Daha bir estakadayanı meydançada əsaslı təmir işləri aparılacaq

Daha bir estakadayanı meydançada əsaslı təmir işləri aparılacaq
15:38 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi 680 nömrəli estakadayanı meydançada əsaslı təmir işləri aparılacaq.

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istehsalat obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, eləcə də mövcud infrastrukturlarda yenidənqurma işlərinin aparılması məqsədi ilə təsdiq edilmiş Tədbirlər Proqramına uyğun olaraq, 680 nömrəli estakadayanı meydançada əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu məqsədlə təsdiqlənmiş layihə tapşırığına əsasən, “Səngəçal-dəniz” sahəsində, dənizin 14,5 metr dərinliyində yerləşən 680 nömrəli meydançada yükdaşıyan konstruksiyaların təmiri, örtük tavalarının dəyişdirilməsi, eləcə də korroziyadan mühafizə tədbirlərinin və elektrik işlərinin görülməsi, rotor və qülləaltı svayların gücləndirilməsi planlaşdırılır. Meydançanın təhlükəsiz istismari məqsədi ilə burada yanğından mühafizə sistemi bərpa olunacaq, dalma nasosları quraşdırılacaq.

Ümumiyyətlə, 2310 kvadratmetr sahəni əhatə edən meydançanın 1750 kvadratmetrlik hissəsi əsaslı təmir ediləcək.

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında təmir olunacaq meydançanın baş podratçısı “Neftqaztikinti” Trestidir.

Qeyd edək ki, 1980-ci ildən istismara verilən 680 nömrəli estakadayanı meydançadan sutkada 65 ton neft hasil olunur.

Xatırladaq ki, bundan əvvəl N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi 144 saylı estakadayanı meydança əsaslı təmir olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2350285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR