Bu dəyişiklik nədir - intizam, yoxsa ölüm təhlükəsi? - FOTO

Bu dəyişiklik nədir - intizam, yoxsa ölüm təhlükəsi? - FOTO
14:22 14 Yanvar 2017
1468 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 12-dən etbarən paytaxtda Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan "Şamaxinka" deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib.


Azəravtoyol" ASC-nin rəsmi məlumatına görə, xüsusən günün pik saatlarında sözügedən əraziyə avtonəqliyyat vasitələrinin həm Bakı Dairəvi-1 avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi "tıxac"a, hərəkətin iflic olmasına səbəb olur. Sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədi ilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf Bakı Dairəvi-1 avtomobil yolundan gələn avtomobillər üçün ayrılıb. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülüb.

Lakin yol hərəkətində edilən bu dəyişiklik heç də hamının ürəyincə olmayıb. Bəzi sürücülər bundan şikayət edir, bunun əslində nəqliyyatın hərəkətinə təhlükə yaratdığını deyirlər.

Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sözügedən məsələ ilə bağlı Milli.Az-a bildirib ki, bu dəyişiklik hərəkətin nizamlanmasına yox, vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq:

"Xüsusən axşamlar, pik saatlarda hərəkətin ən çox intensiv olduğu vaxtda Bakı Dairəvi yolundan Şamaxinkaya dönüb şəhərə girənlərin 80-90 faizinin məqsədi mikrorayonlara getməkdir. Çünki 20 Yanvar dairəsinə digər tərəfdən də gəlmək olur. İndi orada betonlar qoyulub və yol hərəkətində dəyişiklik edilib. Əvvəllər Moskva prospekti ilə Şamaxinkaya girib tunelin üstü ilə gedəndə tunel başlayan kimi geriyə sağa dönüb 9-cu mikrorayona Mir Cəlal küçəsi ilə getmək olurdu.

İndi yol betonla bağlanıb və daha geriyə dönmək olmur. Bunu ona görə ediblər ki, Dairəvi yolla gələnlər irəliyə 20 Yanvar küçəsi ilə kəsişməyə, Alatavaya dönən yerədək getsinlər və aşağıdan keçib ikinci yoldan dönsünlər. İndi nəqliyyatın hərəkətinin tıxandığı yeganə nöqtə məhz həmin yerdir - Dairəvi yolla 20 Yanvar küçəsi ilə kəsişməsidir. Orada ərazidə yol üstə də dayanacaq var, üstəlik Alatavaya dönəndə də dayanacaq var və hər ikisində çoxlu avtobuslar, taksilər dayanır. Bir sözlə, bu dəyişiklikdən sonra pik saatlarda orada aləm bir-birinə qarışır. Ona görə də belə getsə, 3-4 günə orada vəziyyət daha da qəlizləşəcək".

Şikayətlə bağlı "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Milli.Az-a deyib ki, bu addımı atmaqda məqsəd sürücüləri məcburən nizam-intizama riayət etməyə təhrik etməkdir: "Biz sadəcə sürücüləri nizamlı idarəetməyə təhrik edirik. Buna qədər həmin ərazidə sürücülər avtomobili nizamlı idarə etmirdilər, həm Bakı Dairəvi yolundan, həm də Sumqayıt yolundan gələnlər bir-birinin yoluna girirdilər, bir-birinin qabağını kəsirdilər. Nəticədə də hərəkət iflic olurdu. Biz isə onların yalnız bir zolaqla getməsi üçün ora beton maneələrdən sədd düzəltmişik.

Yəni biz sürücüləri bir-birinin hərəkətinə mane olmamağa məcbur edirik. Çünki Dairəvi yoldan çıxanlar birinci geridönmədən dönüb qayıtmaq üçün o biri hərəkət zolaqlarına, digər hərəkət istiqamətindən gələnlərin qarşısına keçməli olurdular və nəticədə orada sıxlıq baş verirdi. İndi irəli gedərək tunelin ikinci geridönməsindən dönə və ya düzünə 20 Yanvar dairəsi istiqamətində gedə bilərlər. Üstəlik, onların daha rahat hərəkət etməsi üçün oradakı yol sağa doğru 3-4 m enliyində genişləndiriləcək. Nəticədə bir yox, iki hərəkət zolağı yaranacaq".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/507691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR