Azərbaycanda illərlə qul kimi saxlanılan Volodyanın ŞOK HEKAYƏTİ

Azərbaycanda illərlə qul kimi saxlanılan Volodyanın ŞOK HEKAYƏTİ
14:04 6 Yanvar 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonu, Köçəsgər kənd sakini Tağıyev Elsevər Şərif oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Lent.az-ın əldə etdiyi məlumatlara görə, Tağıyev Elsevər Şərif oğlu, 2007-ci ilin fevraldan etibarən Rusiya Federasiyasının vətəndaşı olan zərərçəkmiş şəxs Naumov Vladimir Mixailoviçi Köçəsgərdə yerləşən özünə məxsus həyət evindəki şəraitsiz daxmada saxlamaqla həmin kənddə sahibi olduğu iri və xırda buynuzlu mal-qara fermasında tapşırdığı işləri yerinə yetirməyəcəyi, eləcə də olduğu yeri icazəsiz tərk edəcəyi halda öldürəcəyi ilə hədə-qorxu gəlib mütəmadi olaraq şillə, yumruq və ayaq zərbələri ilə döyərək zor tətbiq etməklə hədələyib. Naumovu daim fiziki və psixi təsir altında saxlayaraq, müxtəlif işlərin yerinə yetirilməsinə məcbur edib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən  2014-cü ilin aprel ayında keçirilən əməliyyat-axtarış tədbiri zamanı Elsevər Tağıyevə məxsus həyət evində baxış keçirilərkən Rusiya Federasiyasının vətəndaşı Naumov Vladimir Mixailoviç həyətyanı sahədə aşkar olunub.

 

Təqsirləndirilən şəxs Tağıyev Elsevər Şərif oğlu Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb

 

“Anam onun paltarını da yuyub, biz birlikdə nahar etmişik”

 

Elsəvər Tağıyev təqsirləndirilən şəxs qismində dindirilərkən həyətində saxlanılan iri buynuzlu mal-qaraya isə özünün, anası Hürnisə Tağıyeva və həyətində qalan Volodya kimi tanıdığı şəxsin baxdığını deyib. Həmin şəxs özünü onlara Volodya kimi tanıdıb, o Volodya kimi tanıdığı Vladimiri ilk dəfə 2010-cu ilin əvvəllərində Ağstafa rayonunun mərkəzinə gedən yolun kənarında yerləşən maşın təmiri sexində görüb. Həmin ərəfədə o Nizami Mehtiyevə məxsus Köçəsgər kəndindəki qoyun fermasında briqadir kimi işlədiyini, Nizaminin 2004-cü ilin əvvəllərində vəfat etdiyini, onun bütün mülkinə, ferma da daxil olmaqla Gülnaz Mehtiyevanın sahiblik, rəhbərlik etdiyini bildirib. 2010-cu ilin əvvəllərində Gülnaz Mehtiyevaya məxsus ağ rəngli “Niva – VAZ-2121” markalı maşını təmir üçün Ağstafa rayonunun mərkəzinə gedən yolun kənarında yerləşən təmir sexinə aparan vaxt təmir sexində Tolik kimi tanıdığı Tacəddin adlı ustanın yanında milliyyətcə rus olan şəxsi görüb və həmin şəxsin özünü ona Volodya kimi təqdim etdiyini bildirib. Tacəddin isə ona həmin şəxsin yoldan keçərkən sexə gəldiyini və iş axtardığını bildirib. Volodya ilə söhbət edən zaman həmin şəxs ona iş axtardığını, qalmağa yerinin olmadığını bildirərək iş və qalmaq üçün yer tapılmasında ona köməklik etməsini xahiş edib, o da həmin şəxsə yazığı gəldiyini onunla birlikdə getməyi təklif edib. Volodya adlı şəxs razılaşdıqdan sonra həmin gün onu işlədiyi yerə aparıb, bir neçə gün sonra Gülnaz fermaya gələndə Volodyanı orada görüb həmin şəxs barəsində maraqlanıb. O da Gülnaza həmin şəxsin adının Volodya olduğunu və qalmağa yeri olmadığı üçün fermaya gətirdiyini bildirib. Gülnaz etiraz etməsə də, bu barədə lazımı orqanlara məlumat verməyi məsləhət bilib, o da Volodyanın fermada saxlanması ilə bağlı Ağstafa rayon icra hakimiyyətinin Köçəsgər kənd nümayəndəsi olan Şöhrət Məmmədova şifahi şəkildə məlumat verib.

Volodya Gülnazın fermasında işləsə də, onun evində qalıb. Təxminən 4-5 ayın tamamında o, çox vaxt Gülnazın fermasında olan tikilidə qalmağa başlayıb. Həmin tikilidə şərait normal olub, işıq və istilik sistemi təmin edilib, tikilidə qızınmaq üçün elektrik sobası da yerləşdirilib. Volodya orada mal-qaranın açılıb buraxılması işini görüb, işində və hərəkətində çox sərbəst olub, heç kim ona təsir etməyib.  Elsevər öz ifadəsində 5 ay sonra Volodyanın naməlum şəraitdə onlara xəbər vermədən çıxıb getdiyini bildirib. 3-4 ay sonra o, özünə avtomaşınla evinə gedən vaxt, evə 300-400 metr qalmış Tamara adlı qadının mağazasında saxlayıb mağazaya girib, mağazadan qənd alıb çıxanda Volodyanı mağazanın qarşısında görüb ondan nə işlə məşğul olduğunu soruşub. Bundan sonra o, evə gedib, bir neçə dəqiqə sonra Volodya da onlara gəlib. O, Volodyanı qəbul edib, çirkli paltarlarını dəyişib ona öz paltarlarından verib. Volodya da paltarını dəyişdikdən sonra süfrə arxasında oturub onunla birgə nahar edib.

 

Bundan sonra Volodya həyətində evə bitişik tikilidə yerləşdirib, ora televizor da qoyduğunu bildirib. Bundan başqa tikilidə qaz sobasının və işığın olduğunu da deyib. Həmin tikilidə əvvəllər o özü ailəsi ilə birlikdə yaşadığını bildirib. Elsevərin dediyinə görə, Volodyadan sənədləri barədə maraqlandıqda sonuncu ona heç bir sənədinin olmadığını, pasportunu da 1990-cı illərdən sonra Azərbaycana gələndə itirdiyini, uzun müddət Tovuz rayonu ərazisində Şəmil adlı şəxsin fermasında işlədiyini də bildirib. Volodyanın heç bir sənədi olmadığından onu qeydiyyata almaq mümkün olmayıb və bu səbəbdən o polisə müraciət edib. Aralarında heç bir rəsmi razılaşma və ya əmək müqaviləsi olmayıb. Volodyanın işi mal-qaranın saxlanmasında ona köməklik etməkdən ibarət olub.

 

“Mən ona zorla iş gördürməmişəm”

 

Təqsirləndirilən şəxs Tağıyev Elsevər Şərif oğlu öz müdafiəsi üçün dəlillər gətirərək Naumov Vladimir Mixailoviçə qarşı hədə-qorxu, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə  qanunvericiliklə müəyyən edilməyən xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla müəyyən işlərin yerinə yetirilməsinə məcbur etmədiyini, bunun kənd sakinləri tərəfindən təsdiqləndiyini, habelə Vladimir Naumov barəsində hüquq-mühafizə orqanlarına müraciət etdiyini və Ağstafa RPŞ-da bununla bağlı sorğu edildiyini bildirib.

 

“İki dəfə yemək verirdilər, öz qabaqlarından qalanı, xarab olanı”

 

 

 

İş üzrə zərərçəkən şəxs qismində dindirilən Rusiya Federasiyasının vətəndaşı Naumov Vladimir Mixailoviç ifadəsində işləmək məqsədilə 1999-cu ildən 2000-ci il tarixədək Gürcüstanda olub. O bildirib ki, işlədiyi müddətdə əslən Azərbaycandan olan, lakin Gürcüstanda məskunlaşmış şəxslərlə də əlaqə saxlayıb. Həmin şəxslər ona Azərbaycanda iqtisadi durumun yaxşı olduğunu deyiblər. Bundan sonra Azərbaycana gedib,  orada münasib iş tapmaq həvəsi yaranıb. Beləliklə, 2000-ci ilin yanvar ayında o, Azərbaycana gəlib, gəldiyi ilk rayon isə Balakən rayonu olub. 2006-cı ilin təxminən dekabr ayında o, Ağstafa rayonuna yola düşüb, Ağstafa rayonunda Qırlı kəndinə gedib və orada maşın sexində Tacəddin adlı şəxslə tanış olub. Tacəddinə qaynaq işini bacardığını bildirib, sonuncu da ona sexində qaynaqçı kimi işləməyi təklif edib. Tacəddin onun maddi imkansız, kimsəsiz olduğunu bilib, həmin gün onunla birlikdə evinə gedib yemək yeyib. Ondan sonra yenidən sexə qayıdıb, sexdə olarkən Elsevər adlı şəxs ora gəlib. Elsevərlə tanış olduqdan sonra Tacəddinlə aralarında söhbət olub, o, söhbətlərdən Elsevərin onu öz yanında işlətmək üçün aparmaq istədiyini başa düşüb. Bundan sonra Elsevər onu özü ilə götürüb, Nizami adlı şəxsin fermasına aparıb. Elsevərin özü də həmin fermada briqadir işləyib. Nizaminin özü isə eşitdiyinə görə, Rusiyada qətlə yetirilib. Onun fermasına isə yoldaşı Gülnaz adlı qadın rəhbərlik edib. Orada o, Elsevərin nəzarəti altında işləyib. Gülnazın fermasında işlədiyi müddətdə ona yaşamaq üçün böyük bir tikilinin ön hissəsindən olan girəcəyində kiçik daxmaya bənzər bir otaq veriblər. Həmin otaq şəraitsiz idi. Qeyd edilən otağın iki pəncərəsi olsa da, şüşəsiz imiş. İçəridəki soba isə yararsız imiş .Vladimirin dediyinə görə, sobaya odunu atanda otağa tüstü dolurmuş, hətta yanan odunun sobadan sıçrayıb otağa düşdüyü hallar da olub. Bu cür təhlükəli olduğu üçün o, sobanı heç qızdırmayıb, məcbur olub orada soyuqda qalıb. Əksər vaxtlarda xəstələnib, lakin dərman verən, ona baxan olmayıb. Həmin vəziyyətdə onu hətta axşamadək işlədiblər. Amma bir söz deyə bilməyib, çox qorxub. Qaçmağa yeri də olmayıb, oraları yaxşı tanımadığından, həm də ki, Azərbaycan dilində yaxşı bilmədiyindən qaça bilməyib.

 

Naumovun dediyinə görə, ona iki dəfə yemək verirmişlər. Yemək isə keyfiyyətsiz imiş. İşinin müqabilində isə ona bir qəpik də pul verilməyib. O, qoyunların otarılması, yemlənməsi, habelə yerlərinin çirkabdan təmizlənməsi işləri ilə məşğul olub, həmin fermada təxminən 8-9 ay işləyib.

 

 

“Məni hey döyürdü”

 

 

Nizami rəhmətə getdiyi üçün sonuncunun əmlakı yoldaşı Gülnaz, qardaşı Vidadi, qohumu Vaqif və Elsevərin arasında bölünüb. Fermada saxlanılan qoyunlardan təxminən 150 başı Elsevərə verilib. O, Nizaminin fermasında işlədikdən sonra dözülməz şəraitə görə, oradan qaçıb Mülkülü kəndində yerləşən Bəylər adlı şəxsə məxsus fermaya gedib. Orada Bəylərə qalmağa yerinin olmadığını bildirib. Bəylər də fermada ona yer ayıraraq yerləşdirib, onunla çox mülayim rəftar edib. Orada təxminən 3 ay qalıb qoyun və mal-qaraya baxıb. Bəylər ona sərbəstlik verib, yeməyini vaxtında çatdırıb.

 2007-ci ilin fevral ayında o, Mülkülüdən Köçəsgərə gələrək, Ələsgər adlı şəxslə görüşmək istəyib. O, Ələsgəri Nizaminin fermasında işləyən vaxtı tanıyıb. Həmin şəxs Nizamigilin qonşuluğunda yaşayıb.

 

Vladimirin dediyinə görə, Ələsgər çox yaxşı insan olub. O, gördükləri zülmlərin qarşısında belə bir insanın olmasına çox sevinib. Lakin Köçəsgərə ikinci dəfə gələndə, kənddə Tamara kimi tanıdığı qadının işlədiyi mağazanın qarşısındaykən, yoldan keçən Elsevər onu görüb və yanına çağırıb. Yaxınlaşdıqda Elsevər ona maşına əyləşib onunla birlikdə getməyi təklif edib. Vladimir imtina etsə də, Elsevər zorla məni onu maşına mindirib aparıb. Volodya yenidən həmin daxmada yerləşdirilib. Elsevər oranı tərk etmək istədiyi halda başına oyun açacağını bildirib, hətta öldürəcəyi ilə də hədələyib.

 

Qaldığı daxma Elsevərin evinə bitişik olub. Otağın divarları sellofan torba ilə bağlanıb, orada olan çarpayı isə dəmirdən imiş. Elsevərin evi fermadan bir qədər aralıda olub. Fermanın qonşuluğunda isə onun qardaşı olan Elbəyinin evi yerləşib. Elsevər onu səhər saat 6-dan, axşam saat 9-dək işlədib. O, fermadan çıxa bilməyib. Əlaqə saxlamaq üçün mobil telefonu da yox imiş. Fermanın qapıları daima bağlı olub, həyətdə itlər də saxlanılıb. Bir neçə dəfə o, hasardan qaçmaq istədikdə, itlər onu qapıblar.

 

Bir dəfə Elsevər fermaya gəlib qoyunlara dərman verilməsini ona tapşırıb. O, qoyunlara təzəcə dərman verildiyini bildirib. Bu isə Elsevərin xoşuna gəlməyib, onu vəhşicəsinə döyüb. Daha sonra ona durub işləməyi əmr edib. Və yenə də bildirib ki, qaçacağı halda onu öldürəcək.

Vladimirin dediyinə görə, Azərbaycanda qeyri-qanuni yaşadığından qorxub. Bundan başqa ferma kəndin qurtaracağında yerləşdiyindən, ərazini yaxşı tanımadığına görə, qaçıb hüquq-mühafizə orqanlarına müraciət edə bilməyib. Elsevərin nəzarəti altında işlədiyi müddətdə ona hər gün iki dəfə keyfiyyətsiz yemək verilib. Verilən yemək də köhnə olub.

Naumovun dediyinə görə, şəraitsiz və soyuq otaqda, soyuqdan ölməmək üçün Elsevər bəzi vaxtlarda ona spirtli içki verirmiş. Onun dediyinə görə, Elsevər daim ona nəzarət edib. Elsevərin nəzarəti o dərəcədə güclü olub ki, hətta kənd məclislərinə gedəndə belə onu özü ilə aparıb. Bir sözlə, onu gözdən buraxmayıb. O, da Elsevərin tapşırıqlarına, göstərişlərinə əməl etmək məcburiyyətində qalıb.

 

Nəhayət, 2014-cü il, aprelin 5-də, fermaya bir neçə mülki geyimdə olan şəxs daxil olub. Onlar özlərini İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirib fermaya baxış keçirəcəklərini deyiblər. Həmin şəxslər Naumovu elə fermada aşkar ediblər...

Məhkəmə yanvarın 12-də baxılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR