x
Loading...
.

Azırbaycanın tanınmış alimi vəfat edib - RƏSMİ NEKROLOQ

Azırbaycanın tanınmış alimi vəfat edib - RƏSMİ NEKROLOQ
17:09 24 Dekabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+
.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsi akademik-katibinin müavini Maqsud İsfəndiyar oğlu Əliyevin ölümü ilə bağlı nekroloq imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, nekroloqda deyilir:

 

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Respublikanın tanınmış alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsi akademik-katibinin müavini Maqsud İsfəndiyar oğlu Əliyev 2016-cı il dekabrın 23-də ömrünün 93-cü ilində vəfat edib.  

Maqsud Əliyev 1924-cü il avqust ayının 27-də Tbilisi şəhərində anadan olub.  Orta məktəbi bitirdikdən sonra o, 1941-ci ildə Tbilisi Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, 1943–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirakı ilə əlaqədar ali təhsilini yarımçıq qoymuş və cəbhədən qayıtdıqdan sonra təhsilinə davam edib, 1947–1950-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində oxuyub.

Əmək fəaliyyətinə 1950-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda assistent kimi başlayan Maqsud Əliyev 1954–1957-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş müəllim, 1957–1961-ci illərdə isə Azərbaycan Dövlət Universitetində baş müəllim, dosent vəzifələrində çalışıb. O, 1961-ci ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq Fizika İnstitutunda 1966-cı ilədək baş elmi işçi, 1966–2013-cü illərdə laboratoriya müdiri işləyib, 1971-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsi akademik-katibinin müavini vəzifəsini icra edib.

Maqsud Əliyev 1957-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1967-ci ildə professor elmi adını alıb. O, fizika ixtisası üzrə 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.

Akademik Maqsud Əliyev Azərbaycanda fizika elminin inkişafında mühüm xidmətlər göstərib. Onun uzun bir dövrü əhatə edən səmərəli elmi fəaliyyətinin başlıca istiqamətini yarımkeçiricilərin fiziki xassələrinin öyrənilməsi təşkil edib. Yarımkeçiricilərin istilik keçirməsi probleminin həllinə yönəlmiş həmin araşdırmalar aktuallığı ilə səciyyələnərək bu sahədə bir sıra əsaslı məsələlərin aydınlaşdırılmasına zəmin yaradıb. Maqsud Əliyev selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların təsirinin ilk tədqiqatçılarından idi. Alimin apardığı fundamental tədqiqatlardan əldə olunan mühüm nəticələr mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Maqsud Əliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə daim ahəngdar şəkildə əlaqələndirib və Azərbaycanın bir sıra ali təhsil ocaqlarında yüksəkixtisaslı kadrların yetişdirilməsində fəal iştirak edib. O, nüfuzlu beynəlxalq elmi simpozium, forum və konfranslardakı çıxışları ilə Azərbaycan elmini ölkənin hüdudlarından kənarda da layiqincə təmsil edib.

Maqsud Əliyev respublikamızda və xaricdə nəşr edilmiş 350-dən artıq elmi əsərin və 30 patentin müəllifidir. Alimin rəhbərliyi ilə yarımkeçiricilər fizikası və onun tədris metodikası üzrə 40-dan çox fəlsəfə və elmlər doktoru hazırlanıb.

Akademik Maqsud Əliyevin elmi fəaliyyəti lazımınca qiymətləndirilib. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müxtəlif orden və medallara layiq görülüb, o cümlədən, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Qocaman alim, gözəl pedaqoq və səmimi insan Maqsud İsfəndiyar oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

 

 

 

Nəzərinizə çatdıraq ki, mərhumun cənazəsi vidalaşmaq üçün dekabrın 26-da saat 12.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR