Azərbaycanlı sahibkarların “Caspian American Club” adlı yeni birliyi yaradılıb

Azərbaycanlı sahibkarların “Caspian American Club” adlı yeni birliyi yaradılıb
17:57 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Sabahdan “Caspian European Club” (Caspian Business Club) və “Caspian Energy International Media Group”un dəstəyilə yaradılmış “Caspian American Club” adlı yeni birlik fəaliyyətə başlayır. Klubdan “Report”a daxil olan məlumata görə, bunu “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, “Caspian American Club”un təsis edilməsi Şimali və Cənubi Amerika ölkələrinin şirkətləri ilə Xəzər-Qara dəniz regionu şirkətləri arasında biznes dialoqun növbəti inkişaf və canlanma dövrünun başlaması deməkdir. “Caspian American Club” üç il ərzində “Caspian European Club” ilə paralel fəaliyyət göstərəcək. Rəhbərlik, idarə heyətinin üzvləri və icraiyyə komitəsi isə hər iki təşkilat üçün eyni olacaq.
“Caspian European Club”un bütün şirkətləri avtomatik şəkildə “Caspian American Club”un tərkibinə daxil olacaq. “Caspian American Club”un yaradılmasına təkan verən əsas amil “Caspian European Club”un üzv şirkətləri ilə əlaqələr qurmaq arzusunda olan Şimali və Cənubi Amerika dövlətləri şirkətlərinin, həmçinin İKT, sənaye, kənd təsərrüfatı və digər sahələrdə ixracyönümlü məhsul istehsal edən, öz məhsulu və xidmətləri ilə Şimali və Cənubi Amerika ölkələri bazarlarına çıxmaq niyyətində olan Xəzər-Qara dənizi regionu şirkətlərinin müraciətləri olub. Bu həmçinin turizm sektorunun inkişafına müsbət təsir göstərəcək”, - deyə Telman Əliyev qeyd edib.
“Caspian European Club” kimi “Caspian American Club”un da mənzil-qərargahı Bakıda, "Caspian Plaza" biznes mərkəzində yerləşəcək.
Xatırladaq ki, “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Onun sədri Prezident İlham Əliyevdir. 
T.Əliyevin sözlərinə görə, sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstəyin verilməsi, əlverişli investisiya və biznes mühitinin yaradılmasına xidmət edən proqram və təkliflərin həyata keçirilməsi istiqamətində fəal iş aparır. “Caspian European Club” çərçivəsində müəyyən sahələr üzrə ixtisaslaşmış birliklər fəaliyyət göstərir. Onlara öz sahələri üzrə lider olan və onun inkişafı üzrə fəal təşəbbüs irəli sürən şirkət rəhbərləri rəhbərlik edirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanli-sahibkarlarin-caspian-american-club-adli-yeni-birliyi-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR