Əli Həsənov Mingəçevirdə məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub - FOTO

Əli Həsənov Mingəçevirdə məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub - FOTO
14:52 6 Yanvar 2015
264 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 14:44 ]

Bakı Avropa Oyunlarının iştirakçısı olan idmançılar və komandaların nümayəndələri üçün bu şəhərcikdə lazımi şəraitin yaradıldığını bildirilib

Mingəçevir. Elvin Yaqubov - APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə yanvarın 6-da Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, müvafiq dövlət qurumlarının və tikinti şirkətlərinin nümayəndələrinin, eləcə də Mingəçevir şəhər İcra Hakimiyyətinin, şəhərin elektrik enerjisi, təbii qaz, içməli su, istilik sistemi, telekommunikasıya sahələri üzrə idarələrin rəhbərlərinin, eləcə də Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin Atletlər Kəndinin və İdman Xidməti Şöbəsinin müdiri Donna Teylerin, Kanoe Atletlər kəndinin əməliyyat üzrə meneceri İsmayıl Zalovun iştirakı ilə əraziyə birgə baxış keçirən Əli Həsənov yeni şəhərcikdə tikinti işlərinin hazırkı vəziyyəti, indiyədək görülən işlər, nəzərdə tutulan tədbirlərlə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi üçün konkret tapşırıqlarını verib.

 

Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Mingəçevir şəhərinin ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün şəhərciyin salınması işləri sürətlə davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli binalar tikilib. Binalarda 36 ədəd 1 otaqlı, 288 ədəd 2 otaqlı, 234 ədəd 3 otaqlı, 36 ədəd isə 4 otaqlı mənzillər var. Ərazidə bundan əlavə 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binalar tikilib.  

     

 

Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu ilin yayında Bakı Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevirdə keçiriləcək. Həmin yarışların iştirakçısı olan idmançılar və komandaların nümayəndələri bu yeni salınan şəhərcikdə yerləşdiriləcək. Əli Həsənov Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirakı ilə bir neçə dəfə yeni qəsəbədə aparılan tikinti işlərinə baxış keçirdiklərini bildirib:

 

“Bu gün də biz bura səfər edərək yarış təşkilatçılarının tələblərinin yeni şəhərcikdə icra olunması vəziyyətini yoxladıq. Onların dediyinə görə hələ ki, ərazidə işlər yaxşı gedir. İdmançıların qalması və məşq etmələri üçün lazımi şərait yaradılır. Biz bu binaları martın əvvəlində Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinə və Azərbaycan Milli Olimpiya Komitəsinə təhvil verəcəyik. Bu gün Mingəçevir şəhərinin bəzi xidmət təşkilatlarının rəhbərlərinə də yarışlar zamanı bu şəhərcikdə yerləşəcək idmançılara hər cür şəraitin yaradılması üçün öz tapşırıqlarımı verdim. Burada qonaqların rahatlığının təmin olunması üçün lazımi işlər görüləcək. Hesab edirəm ki, şəhərcikdə inşaat işləri artıq başa çatdırılıb. Hazırda binaların daxilində təmir işləri sahəsində və ətrafın abadlaşdırılması ilə bağlı son tamamlama işləri görülür. Bu gün biz Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin Atletlər Kəndinin və İdman Xidməti Şöbəsinin müdiri Donna Teyler və Kanoe Atletlər kəndinin əməliyyat üzrə meneceri İsmayıl Zalovla müəyyən məsləhətləşmələr apardıq ki, gələcəkdə heç bir çətinlik olmasın. Ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq inşaatçılar işlərini vaxtında və keyfiyyətlə icra edirlər. Ölkə başçısı İlham Əliyev Mingəçevirə səfəri zamanı bu yeni şəhərciyə də baxış keçirəcək, yaradılan şəraitlə tanış olacaq”.  

 

Baş nazirin müavini Əli Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib və onlara öz tövsiyələrini verib. 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR