Xeyir-duasız toy faciəyə döndü - FOTO

Xeyir-duasız toy faciəyə döndü - FOTO
14:05 6 Yanvar 2015
202 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistan demokratiyaya can atdığını, insan haqlarının tam təmin olunduğu ölkəyə çevrilməyə çalışdığını bəyan etsə də, ölkədə insanların kasta mənsubiyyətlərinə əsasən yaşamlarının müəyyənləşməsi davam edir.

Kastalar arasında ən hüquqsuzu, aşağılananı "toxunulmazlar" adlanan dalitlərdir.
Dalit kastasının mənsubu olan gəncin "normal" ailədən olan qızla evlənməsi və toyu faciə ilə bitib.
 
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Sandip Rani və onun xanımı Krişbu Ram "adət-ənənə"lərin qurbanı olublar.
 
24 yaşlı Sandip çox sevdiyi Krişbu ilə evlənmişdi. Onların nikahlarına Krişbunun ailəsi qəti etiraz etmiş, Rani ailəsinə qız verməyəcəklərini demişdilər. Lakin gənclər valideynlərinin iradələrinə zidd olaraq ailə qurmuşdular.
 
Ram ailəsinin intiqam alacağını yaxşı bilən Sandip Rani əvvəlcə Pəncab, sonra Haryana ştatlarının polis idarələrinə müraciət etmiş, ölüm təhdidi altında olduğunu demişdi. Fəqət polis gənclərin təhlükəsizliyini təmin etməkdən boyun qaçırmışdı.
 
Bundan sonra Sandip Rani Haryana Ali Məhkəməsinə üz tutmuşdu və hakim də gənclərin polis mühafizəsinə götürülməsi barədə qərar çıxarmışdı.
"Qərar vardı, amma polis yenə oğlumla gəlinimi qorumadı. Onların ölümlərində polisin də suçu böyükdür", - Sandipin anası Udham Kaur deyib.
 
Pəncab ştatındakı Xoşiyarpur kəndinə qayıdandan sonra Sandiplə Krişbu yenə ölüm təhdidləri aldıqları üçün onlar Çandiqarx şəhərindən 120 km aralıdakı Muqoval kəndinə yollanmışdılar.
 
Sandip bu kənddə dostunun evində qalırdı və Ram ailəsinin qisasından qurtulduğunu düşünürdü.
O, yanılmışdı.
 
Axşam evə qayıdanda 5 nəfər maskalı şəxs Sandipə, onun atası Parkaşa Krişbuya hücum ediblər.
Üzlərində maska, əllərində dəhrə və balta olan şəxsləri görəndə Parkaş irəli atılaraq oğlunu qorumaq istəyib. Balta zərbəsindən yıxılan Parkaşı vurandan sonra maskalılar Sandipi doğrayıblar.
 
Krişbu çox ağır yaralar almışdı və polis hadisə yerinə gələndə "Bizə 5 maskalı hücum etdi" deyəndən sonra keçinib.
Parkaş Rani xəstəxananın reanimasiya bölməsinə yerləşdirilib. Onun vəziyyəti kritikdir.
 
Onun sözlərinə görə, hücum zamanı maskalılardan birinin maskası üzündən düşüb və o, Krişbunun atası Sodhi Ramı tanıyıb.
Xoşiyarpur polis idarəsinin rəisi Rajit Sinqh Hundal Rani ailəsinin iddialarını rədd edərək asayiş keşiçkilərinin ölümdə suçlu olmadıqlarını bildirib.
Hindistan sakinlərinin 17 faizinin "toxunulmazlar" adlanan dalitlər olduğu bildirilir.
 
Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR