"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo növbəti dəfə maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcının budəfəki açıqlaması hazırda birgə çalışdığı Zlatan İbrahimoviçlə bağlı olub.
Mourinyo bildirib ki, İbrahimoviç PSJ-ni tərk etdiyinə görə, fransalı azarkeşlər ona minnətdar olmalıdırlar:
""İbra" PSJ-də çıxış edəndə Fransa çempionatında cəmi 1 komandanın varlığı hiss olunurdu. O, komandasını dəyişəndən sonra isə Liqa-1-də əməlli-başlı rəqabət yaranıb. İbrahimoviç PSJ-dən ayrıldığına görə, fransalı azarkeşlər ona təşəkkür etməlidirlər. Çünki Zlatana malik olan PSJ Fransada bütün titulları qazanırdı. Şəxsən mənim üçün Liqa-1 indi daha maraqlıdır".
Fransa çempionatında geridə qalan 19 turdan sonra 44 xal toplayan "Nitsa" turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyicisi isə 42 xalı olan "Monako"dur. İbrahimoviçsiz PSJ-nin 39 xalı var.
Milli.Az