Qusarda Şahdağ Regional Turizm Peşə Məktəbi fəaliyyət göstərəcək

Qusarda Şahdağ Regional Turizm Peşə Məktəbi fəaliyyət göstərəcək
20:22 13 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ “Şahdağ Turizm Mərkəzi” QSC-nin ərazisində fəaliyyət göstərən, dövlətə məxsus “Zirvə” otelinin bazasında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbinin yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilir. 
Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən xəbərə görə, bu məqsədlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 2016-cı il 23 dekabr tarixli əmri ilə Şahdağ Regional Turizm Peşə Məktəbi ilə bağlı Komissiya yaradılıb. Təşkilati komissiyanın ilk iclası yanvarın 9-da Azərbaycan Turizm və Menecment Universitetində keçirilib. Komissiyanın üzvləri yanvarın 10-da “Şahdağ Turizm Mərkəzi”nə səfər edib, müvafiq qurumun idarə heyəti ilə görüşüblər. Səfər zamanı mövcud infrastukturla tanış olunub, zəruri kadr potensialının formalaşdırılması məsələləri hərtərəfli araşdırılıb.
Şahdağ Regional Peşə Məktəbinə ilk şagird qəbulunu 2017/2018-ci tədris ilində mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadçı-şirniyytaçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə qəbulun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, dövlət başçısı tərəfindən imzalanan “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il, Nazirlər Kabinetinin 9 sentyabr 2016-cı il tarixli sərəncamlarının müvafiq bəndlərində turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) yaradılması məqsədilə müvafiq torpaq sahəsinin və əmlakının ayrılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.



Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/qusarda-sahdag-regional-turizm-pese-mektebi-fealiyyet-gosterecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR