Yeni il şənliklərində uşaqlara tutulan toy

Yeni il şənliklərində uşaqlara tutulan toy
14:32 6 Yanvar 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

Yeni ildə uşaqlarına bayram sevinci yaşatmaq üçün övladlarını əyləncə mərkəzlərində təşkil olunmuş yeni il şənliklərinə aparan valideynlər, bu məkanlarda keçirilən şənliklərdən narazı qalıblar.

Bununla bağlı movqe.az-a çoxsaylı şikayət məktubları daxil olub. Valideynlərin sözlərinə görə, bayram şənliklərində narazılığa səbəb olan müxtəlif məqamar olub.

Yeni il şənliyinə iki azyaşlı övladını gətirən Fəxriyyə Kazımova deyir ki, uzaq məsafə qət edib uşaqlarını əyləndirmək üçün şənliyə gətirsə də, uşaqlar şənlikdən narazı qalıblar:

"İdman Kompleksinə birtəhər daxil olsaq da, oturmağa yer tapmadıq. Elə ilk baxışdan hiss olunurdu ki, kompleksdə oturacaqların sayından dəfələrlə artıq bilet satılıb. Birtəhər ayaq üstə dayanıb şənliyi izlədik. Amma uşağın marağına səbəb olan heç bir əyləncəli səhnəcik olmadı. Şaxta baba, demək olar ki, uşaqlarla ünsiyyət qurub onlara sual vermədi. Qar qız toyxana mahnısına meydanda rəqs etdi. Bircə maraqlı gözbağlayıcının təqdimatında oldu ki, onu da balacalar çox izləyə bimədi. Çünki gözbağlayıcı elə yerdə illüziya göstərirdi ki, şənliyə gələnlərin bir qismi onun illüziyalarına tamaşa edə bilirdi. Yerdə qalan balaca tamaşaçılar elə boylana-boylana qalmışdı. Uşaqların sevimli qəhrəmanlarından heç bir səhnəcik görmədik. Halbuki, biletdə "Maşa”nın maraqlı səhnəciyinin olacağını qeyd etmişdilər. Demək olar ki, şənliyin tərtibatı bərbad vəziyyətdə idi. Ortaya bir müğənni çıxdı ki, oxumağa o da toyxana mahnısı ifa elədi. Təsəvvür edin müğənni yeni il şənliyində uşaqlar üçün "Qoymazlar çıxaq gedək buralardan” mahnısını ifa elədi. Bir sözlə, balacaların ruhunu oxşayan mahnı belə səslənmədi. Halbuki, şənlik uşaqlar üçün "Yeni il şənliyi” adlanırdı. Sözün açığı, o qədər pul verib bilet aldığıma görə təəssüfləndim. O pula əyləncə mərkəzlərində uşaq daha zövqlə əylənə bilərdi. Uşaqlar üçün hazırladıqları hədiyyələrin içərisində isə qiyməti 10 qəpikdən yuxarı şirniyyat tapmaq mümkün deyildi”.

Qeyd edək ki, Yeni ildə uşaqlar üçün təşkil edilən şənliklərdən valideynlərin çoxu narazı qalıb. Bizim diqqətimizi cəlb edən isə bu şənliklərdə uşaqların nağıl qəhrəmanları arasında milli nağıl qəhrəmanlarının, milli musiqilərin səslənməməsi idi. Yeni il şənliklərində canlandırılan nağıl qəhrəmanlarının çoxu əcnəbi cizgi filmlərindən götürülən personajlar idi. Səslənən musiqilər isə uşaqları milli ruhdan çox uzaqlara aparan, onların yaşı ilə səsləşməyən rok musiqilər təşkil edirdi. Bu il Yeni illə bağlı müxtəlif məkanlarda uşaqlar üçün təşkil edilən bayram şənliklərinə baxdıqdan sonra belə nəticəyə gəlmək olar ki, şənliyin təşkilatçıları maddi baxımdan ancaq qazancı fikirləşdiklərindən şənliklərdə rejissor işi, yaradıcı heyətin işi, demək olar ki, arxa plana keçib. Yeni il şənliklərinin hazırlanmasında peşəkarlıq, demək olar ki, ancaq uşaqlar üçün ixtisaslaşmış teatrlarda nəzərə alınmışdı. Müxtəlif idman komplekslərində təşkil edilən bayram şənliklərində isə məqsəd uşaqları əyləndirmək yox, bayramdan istifadə edərək qazanc əldə etmək idi.

Elə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov da bu cür şənlikləri təşkil edənlərin bir marağının olduğunu, məqsədin pul qazanmaqdan ibarət olduğunu söyləyir. Rejissor deyir ki, bayram şənlikləri bəziləri üçün ancaq qazanc mənbəyi olsa da, bu cür şənliklərin təşkili yüksək peşəkarlıq tələb edir: "Bayram şənliklərinin təşkili üçün yüksək peşəkarlığı olan yaradıcı heyət işləməlidir. Bu cür şənliklər uşaqlar üçün təşkil olunduqda xüsusi olaraq rejissor işləməlidir. Şənlik elə təşkil olunmalıdır ki, şənliyə gələn kiçik tamaşaçının zövqünü oxşasın. Həm əyləndirsin, həm düşündürsün. Belə şənliklər üçün personajların seçimində diqqətli olmaq lazımdır. Uşaqların sevdikləri nağıl, cizgi filmi qəhrəmanlarını peşəkarcasına yeni baxışla təqdim etmək lazımdır. Bu cür şənliklərdə musiqi seçimi də nəzərə alınmalıdır. Əlbəttə, uşaqlar üçün yeni il şənliyində toyxanada ifa olunan mahnının ifa olunması şənliyi yola verməkdir. Amma iş bununla bitmir. Pul qazanmaq xatirinə uşaqlara lazımsız informasiyalar ötürmək, onların zövqünü korlamaq olmaz. Bu uşaqların yaddaşında uzun müddət qalır və onların gələcəyə baxışına öz təsirini göstərir. Çox təəssüf ki, bu cür şənliklərdə əcnəbi nağıl, cizgi filmi qəhrəmanları təbliğ edilir.

Halbuki, özümüzün o qədər maraqlı personajları olan nağıllarımız var ki, yeni baxışla təqdim etmək olar. Biz bunu öz teatrımızda edirik və çox maraqlı qarşılanır. Əlbəttə, bunun üçün rejissor, peşəkar yaradıcı heyət işləməlidir. Bayram şənliklərini təşkil edənlər bu qədər pul xərcləyib rejissor cəlb etmək, həmin personajlara uyğun geyim sifariş vermək və sair xərcləri üstləmək istəmirlər. Onlar üçün ən asanı əcnəbi cizgi filmi qəhrəmanlarını təbliğ etməkdir. Hansı ki, əcnəbi cizgi filmlərini bütün dünyada təbliğ eləmək üçün güclü təbliğat maşını işləyir. Baxmayaraq ki, həmin cizgi filmi qəhrəmanları aqressiya aşılayır, uşaqlara şiddəti, zoru təbliğ edirlər”.

Yaranmış vəziyyət göstərir ki, bu cür bayram şənliklərinin keçirilməsinə ciddi nəzarət olunmalıdır. Əks halda özümüz də bilmədən gələcəyimiz olan uşaqları əlimizlə təhlükəyə sürükləyəcəyik.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR