"Səfirin öldürülməsi Türkiyə, Rusiya və Azərbaycan ittifaqının..." - Karlovun azərbaycanlı tərcüməçisi

"Səfirin öldürülməsi Türkiyə, Rusiya və Azərbaycan ittifaqının..." - Karlovun azərbaycanlı tərcüməçisi
17:22 23 Dekabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsdlə öldürülməsi onun regional liderlərlə əməkdaşlığı gücləndirmək üzrə apardığı işlərlə bağlı ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə report-a açıqlamasında Ankarada Tibb Universitetinin doktorantura tələbəsi, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) tərcüməçisi Ramil Səfərov bildirib.
"Sonuncu dəfə Andrey Karlovun görüşünün tərcüməsini noyabrın 23-də Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanın otağında etmişəm. Bu, Türkiyə-Rusiya, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası komissiyalarının, dostluq və əməkdaşlıq təşkilatlarının rəhbərlərinin görüş idi.

Orada üç ölkənin iqtisadiyyat nazirləri, eləcə də ticarət nümayəndələri də iştirak edirdi. Bu görüşdə Andrey Gennadiyeviç tarixdə ilk dəfə Rusiya-Azərbaycan-Türkiyə üçtərəfli parlamentlərarası komissiya yaradılmasını təklif etdi" - R.Səfərov vurğulayıb.

Onun sözlərinə görə, mərhum səfirin söhbətlərində daim Türkiyə, Rusiya və Azərbaycan üçlü ittifaq ideyası səslənərdi. Tərcüməçi səfir bu istiqamətdə çox işlər gördüyünü, hətta bu dialoqa İran tərəfini də çəkməyə çalışdığını qeyd edib.

"Məlum olduğu kimi, Andrey Karlovun qətli Moskvada Rusiya, Türkiyə və İran arasında üçtərəfli saziş imzalanmasından bir gün əvvəl baş verib və bu, heç də təsadüf deyil", - R.Səfərov hesab edir.
O, səfirin şəxsi mühafizəçisinin olmadığını və funksiyaları onun sürücüsünün yerinə yetirdiyini, yalnız mühüm dövlət görüşləri zamanı Türkiyə hökumətinin ona kortej ayırdığını vurğulayıb.
R.Səfərov qatilin "Cebhat ən-Nüsrə", eləcə də FETÖ terror təşkilatları ilə əlaqələr olduğunu bildirib.
"Çoxlarının fikrincə, sonuncu dünya maliyyə kapitalına işləyir və Türkiyədə xaos yaratmağa çalışır. FETÖ kimi təşkilatlar bütün dünyanı qlobal kapital gücünə tabe etməyə çalışır və bunun üçün hər şeyi edirlər. Buna uyğun olaraq, güclü, müstəqil dövlətlər onlar üçün ən mühüm hədəflər olur", - tərcüməçi deyib.
O, Rusiya səfirinin ən çətin vaxtlarında Rusiya-Türkiyə münasibətlərinin qurulmasında böyük rol oynadığını bildirib.

"Andrey Gennadiyeviç Azərbaycanı sevirdi və azərbaycanlılara hörmət edirdi. O, həm Rusiya, həm də Türkiyə mentalitetinin bizə eyni dərəcədə yaxın olduğuna görə, azərbaycanlıları Rusiya-Türkiyə münasibətlərinin qurulmasında təbii vasitəçi hesab edirdi. O, tez-tez məni şəxsi tərcüməçisi Aleksandrla yanaşı, tərcümələrə cəlb edərdi. O, dünya və regiondakı vəziyyətə baxışlarını ortaya qoyanda aramızda şəxsi, etimad məsələləri də müzakirə edilib. Onun Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovla sıx əlaqələri var idi. Azərbaycan, Türkiyə və Rusiya arasında tələbə hərəkatı, tələbə mübadiləsi üçün çox şey edirdi" - R.Səfərov vurğulayıb.

Qeyd edək ki, R.Səfərov dünən Türkiyə nümayəndə heyətinin tərkibində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Moskvadakı dəfn mərasimində iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/501621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR