Yaşlılar da peşə təhsili ala biləcək - YENİLİK

Yaşlılar da peşə təhsili ala biləcək - YENİLİK
12:24 24 Dekabr 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

Yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili ilə bağlı normativ hüquqi bazaya zəruri dəyişikliklər barədə müvafiq dövlət qurumları məsləhətləşmələr apararaq, peşə təhsili sahəsini sistemli şəkildə tənzimləyəcək liberal və demokratik qanunvericilik bazasının yaradılması istiqamətində müvafiq təkliflər hazırlayacaqlar.

 

Lent.az-ın məlumatına görə, bu Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunub.

 

Strateji Yol Xəritəsində qeyd edilib ki, hazırda Azərbaycanın peşə təhsili müəssisələri əsasən yarım gün fəaliyyət göstərir və günün qalan hissəsində müəssisələrin təlim-tədris bazasının potensialından tam istifadə olunmur. İşaxtaranların və digər şəxslərin yeni bacarıqlar əldə etməsi üçün peşə təhsili müəssisələrinin bazasında yaşlıların təhsili, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkili mühüm əhəmiyyət kəsb edir. Bu, ölkədə işsizlik səviyyəsinin azaldılmasına, əmək bazarında işçi qüvvəsinin peşəkarlığının və səriştəsinin yüksəldilməsinə, eləcə də əhalinin özünüinkişaf imkanlarının artırılmasına imkan verəcək.

 

 

Bunun üçün peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili ilə bağlı müvafiq qanunvericilik bazasının yaradılması ilk görüləcək işlərdən biridir.

 

Bundan başqa, Təhsil Nazirliyi müvafiq dövlət qurumları və işəgötürənlər ilə birlikdə yaşlıların təhsili və ixtisasartırma kurslarına tələbatın olduğu prioritet sahələr üzrə kursların təşkili imkanlarını, müəssisə və təşkilatların kadr hazırlığına investisiya qoyuluşunu stimullaşdıracaq mexanizmləri, yoxsul və aztəminatlı insanların həmin kurslarda iştirakı ilə bağlı xərclərinin dövlət tərəfindən təmin edilməsi imkanlarını müəyyən edəcək, eləcə də həmin kurslar üçün təhsil proqramlarının (kurikulumların) tərtibini, müvafiq müəllimpedaqoji heyətin seçilməsini və lazım olduğu təqdirdə, onlar üçün əlavə təlimlərin təşkilini həyata keçirəcək.

 

 

Təhsil Nazirliyi həmçinin aparılan araşdırmalar və müzakirələr nəticəsində əldə olunan məlumatlar və normativ hüquqi bazada edilən dəyişikliklər əsasında peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili üzrə mexanizm hazırlayacaq. Bu mexanizm çərçivəsində işsizlərin əmək bazarında tələb olunan sahələr üzrə yeni bacarıqları əldə etməsi üçün modul tipli çevik kurslar, işləyənlərin səriştəsinin artırılması və özünüinkişaf imkanlarının yüksəldilməsi üçün ixtisasartırma kursları, eləcə də əhalinin istənilən təbəqəsi üçün müəyyən sahələr üzrə təlim kursları (kompüter, dil, tikiş, toxuculuq, çilingər, qaynaqçı və s.) təşkil ediləcəkdir. Müvafiq dövlət qurumları qeyd edilən kursların təhsil proqramlarını (kurikulumları) özəl sektorla əməkdaşlıq yolu ilə hazırlayacaqlar. Yaşlıların təhsili üzrə resurs mərkəzləri (peşəyönümü, məlumat, maarifləndirmə, təbliğat və s. funksiyaların icrası üçün) də yaradılacaq.

 

Təhsil Nazirliyi tədris edilən kursların monitorinqi, keyfiyyətinin artırılması və davamlılığının təmin edilməsi məqsədilə məlumatların toplanması, təhsil prosesi üzrə mövcud vəziyyətin sistemli şəkildə qiymətləndirilməsi üçün informasiya bazası yaradacaq və statistikanın təkmilləşdirilməsini həyata keçirəcək.

 

 

Əlavə olaraq, Təhsil Nazirliyi 33 gələcəkdə analoji kursların digər peşə təhsili müəssisələrində bütün ölkə ərazisində təşkili üzrə işlər görəcək. Bu prioritetin real ÜDM-i 1 milyon manat həcmində artıracağı proqnozlaşdırılır. Bu təsir yaşlılar və dövlət təşkilatları tərəfindən ixtisasartırma kurslarına sərf ediləcək məbləği əks etdirir və adambaşına təxminən 400 manat məbləğində iştirak haqqının ödəniləcəyi gözlənilir. Yaşlılar üçün kursların iştirakçılarının sayı 2020-ci ilədək 17 faiz artım tempinə malik olacaq. Bu prioritetin icrası nəticəsində bütövlükdə 177, bilavasitə peşə təhsili sektorunda isə 140 yeni iş yerinin yaradılacağı gözlənilir.

 

Nəzərinizə çatdıraq ki, yaşlıların təhsili üçün kurslarda istifadə olunması məqsədilə tərtib ediləcək yeni kurikulumlar (tədris vəsaiti, kitablar, onlayn dərsliklər daxil olmaqla) üçün 300 min manat həcmində vəsait tələb olunacağı proqnozlaşdırılır.

 

 

Qeyd edək ki, Strateji Yol Xəritəsində peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263448

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR