Qətiyyətli lider

Qətiyyətli lider
00:03 24 Dekabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı ili yola salmağa sayılı günlər qalır. Əbəs yerə deyilmir ki, zaman keçilən yolun düzgün təhlili və dəyərləndirilməsi üçün hakimdir. Uğurlarımıza, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir nəzər salaq.

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyinin banisidir

Azərbaycan bu il dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini qeyd etdi. 25 ilin Azərbaycan tarixinə yazdığı saysız-hesabsız uğurlar keçilən yola nəzər salmağı zərurət kimi ortaya qoyur. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik yolunda hansı çətinliklərlə üz-üzə qaldığını, bu günümüzün reallıqlarına qədər keçilən yolu indiki və gələcək nəsillərə çatdırmaq əsas vəzifələrimizdəndir. Bu fikri böyük inam və fəxrlə qeyd edirik ki, Azərbaycan xalqı müstəqilliyin sevincini yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşadı. Müstəqilliyimizin ilk illərində yaşananlar tariximizin bir ləkəli səhifəsi kimi hər zaman vərəqlənir. Azərbaycan o dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, hakimiyyət hərisliyi ucbatından öz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir, iqtisadi böhran hökm sürür, yaşayış məntəqələrimiz biri-birinin ardınca işğal olunurdu. Həmin dövrdə Silahlı Qüvvələrimiz torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Xalqın sabaha ümidi yox idi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda dövlətimizin başçısı cənab İlham Əliyev həmin dövrü belə xarakterizə etmişdir: «Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdi. Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi.» 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr isə biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü kimi xarakterizə olunur. Təbii ki, bu dəyərləndirməni şərtləndirən amillər mövcuddur. İctimai-siyasi durumun gərginliyi, qanunsuz silahlı birləşmələrin meydan sulaması, torpaqlarımızın işğalı, iqtisadi böhranın günbəgün dərinləşməsi, rüşvətxorluğun, korrupsiyanın son həddə çatması, qardaş qanı axıdılması və bunun nəticəsində daha böyük itkilər AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə yarıtmaz, xəyanətkar fəaliyyətinin nəticələri idi.

Reallıq budur ki, əgər o vaxt ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Təsadüfi deyil ki, 1993-cü ilin 15 iyun günü tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu qayıdışın xalqımızı nədən xilas etdiyini bugünkü reallıqlarımız cavablandırır. Daxildə sabitliyin yaradılması biznes mühitinin formalaşdırılmasını şərtləndirdi ki, bunun da sayəsində Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. 1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsinə geniş yol açdı. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu. İqtisadi inkişaf demokratikləşmə prosesini sürətləndirdi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin bərqərar olması istiqamətində ciddi addımlar atıldı. Söz, mətbuat azadlığı, insan hüquqlarının qorunması təmin edildi, çoxpartiyalı sistem yaradıldı, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün mühüm addımlar atıldı. Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycan öz inkişaf və sabitlik dövrünü yaşadı.

Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd olunan tədbirdə bu reallığı bir daha vurğulamışdır: «Əgər o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət- millətə canı, qanı ilə bağlı olan insan hakimiyyətdə olsaydı, biz o bəlalarla üzləşməyəcəkdik. Ancaq tarix tarixdir. Biz tarixi dəyişdirə bilmərik. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, ölkəmizi irəliyə aparaq, gücləndirək və müsbət meyillər əsasında inkişafı təmin edək.»

2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi

«2003-cü il seçim ili idi» söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, bugünkü reallıq onu göstərir ki, yenə də Azərbaycan xalqı düzgün seçim etmişdir: «2003-cü ildən bu günə qədər Azərbaycanda inkişaf dövrü yaşanır. Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır.»

Bu məqamda 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində «Sizcə Sizi asan işlər gözləyir, yoxsa çətin» sualına möhtərəm İlham Əliyevin cavabını xatırlatmaq yerinə düşər: «Həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.» Ulu Öndərin siyasi məktəbinin yetirməsi kimi hər problemi zamanında, dövrünün tələbinə uyğun həll edən cənab Prezident İlham Əliyev ilk gündən bildirdi ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb: «Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır.»

Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bu vədini də açıqlamışdır: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.»

Artıq bu vəddən 13 il ötüb. Bu müddətdə ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik bütün istiqamətlərdə öz təsdiqini tapıb.

İqtisadi sahədə analoqu olmayan inkişaf yolu keçmişik və yaşayırıq

Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı üçün başlıca şərt olan neft strategiyasını uğurla davam etdirməsi nəticəsində qazanılan uğurlar bu gün beynəlxalq səviyyədə də etiraf olunmaqla Azərbaycana marağı artırır. Möhtərəm İlham Əliyev proqram xarakterli çıxışlarında inkişafın yeni mərhələ üzrə istiqamətlərini göstərməklə vurğulayır ki, yalnız düşünülmüş siyasət, qətiyyətli siyasi iradə, xalqla birliyin möhkəmlənməsi sayəsində respublikamızda qarşıya qoyulan möhtəşəm vəzifələrə nail olmaq mümkündür.

Dövlət başçısının reallığa və praqmatizmə əsaslanan inkişaf konsepsiyasının ilk konturları artıq üçüncü mərhələ üzrə həyata keçirilən, Azərbaycanı dünya iqtisadiyatının əsas aparıcı ölkələrindən birinə çevirən 24 noyabr 2003-cü ildə imzaladığı «Azərbaycan Respublikasında sosial -iqtisadi inkişafın sürətləndirilməsi haqqında» Fərmanı oldu. Həmin tədbirlərin daha geniş sferada inkişafını əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının tətbiqi Azərbaycana siyasi, iqtisadi, sosial dividendlər qazandıran fəaliyyətin nəticəsidir. Respublikamızda mövcud olan təbii ehtiyat və resurslardan, xarici ölkələrlə əməkdaşlıq imkanlarından səmərəli, xalqın və dövlətin mənafeyi baxımından istifadə olunur. Arxada qalan 13 ildə inkişafın Azərbaycan modeli üzrə davamına nəzər salan hər kəs ölkəmizə nüfuz qazandıran uğurların ümummilli lider Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin əməyi və xidmətlərinin məntiqi nəticəsi kimi qiymətləndirir. «İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır» söyləyən dövlət başçısı cənab İlham Əliyev regionların malik olduğu imkanlardan səmərəli istifadə etmək üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarını təsdiqlədi. Bununla yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramları icra olunur. Artıq üçüncü proqram icra edilməkdədir. Bu sənədlərin uğurlu icrası nəticəsində bir milyon 500 mindən artıq yeni iş yeri yaradılıb. Xatırlasaq, birinci Dövlət Proqramında 600 min yeni iş yerinin açılması nəzərdə tutulmuşdu. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, yeni iş yerlərinin yaradılması regionların inkişafı, qeyri-neft sektorunun inkişafı deməkdir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, paytaxt və bölgələrimiz arasında fərq aradan götürülmüş, hər bir rayon, kənd, qəsəbə özünün inkişaf dövrünü yaşayır. Rayonlar arasında sağlam rəqabət gedir. İrəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənir, rəğbətlə qarşılanır.

İqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki, dünyada baş verən iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycanda dinamik inkişafın, iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması istiqamətində mühüm işlər görülür, uğurlu nəticələr əldə olunur. ÜDM-də özəl bölmənin payının 85 faiz təşkil etməsi qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin nəticəsidir.

Bir əsas məqamı da qeyd edək ki, şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkənin hərtərəfli inkişafına stimuldur.

Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır

2003-cü ildən etibarən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkələrdən biri oldu. Azərbaycan həyata keçirilən uğurlu, təkmil sosial-iqtisadi islahatların nəticəsi olaraq özünü dünyaya sosial dövlət kimi təqdim edib. İnkişafın Azərbaycan modeli artıq özünü təsdiqləmiş, müsbət təcrübə kimi öyrənilir. «Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir. Qlobal problemlərin həlli ilə məşğul olan ölkəmizin mövqeyi, qazandığı nüfuz qüdrətli ölkələr üçün belə örnəkdir. Dünya xəritəsində ikinci belə ölkə tapılmaz ki, qısa müddətdə, müharibə şəraitində yaşasa belə ÜDM üç dəfə yüksəlsin, Azərbaycan qədər nailiyyətlər əldə edə bilsin. Aparılan islahatlar, həyata keçirilən 60-dan artıq Dövlət Proqramlarının tətbiqi nəticəsində Azərbaycanda yoxsulluq və işsizlik 5 faizə enib.

Bazar iqtisadiyyatı prinsiplərinə əməl olunan Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün addımların atılması insanların yaşayış tərzini xeyli yaxşılaşdırmışdır. Sosial ədalət prinsipinə sadiq qalan ölkəmizdə əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində iqtisadi tərəqqinin insanların gündəlik həyatında öz əksini tapacağını, əmək haqqının, pensiyaların ildə ən azı iki dəfə artacağını bildirmişdi. Bu vəd də konkret əməli işdə öz təsdiqini tapıb. Ölkə Prezidentinin bütün çıxışlarında bu tezis önə çəkilir ki, atılan bütün addımların əsasında vətəndaş amili dayanır. Dövlətimizin başçısı «Əgər görülən işlərdən xalq razıdırsa, o halda mən də razı olaram», - deyə bəyan edir.

Bu məsələlərə kompleks yanaşmanı tələb edən Prezident İlham Əliyev sosial, ciddi xarakterli digər problemlərin həllini də vacib hesab edir. Dövlətimizin başçısı mütəmadi olaraq bölgələrdə olur, ictimaiyyət nümayəndələri ilə görüşləri zamanı təklifləri bilavasitə onların özündən öyrənir. Ölkə Prezidenti ilk növbədə yerlərdə infrastrukturun yaradılması, yolların çəkilməsi, təhsil, səhiyyə, mədəni- məişlət obyektlərinin tikintisi ilə bağlı istəklərə başlıca tələb kimi diqqətlə yanaşır. «Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir» söyləyən Prezident İlham Əliyev bildirir ki, vəzifəli şəxslər insanlara qulluq etməli, təvazökar olmalıdır, borcunu şərəflə yerinə yetirməlidir. Dövlət başçısının tapşırığına əsasən, nazir və komitə sədrlərinin bölgələr üzrə planlaşdırılan əhali ilə görüşlərinin əsasında da insanlara qayğı, vətəndaş amili, onların arzu və istəklərinin öyrənilib yerinə yetirilməsi dayanır. Ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı davamlı mübarizənin gücləndirilməsi, sistem xarakterli islahatların aparılması Prezident İlham Əliyevin siyasi iradə və qətiyyətinin əyani təzahürüdür. Dünyanı bürüyən maliyyə və iqtisadi böhranın ağır nəticələrinin yaşandığı bir vaxtda, digər ölkələrdə sosial ödəmələr azaldığı halda ölkəmizdə ayrı-ayrı sahələrdə çalışanların əmək haqlarının, pensiyaların artırılması sosial müdafiənin dövlət siyasətinin əsasında dayandığını bir daha nümayiş etdirdi. Azərbaycanın yeni iqtisadi və sosial çağırışlar üçün əsas məkan seçilməsi də təkmil islahatlara əsaslanır.

Heydər Əliyev Fondu Ulu Öndərin adını şərəflə daşıyır

Ümummilli Liderin adını şərəflə daşıyan Heydər Əliyev Fondu bu gün öz işini uğurla davam etdirir. Fəaliyyət göstərdiyi 10 ildən artıq bir dövrdə təhsil, səhiyyə, mədəniyyət, Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliği və s. istiqamətlərdə mühüm nailiyyətlər əldə edən Fond ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursa öz dəstəyini nümayiş etdirir. Bununla yanaşı, valideyn himayəsindən məhrum, kimsəsiz uşaqlara qayğı Fondun faəliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyil ki, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, həmçinin Fondun vitse-prezidenti Leyla xanım Əliyeva bu sahədəki infrastrukturun yenilənməsini daim nəzarətdə saxlayır, mütəmadi olaraq kimsəsiz uşaqlarla görüşür, onların qayğıları ilə maraqlanırlar. Bu və digər xeyirxah və nəcib əməlləri ilə Mehriban xanım Əliyeva humanizm ənənələrinin təbliğatçısı kimi milyonların məhəbbətini qazanıb.

Mehriban xanım Əliyevanın “Talassemiyyasız həyat naminə” layihəsi çərçivəsində talassemiyalı xəstələrə dəstək təşəbbüsü, nəinki ölkəmizin, hətta dünyanın tarixinə qızıl hərflərlə yazılan birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili sahəsindəki uğurlu fəaliyyətini də xüsusi olaraq vurğulamaq lazımdır. Əbəs yerə deyil ki, möhtərəm Prezidentimizin 2015-ci il 29 iyun tarixli Sərəncamı ilə Mehriban xanım Əliyeva “Heydər Əliyev” Ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev də hər zaman Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib: “Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir… Heydər Əliyev Fondu Ulu Öndərin adını şərəflə daşıyır, Ulu Öndərin xatirəsinə layiq fəaliyyət göstərir.”

Azərbaycanın təşəbbüsçüsü olduğu enerji layihələri beynəxlaq miqyasda

Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Vaxtilə BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi çoxlarına əfsanə kimi görünürdüsə, bu gün dünya TANAP, TAP, «Cənub Qaz Dəhlizi»ndən bəhs edir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında əhəmiyyətli rol oynayır. XXI əsrin müqaviləsi kimi dəyərləndirilən «Cənub Qaz Dəhlizi» çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi qeyd olunur. Bu, qitələrarası enerji layihəsidir. Xatırlasaq, 2014-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasının 20 illiyi və «Cənub Qaz Dəhlizi»nin təməlinin qoyulması münasibətilə keçirilən mərasimdə dövlətimizin başçısı İlham Əliyev bu mühüm hadisəni bu günə qədər görülən işlərin zirvəsi kimi dəyərləndirmişdir. Ölkə Prezidenti eyni fikirləri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda da söyləmişdir: «Cənub Qaz Dəhlizi» 2006-cı ildə və 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əsasında yaradılır. Əgər o kəmərlər yaradılmasaydı, «Cənub Qaz Dəhlizi» də yaradılmazdı. Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan «Cənub Qaz Dəhlizi» uğurla icra edilir.»

Güclü ölkə, etibarlı tərəfdaş

Ölkəmizin iqtisadi imkanlarının artması onun beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasını şərtləndirir. Artıq bu fikir beynəlxalq səviyyədə də etiraf olunur ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Ölkəmizin qətiyyətli mövqeyi, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurması ona yeni dostlar, tərəfdaşlar qazandırır.

Azərbaycanın istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə dünya dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafı yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz müsbət təsirini göstərir. Nüfuzlu beynəlxalq təşkilatların, böyük dövlətlərin qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənilir. Möhtərəm İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq.”

Möhtərəm Prezidentimiz İlham Əliyev müstəqilliyimizin 25 illiyinə həsr olunan tədbirdə bir daha bu gerçəkliyi qeyd etmişdir ki, beynəlxalq münasibətlər sistemində bizim hörmətimizi əks etdirən tarixi hadisə bir neçə il bundan əvvəl baş vermişdir: «Biz BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Bəzi qüvvələr bizə qarşı birləşmişdi və imkan vermək istəmirdilər ki, Azərbaycan seçilsin. Yəni, biz o yerə böyük çətinliklə sahib olduq. Bu da daha bir göstəricidir. Yəni, dünya birliyi deyəndə biz bütün ölkələri nəzərdə tuturuq. Dünya birliyi bu gün bizi dəstəkləyir.» Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həlli Azərbaycanın prinsipial mövqeyidir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasında

Ordumuz müstəqilliyimizin, suverenliyimizin, sərhədlərimizin toxunulmazlığının qarantıdır. Müharibə şəratində yaşayan bir ölkə üçün güclü ordunun olması əsas şərtdir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu gərəkdir.

Dövlətimizin ordu quruculuğu istiqamətində atdığı davamlı addımlar göz qabağındadır. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərinin birinci yerdə dayanması bu sahəyə diqqətin bariz nümunəsidir. Məhz ordumuzun gücünə, qüdrətinə əsaslanaraq möhtərəm Prezidentimiz İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad edəcəyik.

Bu ilin aprelində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşananlar Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab vermək məcburiyyətində qalan ordumuz əks-hücum əməliyyatı keçirərək bir sıra strateji əhəmiyyətli əraziləri işğalçılardan azad etdi. İndi orada Azərbaycan bayrağı dalğalanır. «Aprel döyüşləri ümumiyyətlə bizim şanlı tariximizdir» söyləyən dövlətimizin başçısı İlham Əliyev uğurlarımıza söykənərək bu inamı böyük qətiyyətlə ifadə edir ki, hər gün, hər ay bizi qələbəyə yaxınlaşdırır.

Multikulturalizm mərkəzi, tolerantlıq nümunəsi

Qərb ilə Şərq arasında sivilizasiyalararası dialoq məkanına çevrilən, dinlərarası, millətlərarası münasibətlər sahəsində təcrübəsi yayılıb öyrənilən, nümunə göstərilən ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, multikulturalizm mərkəzi kimi tanıdır. Azərbaycan mədəniyyətinin, milli mənəvi sərvətlərinin qorunub saxlanılmasında böyük xidmətləri olan, ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış, Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutaraq ali dəyərlərə söykənən Heydər Əliyev Fondunun proqram və layihələri də diqqəti cəlb edir. Mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə yönəldilən layihələrə üstünlük verən Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər multikulturalizmə töhfə verməklə əlamətdar hadisələr kimi yaddaşlarda iz salır. Humanizm prinsipi əsasında reallaşan təşəbbüs və layihələri ilə təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə də tanınan, ən mötəbər təltiflərə layiq görülən Mehriban xanım Əliyeva Azərbaycanı dünya birliyində yüksək səviyyədə təmsil edir, tanıdır, mədəniyyətimizi təbliğ edir.

Azərbaycan ölkələr, xalqlar arasında dostluq körpüsünu davamlı addımları ilə möhkəmləndirir. 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanda 2017-ci ildə isə İslam Həmrəylik Oyunları keçiriləcək. Dövlətimizin başçısı cənab İlham Əliyev bildirir: “Bu, bizim rolumuzdur və biz çalışırıq ki, xalqları birləşdirək.” Ölkə Prezidenti bu fikri ilə təsdiqləyir ki, Azərbaycan dünya birliyində təkcə iqtisadi inkişafı, diplomatik uğurları ilə deyil, sülhsevər siyasətinə, bəşəri dəyərlərə, demokratiyaya sadiqliyinə görə də tanınır və nüfuz qazanır. Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, eyni zamanda 2016-cı ilin «Multikulturalizm ili” elan edilməsi də ölkəmizin qazandığı imicin, uğurların, tutduğu mövqeyin təqdimatında əhəmiyyətli rola malikdir. Fərmanda qeyd olunduğu kimi, sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Multikultural cəmiyyətlərin formalaşdırılmasına ölkəmizin töhfələri davamlıdır. «Multikulturalizm ili» çərçivəsində keçirilən tədbirlər ölkəmizin bu sahədə təcrübəsinə bir daha işıq salır.

Vətənpərvərlik hissinin artırılması prioritetdir

Demokratikləşmə sadəcə bir niyyət, şüar deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. «Hüquqi cəmiyyəti azad mətbuatsız təsəvvür etmək mümkün deyil» söyləyən cənab Prezident İlham Əliyevin iki dəfə «Jurnalistlərin dostu» seçilməsi dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan irəli gəlir. Jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı bildirir ki, müharibə şəraitində yaşadığımızı unutmamalıyıq. Bu gün cəmiyyətin yazılı və elektron KİV-lərdən əsas gözləntisi vətənpərvəlik ruhunda yazılara və verilişlərə geniş yer verilməsidir. Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Mətbuat, eyni zamanda, obyektivlik, qərəzsizlik prinsiplərini əsas tutaraq tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixində keçdiyi yolu ətraflı şəkildə şərh etməlidir.

Müstəqil siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik

Möhtərəm Prezidentimiz İlham Əliyev bu fikri ilə bir daha ölkədə xalq-iqtidar birliyinin möhkəm, sarsılmaz olduğunu açıqlayır. Reallıqların içərisində olan xalq hər zaman özünə diqqətin və qayğının şahididir. Həyata keçirilən siyasətə dəstəyini ölkədə keçirilən siyasi kampaniyalarda fəal iştirakı ilə bir daha təsdiqləyən xalq bu reallığı ortaya qoyur ki, Prezidentə inamın, etimadın böyük olduğu ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Dövlətin siyasətində yeniləşmə, təkmilləşmə, bunun fonunda xalqın sosial rifahının daha da yaxşılaşdırılması əsas yer tutur. Bu il sentyabrın 26-da Konstitusiyaya olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi zamanın tələbindən irəli gələn yeniliklərə, təkmilləşməyə xalqın dəstəyini nümayiş etdirdi. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə yanaşı, idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən əlavə və dəyişikliklər vətəndaş amilinə dəyərdən irəli gəlir. Dövlətimizin başçısı möhtərəm İlham Əliyev bildirir: «Referendumda Azərbaycan xalqı bizim siyasətimizə öz dəstəyini bir daha ifadə etdi. Referendumun nəticələrinin əsas mahiyyəti bundan ibarətdir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur.»

Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti ölkəmizin inkişafına böyük təsir göstərir

Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 13 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Bu il partiyanın yaradılmasının 24 ili tamam oldu. Azərbaycanın müstəqillik tarixinin bələdçisi olan YAP-ın uğurlarımıza töhfələri davamlıdır. Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan, hər cür populizmdən uzaq olan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi səbəbsiz deyil. Yeni hədəflərə doğru inamla irəliləyən partiyanın əsas məqsədi Azərbaycanı daha güclü, qüdrətli dövlətə çevirmək, xalqın rifah halını yaxşılaşdırmaqdır. Bu məqsədlər partiyanın «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının icrasında payını artırır. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın uğurları fonunda bu reallığı da açıqlayır: «Yeni Azərbaycan Partiyasının qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir.» Ölkədə keçirilən siyasi kampaniyalar Yeni Azərbaycan Partiyasının nüfuzunu, siyasi çəkisini bir daha nümayiş etdirir. 26 sentyabr Konstitusiyaya olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində seçicilərin yüksək fəallığı dövlətin, Yeni Azərbaycan Partiyasının siyasətinə xalqın dəstəyinin göstəricisi oldu.

Strateji Yol Xəritəsi: davamlı inkişafın təminatı

Siyasi, iqtisadi, diplomatiya sahəsində qazanılan uğurlar Azərbaycanı dünya birliyinin önəmli üzvünə çevirib. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının qəbulu, həyata keçirilən islahatları sürətləndirməklə Azərbaycan iqtisadiyyatını daha da gücləndirməyi hədəf kimi müəyyənləşdirən Prezident İlham Əliyevin dövlətimizin qüdrətlənməsi, əhalinin həyat tərzinin inkişaf etmiş dövlətlər səviyyəsinə çatması üçün gördüyü işlərin səmərəsi hər birimizin gündəlik həyatında əksini tapır. Bu günümüzün əsas çağırışı davamlı inkişafın təmin edilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında» Fərmanı da bu məqsədə xidmət edir.

Sənəddə qeyd olunur ki, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Bu vəzifələrin icrası kompleks tədbirlərin həyata keçirilməsini şərtləndirir. Fərmanda müxtəlif istiqamətlər üzrə inkişafı təmin edəcək tədbirlər öz əksini tapır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan möhkəm təməl üzərində inamla irəliləyir. Təkmil islahatlar ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında, nüfuzlu sorğu mərkəzlərinin nəticələrində də öz mövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Seçki prosesləri ərəfəsində müxtəlif ölkələrdə xalqın Prezidentə inamını, etimadını öyrənmək üçün sorğu keçirən «Gellap İnternasional» təşkilatının Azərbaycanla bağlı sorğusunun nəticələri də həmişə təqdirəlayiqdir. Bildirilir ki, xalqın Prezidentə inamı, həyata keçirilən siyasətə dəstəyi böyükdür. Bu fikir dünya siyasətçiləri tərəfindən də qeyd olunur ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Bu inamı şərtləndirən təbii ki, düzgün qurulan siyasət, inkişafın Azərbaycan modelinin mövcudluğudur. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: «İyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik… Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir.»

Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist










Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/181089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR