Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib - FOTO

Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib - FOTO
20:42 24 Dekabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, dekabrın 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Azərbaycanın və Dağıstanın görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, konfransda Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, deputatlar, elm xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Əziz Əliyevin Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə əklil qoyublar.

Tədbirdə çıxış edən Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov görkəmli dövlət xadimi Əziz Əliyevin çoxşaxəli fəaliyyətindən, Dağıstan və Azərbaycan xalqlarının dostluğunun möhkəmlənməsindəki xidmətlərindən danışıb.

O bildirib ki, konfransda iştirak etmək üçün Azərbaycandan geniş tərkibdə nümayəndə heyətinin gəlməsi Əziz Əliyevin şəxsiyyətinin böyüklüyü, Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində oynadığı rolu xarakterizə edir.

"Əziz Əliyevin həyat və fəaliyyəti barədə danışmaq həm asan, eyni zamanda, çətindir. Çətindir ona görə ki, onun fəaliyyəti tarixin heç də asan olmayan dövründə miqyaslı xarakter daşıyıb. O nə edirdisə layiqincə, şərəflə, peşəkar və vətənpərvər kimi edirdi", - deyə R.Abdulatipov vurğulayıb.

R.Abdulatipov vurğulayıb ki, Əziz Əliyev hətta tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra da Dağıstan, onun xalqı ilə əlaqələri kəsməyib. Dağıstanda onu sevən, ona xoş münasibət göstərən çoxlu dostu olub. "Əziz Əliyev Dağıstan torpağında parlaq iz, xalqımızın qəlbində xoş xatirə qoyub. Əziz Əliyevin əmək fəaliyyəti, həyat yolu, vətəni Azərbaycana və ikinci vətəni sayılan Dağıstana sevgisi bizə - həm dağıstanlılara, həm də azərbaycanlılara sülh və yaxşı qonşuluq şəraitində yaşamağı, dostluğu qorumağı, gənc nəsildə bu dostluğa hörmətlə yanaşmağı vəsiyyət edir", - deyə o əlavə edib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Prezident İlham Əliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb. Dövlət müşaviri qeyd edib ki, Əziz Əliyevin xatirəsi Dağıstan xalqının yaddaşında daim yaşayır. Onun Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsi bunun bariz nümunəsidir. "Dağıstanda Əziz Əliyevlə birgə işləyən, onu tanıyan bir çox tanınmış, hörmətli insanlar, mədəniyyət və elm xadimləri, sadə dağıstanlılar görkəmli dövlət xadimi haqqında qiymətli xatirələr söyləyiblər, onun həyat və fəaliyyəti barədə kitablar yazıblar. Bu insanlardan biri də Ramazan Hacımuradoviçdir ki, o, qəlbinin hərarəti ilə "Əziz Əliyev və Dağıstan" adlı kitab yazıb", - deyə akademik əlavə edib.

Kamal Abdullayev bildirib ki, Azərbaycan və Dağıstan xalqları arasında dostluq münasibətlərinin dərin kökləri var. Ulu öndər Heydər Əliyev bu münasibətlərin qorunub inkişaf etdirilməsinə xüsusi diqqət göstərirdi. Hazırda bu siyasi kurs Prezident İlham Əliyev və Prezident Vladimir Putin tərəfindən uğurla davam etdirilir. Azərbaycanın və Dağıstanın çoxmillətli respublikalar olduğunu deyən Kamal Abdullayev bildirib ki, hər iki diyarda tolerantlıq və multikulturalizm qədim köklərə malikdir.

Əziz Əliyevin Dağıstanı, onun xalqını səmimi qəlbdən sevdiyini və bunu siyasi və ictimai xadim kimi fəaliyyəti ilə sübut etdiyini deyən dövlət müşaviri bildirib: "Çox qısa bir vaxtda o, dağıstanlıların etimadını və sevgisini qazanıb. Onlar bu gün də bu insanın respublika qarşısında xidmətlərini unutmur, onun xatirəsini əziz tuturlar. Qardaş Dağıstan xalqının dövlət, siyasi və ictimai xadimlərini bir araya toplayan bu mərasim də bunun bariz nümunəsidir".

Dövlət müşaviri vurğulayıb ki, Əziz Əliyev çoxşaxəli siyasi fəaliyyəti ilə Dağıstan xalqının etnik-mədəni dəyərlərinin, dilinin qorunmasına və inkişafına, bu dillərdə qəzet, jurnal və kitabların nəşr edilməsinə, milli teatrların yaradılmasına xüsusi diqqət yetirirdi. "Əziz Əliyevin fəaliyyət dairəsini xarakterizə edən bütün bu faktlar onun multikultural dəyərlərə bağlılığından, ictimaiyyətdə müxtəlifliyin mövcud olmasına onun tolerant münasibətindən xəbər verir. O, əsrlər boyu formalaşmış etnik-mədəni müxtəlifliyi əsas dəyər hesab edirdi və onu qoruyurdu. Bu dəyərlər bu gün həm Azərbaycanda, həm Rusiyada, o cümlədən Dağıstanda xüsusi diqqət və qayğı ilə qorunur", - deyə K.Abdullayev vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Azərbaycan və Dağıstan xalqları arasında mövcud dostluq əlaqələrindən danışaraq bildirib ki, dövlət başçıları respublikalarımız arasında strateji xarakterə əsaslanan münasibətlər qurublar. O, Azərbaycan ilə Dağıstanı əsrlər boyu ümumi nailiyyətlərin bağladığını, xalqlarımızın və dövlət başçılarımızın səmimi qonşuluq, bərabərhüquqlu əməkdaşlıq və strateji tərəfdaşlıq nümunəsi nümayiş etdirdiklərini deyib. "Bu gün Dağıstan Azərbaycanın Rusiyanın regionları arasında ən böyük iqtisadi tərəfdaşıdır. Bu, çoxəsrlik ünsiyyət ənənələrinə, sıx və çoxşaxəli əlaqələrə malik yaxın qonşular arasında belə də olmalıdır. Əziz Əliyevin bir sıra illər ərzində Dağıstan Respublikasının rəhbəri olması ölkələrimizin xalqlarının tarixi taleyinin konkret insanların taleyində çulğalaşmasının parlaq əksidir", - deyə A.Əlizadə vurğulayıb.

Görkəmli dövlət xadiminin Böyük Vətən müharibəsi zamanı siyasi fəaliyyətindən ətraflı danışan AMEA-nın prezidenti bildirib ki, o çətin illərdə Vermaxt ordusu faşist Almaniyasının strateji hədəflərindən biri olan Azərbaycana - neftlə zəngin Bakının sərhədlərinə yaxınlaşırdı. Bu yolda isə Bakının neft hövzəsini qoruyan Dağıstan dayanırdı. Bu dövrdə Sovet hakimiyyətinə ciddi qərarlar verməyi bacaran rəhbər lazım idi. Bu çox böyük işin öhdəsindən təcrübəli, regionu yaxşı tanıyan rəhbər gələ bilərdi və məhz buna görə də ölkə rəhbərliyi Əziz Əliyevi 1942-ci ildə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin etdi.

Akademik vurğulayıb ki, Azərbaycanın və Dağıstanın dövlət xadimi olan Əziz Əliyev tutduğu vəzifələrdən asılı olmayaraq onun həyatının əsas mənası səhiyyə ilə bağlı idi. Azərbaycanda müasir səhiyyənin təməli sovet dövründə qoyulub. Xalqımız bu sahəni formalaşdıranları ehtiramla anır və bu insanların arasında Əziz Əliyevin də şərəfli adı var.

Görkəmli dövlət xadimi Əziz Əliyevin səhiyyə sahəsində xidmətlərindən danışan Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qeyd edib ki, bu gün yubileyini qeyd etdiyimiz, elm, təhsil, səhiyyə sahələrində istedadlı təşkilatçı olan və bu sahələrdə böyük nailiyyətlər əldə edən Əziz Əliyev tariximizin görkəmli şəxsiyyətlərindən biridir. Səhiyyə, elm və təhsil sahəsinin böyük bir dövrü Əziz Əliyevin adı ilə bağlıdır. 1930-cu illərdə Azərbaycanda peşəkar həkimlər çatışmırdı və buna görə də Tibb Universiteti yaradıldı. 1932-ci ildə Əziz Əliyev bu universitetin rektoru oldu və mükəmməl ali təhsil müəssisəsi yarada bildi. O, səhiyyə sahəsinin maddi-texniki bazasının təkmilləşdirilməsinə, peşəkar kadrların hazırlanmasına, gənclərin xaricdə təhsil almalarına böyük önəm verib. Onun ən böyük xidmətlərindən biri də Tibb Universitetində fənlərin ana dilimizdə tədris edilməsinin təşkili idi. Əziz Əliyevin rəhbərliyi dövründə Tibb Universiteti üçün Azərbaycan dilində çoxlu sayda kitablar yazılıb. Bu, o dövr üçün çox çətin idi.

Akademik bildirib ki, Əziz Əliyev repressiyada olduğu üç il müddətində də boş oturmayıb, çoxlu monoqrafiyalar, məqalələr, kitablar yazıb. Milli Məclisin komitə sədri vurğulayıb ki, Əziz Əliyevin artıq 55 ildir aramızda olmamasına baxmayaraq, o, bu gün də bizim xalqlarımızı birləşdirir və düşünürəm ki, Azərbaycan və Dağıstan xalqlarının rəmzidir.

Tədbirin yüksək səviyyədə təşkil edildiyinə görə Dağıstan Respublikasının başçısına və xalqına minnətdarlığını bildirən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev vurğulayıb ki, bu mərasim, eyni zamanda, Dağıstan və Azərbaycan xalqlarının dostluğunun və qardaşlığının bayramıdır. Görkəmli dövlət xadimi Əziz Əliyev haqqında bu günədək çox xoş sözlərin deyildiyini bildirən Ş.Xanbabayev həmin fikirlərin arasında ən layiqlisinin məhz ulu öndər Heydər Əliyevin səsləndirdiyini vurğulayıb. Ulu öndər Heydər Əliyev deyirdi: "Əziz Əliyev həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi. Bizim xalqımız üçün bunun xüsusi əhəmiyyəti var, ona görə ki, xalqımız, Azərbaycanın ən yaxşı oğulları təkcə öz ölkəsində deyil, həm də başqa ölkələrdə, respublikalarda layiqli yer tuta bilir. Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur". Ümummilli lider Heydər Əliyevin Əziz Əliyev haqqında dediyi bu sözlər böyük şəxsiyyətin bütün ömür yolunu əks etdirir.

Məruzə ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli qeyd edib ki, Əziz Əliyevin zəngin bioqrafiyasını vərəqləyərkən onun daxılı enerjisinin, həyatsevərliyinin şahidi olursan. Dövlət xadiminin xüsusi təşkilatçılıq bacarığından danışan rektor bildirib ki, Əziz Əliyev hər zaman xalqın yanında olub. Onun elmi əsərləri indi də aktuallığını itirmir.

"Əziz Əliyev həyatının əsl mənasını vətənpərvərlikdə, xalqa yardım etməkdə, gənc kadrların hazırlanmasında, ölkə üçün məsuliyyətli tapşırıqların reallaşdırılmasında görürdü. Əziz Əliyev qeyri-adi təşkilati istedada, yaradıcılıq bacarığına, hərtərəfli akademik təhsilə sahib idi. Onun həyatının böyük hissəsi Azərbaycanda səhiyyə sahəsinin inkişafına həsr olunub", - deyə G.Gəraybəyli bildirib.

Çıxış edən Dağıstan Elm Mərkəzinin tarix, arxeologiya və etnoqrafiya institutunun professoru Murtuzəli Hacıyev qeyd edib ki, İkinci Dünya müharibəsi illərində və ondan sonrakı dövrdə Əziz Əliyevin Dağıstan Respublikasının inkişafında böyük rolu olub. Onun adı Azərbaycan və Dağıstan tarixinin parlaq səhifələrini təşkil edir.

Konfransda çıxış edən digər natiqlər Əziz Əliyevin görkəmli dövlət xadimi olmaqla yanaşı, elmi fəaliyyətdə də böyük uğurlar qazandığını söyləyib, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında onun xidmətlərini xüsusi qeyd ediblər.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/501871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR