Bir azərbaycanlı və bir çeçen TIR sürücüsü qismində bazaya girərək kriminal avtoritet Şeyx Həmzətə silahlı hücum ediblər
Həftənin dördüncü günündən beşinci gününə keçən gecə Amsterdam
polisi çeçen əsilli "kriminal avtoritet", kriminal aləmdə Şeyx
Həmzət adı ilə tanınan Həmzət Qastəmirova silahlı hücum edən iki
nəfəri saxlayıb.
Bu barədə Sputnik-ə kriminal dairələrə yaxın mənbə məlumat verib.
Əldə etdiyimiz məlumatlara görə, Qastəmirov "Avropa obşakı" adlanan
kriminal kassaya nəzarət edir. Saxlanılan şəxslər 30-35 yaşlarında
olan azərbaycanlı və çeçendir. İnsident 23 dekabrda gecə saat 3
radələrində Nieuwland Parc 121 2952 DB Alblasserdam ünvanında
yerləşən Staay Food Group Holding topdansatış tərəvəz bazarında baş
verib. İki Glok markalı tapança və səsboğucusu olan Kalaşnikov
avtomatı ilə silahlanan naməlum şəxslər topdansatış meyvə bazasına
TIR sürücüsü qismində daxil olublar.
Gecə vaxtı bazanın ərazisinə yüzlərlə yük avtomobili daxil olur. Bu
vaxtlar qızğın alver gedir və ona görə də, nəzarətçilər hər bir
sürücünü diqqətlə yoxlamaq imkanında olmurlar.
Sözügedən tərəvəz bazasına nəzarət edən Şeyx Həmzət bu ərazidə
tez-tez görünür və işlərin gedişi ilə maraqlanır. Rəqibləri bunu
bilirlər və "qanuni oğru"nu da məhz burada izləyiblər. Hücum zamanı
"kriminal avtoritet"in əsas cangüdənlərindən biri çiynindən
yaralanıb. Mühafizəçilərin operativ fəaliyyəti nəticəsində hücumun
icraçıları zərərsizləşdiriliblər. Canilərdən biri ayağından, digəri
isə budundan yaralanıb. Bu məqamda hadisə yerinə polis gəlib və
hücum edən şəxsləri saxlayaraq polis idarəsinə aparıb. Hələlik Şeyx
Həmzətin fiziki cəhətdən məhv edilməsində maraqlı olan şəxsin
kimliyi məlum deyil. Hazırda bu istiqamətdə Niderlandın istintaq
orqanları araşdırma aparır. İşə Qastəmirovun vəkili də qoşulub.
"Qanuni oğru"nun yaxınları hücumun Qastəmirovun dünyanın
meyvə-tərəvəz bazarında getdikcə artan nüfuzu ilə əlaqədar olduğunu
güman edir. Məlumdur ki, ALMEKS holdinq qrupu və onun nəhəng Avropa
tərəfdaşı Staay Food Group Qazaxıstan Respublikasının aqrar
sektorunda Astana Fresh-lə birlikdə iş görür.
21 noyabr 2016-cı ildə ALMEKS-lə Staay Food Group arasında
əməkdaşlıq haqqında saziş imzalanıb. Tərəflər bu saziş çərçivəsində
öz layihələrini inkişaf etdirməyi nəzərdə tutublar.
İlkin mərhələdə fermerlərlə əməkdaşlıq yolu ilə Qazaxıstan və ona
yaxın ölkələrdən təzə meyvə-tərəvəz məhsullarını toplayacaq
distributor sistemini formalaşdırmaq nəzərdə tutulub. Staay Food bu
yolla həm Niderlandda, həm də digər ölkələrdə fermer təsərrüfatları
hesabına öz biznesini genişləndirir. Onun əsas kənd təsərrüfatı
sahələri Avropada, Latın Amerikasında, Mərkəzi və Cənubi Afrikada
yerləşir. Görünür Şeyx Həmzətin öz coğrafiyasını genişləndirməsi,
digər tərəvəz bazalarının sahibkarlarının xoşuna gəlmir. Çünki
onlar qeyri-bərabər rəqabətdə itkilərlə üzləşirlər. Qeyd edək ki,
Şeyx Həmzət bu ilin 18 avqustunda İstanbulun Beşiktaş rayonunun
Barbarossa bulvarında qətlə yetirilən azərbaycanlı kriminal
avtoritet Rövşən Canıyevin (Lənkəranski) ortağı olub.
Lənkəranskinin ölümündən sonra ona məxsus İtaliyanın Pozitano
şəhərindəki "Le Sirenuse" və "Covo dei Saraceni" hotelləri,
həmçinin bir sıra başqa obyektlər Şeyx Həmzətin mafioz qrupunun
ümumi Avropa kassasına tabe etdirilib.