İlham Əliyevlə son 13 il Azərbaycan üçün problemlərin həllinin fürsət pəncərəsi olub

İlham Əliyevlə son 13 il Azərbaycan üçün problemlərin həllinin fürsət pəncərəsi olub
13:47 24 Dekabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 13 il ölkənin tarixində yalnız uğur, problemlərin həlli üçün fürsətlərin yaradıldığı və gələcək inkişafın təməlinin qoyulduğu dövr kimi yadda qalacaq.

Bunu Milli.Az-a açıqlamasındaın Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan olduqca mürəkkəb geostrateji bölgədə yerləşir və hazırda dünya siyasəti və beynəlxalq münasibətlərdə mövcud olan çox mürəkkəb şərtləri də nəzərə alsaq, belə bir coğrafiyada milli dövlətin idarə olunması, onun maraqlarının qorunması, ölkənin inkişaf etdirilməsi, iqtisadi, siyasi, diplomatik şərtlərin milli mənafelərin lehinə dəyişdirilməsi qarşıda mürəkkəb bir vəzifə kimi durur:

"Qeyd edək ki, 21-ci əsrin son ili iqtisadi, siyasi, hərbi kataklizmlər kimi yadda qaldı. Dünya siyasətində baş verən qeyri-ənənəvi hadisələr regionumuzda daha mürəkkəb vəziyyət yaratdı. Bütün bunlara baxmayaraq, Azərbaycanın xarici və daxili siyasətində ənənəvi sabitlik müşahidə edildi, ölkəmizin inkişafı üçün çox tarixi addımlar atıldı. Əgər biz Azərbaycanın iqtisadi, siyasi, hərbi potensialını təhlil etməyə çalışsaq, görərik ki, son illərdə ölkəmizin milli təhlükəsizliyinin qorunması baxımından olduqca mühüm göstəricilər, nailiyyətlər əldə edilib. Bütün bunlar Azərbaycanın dayanıqlı inkişafını təmin edib. Belə mürəkkəb şəraitdə Azərbaycan dialoq məkanına çevrilib. Halbuki, bir çox hallarda ayrı-ayrı ölkələrin əraziləri müxtəlif hegemon dövlətlərin hərbi qarşıdurma poliqonuna çevrildiyi anda Azərbaycanda sabitlik mövcuddur. Ölkədə xalqın sosial rifahı mümkün qədər təmin edilib. Neft faktorundan yeni iqtisadiyyat formalaşdırılaraq gələcək iqtisadi siyasət müəyyənləşdirilib ki, biz bunu ənənəvi olaraq qeyri-neft sektorunun inkişafı və qeyri-neft siyasəti adlandırırıq. Bütün bu nailiyyətlərin əldə olunması, şübhəsiz ki, ölkədəki siyasi iradə və Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlıdır".

H.Babaoğlunun fikrincə, sadalanan uğurlara ölkənin idman, sosial həyatında baş verən hadisələri, bu günədək ölkədə "sosial dövlət" fəlsəfəsinin bərqərar olunduğunu, eyni zamanda 1 milyon qaçqın və məcburi köçkünün həllini tapdığı problemləri də nəzərə alsaq, görərik ki, son 13 il Azərbaycan üçün problemlərini həll etmək məqsədilə bir fürsət pəncərəsi olub və bundan da gözəl istifadə etməyi bacarıb: "Bütün bunlarla yanaşı, beynəlxalq arenada Azərbaycanın nüfuzunun güclənməsi, burada Avropa Oyunlarının və çoxsaylı beynəlxalq idman yarışlarının, həmçinin, digər mötəbər tədbirlərin keçirilməsi, Azərbaycanın turizm ölkəsinə çevrilməsi üçün qəti addımların atılması kimi məsələlər də şübhəsiz ki, bu ölkəni idarə edən prezidentin fəaliyyətinin nəticəsidir. Bu vaxta qədər əldə edilən uğurlar bundan sonrakı inşikafın da əsasında durur, çünki təməl olduqca möhkəmdir".

Politoloq əlavə edib ki, Azərbaycan həm də son illərdə aparılan hüquqi, siyasi, iqtisadi islahatlarla gündəmə gəldi: "Hər bir ölkənin konstitusiyası o ölkənin hüquqi sisteminin keyfiyyətini, istiqamətlərini müəyyənləşdirən əsas hüquqi-siyasi sənəddir. Mövcud reallıqlar, iqtisadi və beynəlxalq şərtlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasına 3 dəfə dəyişikliklər edilib. Bu onu göstərir ki, Azərbaycan hüquqi dövlət prinsiplərinə sadiq qalmaqla mövcud hüquqi, iqtisadi və sosial şərtlər daxilində öz hüquq sistemini təkmilləşdirməyi bacarıb. Buna qısaca olaraq hüquqi islahatlar da deyirlər. Konstitusiyaya insan hüquq və azadlıqlarının, sahibkarların və yeni təmayüllü subyektlərin hüquqlarının qorunması ilə bağlı dəyişikliklər də edilib. Bütün bunlar bütövlükdə Azərbaycanın inkişafını təmin edib".

Baş redaktor eyni zamanda bildirib ki, hazırda qloballaşan dünyada cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri onların informasiya cəmiyyəti kimi xarakterizə olunmalarıdır: "İnformasiya cəmiyyətində "yumşaq güc" adlandırılan informasiyalar başlıca güc kimi çıxış edir. Qlobal informasiya məkanının içində Azərbaycanın milli informasiya məkanının formalaşması, eyni zamanda buna paralel olaraq söz və mətbuat azadlığının da təmin olunması dövlət tərəfindən ciddi bir vəzifə kimi müəyyənləşdirilib və bunun həllinə nail olunub. Çünki bu gün hər bir cəmiyyətin iqtisadi, siyasi, hərbi gücü ilə yanaşı, onun informativ, "yumşaq güc"ü də dövlətin maraqlarının qorunmasında böyük rola sahibdir. Təsadüfi deyil ki, milli təhlükəsizlik konsepsiyamızın tərkibində informasiya təhlükəsizliyi ən mühüm komponentlərdən biri kimi nəzərdən keçirilir. Bütün bu proseslər, Azərbaycanın intellektual lokomotivi hesab olunan medianın milli maraqların qorunmasına yönləndirilməsi, milli maraqların və dövlətin onun cazibə mərkəzi kimi təyin edilməsi hazırki mərhələdə həm müstəqil medianın iştirakını təyin edir, həm də söz və mətbuat azadlığının təmin olunmasına gətirib çıxarıb".

Millət vəkilinin qənaətincə, son illərin ən mühüm hadisələrindən biri Azərbaycanda hərbi sənayenin yaradılmasıdır: "Biz bilirik ki, Azərbaycan ənənəvi hərbi-sənaye ölkəsi deyil. Amma aparılan siyasət sayəsində bu gün Azərbaycan dünyanın bir çox ölkələrinə hərbi sənaye məhsulları satır. Onların içində elələri var ki, ənənəvi hərbi-sənaye məhsulları ixrac edən ölkələrdir. Ölkəmizin bu mövqeyə gəlib çıxması Azərbaycan Ordusunun güclənməsində də özünü göstərib. Fikrimcə, bu məqamda ən yaddaqalan hadisəni xatırlatmaq yerinə düşərdi. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın nə qədər güclü bir orduya və hərbi sənayeyə sahib olduğu ortaya çıxdı.

Bütün bunları ümumiləşdirməyə çalışsaq, görərik ki, ötən bu 13 il Azərbaycanın inkişaf, tərəqqi, sabitlik dövrü olub, eyni zamanda Azərbaycanın gələcək inkişafını təyin etmək əsaslarının, təməllərinin qoyulduğu dövr kimi yadda qalıb".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR