Şekspir də bu qələti eləməyib, eyni adamı ayrı-ayrı adlarda üz-üzə gətirmək hər qələm sahibinə qismət olan şey deyil.
Nə isə, Vidadi haqda danışmaqla qurtarası deyil.

- Çox sağolun, Vaqif müəllim.

- Sən də sağol ki, Vidadini yenidən yad elədik.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR