Üç uşaq atasını qaçqınlar döyərək ölümcül hala saldılar - FOTO

Üç uşaq atasını qaçqınlar döyərək ölümcül hala saldılar - FOTO
11:27 13 Yanvar 2017
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda mebel ustasını bir neçə nəfər ölümcül döyüb. Rayon sakini Elşad Dadaşovu Kəlbəcər qaçqınları döyərək tanınmaz hala salıblar. Hadisə yanvarın 9-da Goranboyun Hacıalılı kəndində baş verib. 

Zərərçəkmiş E.Dadaşovun həyat yoldaşı Aygün Dadaşova criminal.az saytına bildirib ki, rayon ərazisində çobanlıq edən Kəlbəcər qaçqınları Məzahir, Laçın, Yavər və Bəhruz adlı şəxslər kafedə yeyib-içiblər. Gecə saat 12 radələrində kafenin sahibi vasitəsilə E.Dadaşovu çağırtdıraraq onları evə aparmasını istəyiblər. Kafeyə gələn Elşad onları sərxoş vəziyyətdə görüb aparmaqdan imtina edib. Həmin şəxslər buna görə Elşadla mübahisə ediblər. Elşad Məzahirlə söhbət edən zamanı arxadan baltanın sapı ilə başına ağır zərbə endirilib. Huşunu itirərək yıxılan Elşadı həmin 4 nəfər döyməyə başlayıb. Kafedəki qab-qaçağı başında sındırıblar, baltanın sapı ilə döyüblər. 

''Elşadın öldüyünü düşünən Məzahir onu elə öz maşınına qoyaraq yeznəsi İlqarın evinə aparıb. İlqara deyib ki, Elşadı öldürüb və basdırmağa kömək etsin. Lakin yeznəsi  bundan imtina edib. Daha sonra Məzahir Elşadı qan içərisində öz həyətinə aparıb. Orada Elşadın ayıldığını gördükdə yenə döyməyə başlayıb. Səhər saat 7 radələrində Elşadın əmisi oğluna zəng edərək gəlib meyidi aparmasını deyib. Qohumlar Məzahirin həyətinə gələndə isə daha dəhşətli mənzərə ilə üzləşiblər. Məzahir əlində ov tüfəngini Elşadın başına dirəyərək yaxın gəlməmələrini, əks halda öldürəcəyini deyib. Bundan sonra Elşadın qohumları Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və polisin müşayiəti ilə Elşadı onun əlindən ala biliblər", - deyə A.Dadaşova bildirib. 

A.Dadaşovanın sözlərinə görə, ağır vəziyyətdə Goranboy Xəstəxanasına yerləşdirilən E.Dadaşovun vəziyyəti hələ də ağırdır:

''Dünən komaya düşdüyündən Gəncəyə apardıq. Vəziyyəti stabilləşdikdən sonra yenidən rayona qaytardıq. Əsasən baş və böyrəklərindən xəsarət alıb, danışa bilmir. Polis hələlik Məzahiri saxlayıb. Lakin bir neçə gün əvvəl rayon Polis Şöbəsinə gedəndə Məzahir həyətdə sərbəst gəzirdi''.

A.Dadaşova ailəsində yeganə işləyən şəxsin həyat yoldaşı olduğunu, onun qazancı ilə dolandıqlarını deyir.

''Hazırda 3 uşaqla köməksiz vəziyyətə qalmışam. Uşaqlarımı qızındırmağa odun belə tapmıram. Elşad isə hələ də ağırdır. Məni ən incidən məsələ odur ki, həmin şəxslər Elşadın öldüyünü zənn etsələr də zalımlıqlarından əl çəkməyiblər. Elşadın öldüyünü sanaraq "meyid"inə belə işgəncə veriblər''.

Məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsindən hər hansı açıqlama almaq mümkün olmadı. Bildirildi ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkündür. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/507209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR