"Yerli əhalidən hər zaman xoş münasibət görmüşük" - Nelaida Xanukayeva - FOTO

"Yerli əhalidən hər zaman xoş münasibət görmüşük" - Nelaida Xanukayeva - FOTO
22:22 14 Yanvar 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunun Privolnoye kəndində rus yəhudilərindən ibarət 15 ailə yaşayır. Onlardan biri də Xanukayeva Nelaida Aleksandrovanın ailəsidir. O, bu kənddə qızı ilə birgə yaşayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, N.Xanukayevanın ailəsi Cəlilabada 1840-1845-cı illərdə gəlib. Əvvəllər xristian dininə mənsub olsalar da, sonradan yəhudi dinini qəbul ediblər. "Yerli əhalidən hər zaman xoş münasibət görmüşük. Artıq cəlilabadlılarla qaynayıb-qarışmışıq. Demək olar bir-birimizdən seçilmirik. Bununla belə, öz adət-ənənələrimizi də yaşatmağa çalışırıq", - deyə N.Xanukayeva vurğulayır.

Adət-ənənələrdən söz düşmüşkən ağbirçək deyir: "Biz şənbə günü təsərrüfat işi ilə məşğul olmuruq. Bu, dinimizdə buyrulur. Əvvəllər bayramlarda bir evə yığılıb dəri üzərinə yazılmış "Tövrat"dan ayinlər oxuyardıq. Həmin məclisdə ən azı başı papaqlı 10 kişi olmalı idi. Artıq o ənənələr unudulmaq üzrədir. O məclislərdə oxunan dəridən hazırlanmış "Tövrat" indi Bakıda sinaqoqda saxlanılır".

Milli yeməklərdən danışan N.Xanukayeva qeyd edir ki, yeməkləri yerli təamlardan heç də fərqlənmir. Gözümüzü burada açmışıq, mətbəximiz də demək olar ki, oxşarlıq təşkil edir: borş, əriştə, plov... Bizim milli lavaşımız var ki, ona duzsuz lavaş deyirlər. İldə bir dəfə, amma səkkiz gün yeyirik. Bu da bir adətdir...

Nelaida Xanukayeva Cəlilabadda onlara göstərilən münasibətdən razılıqla danışır: "Şəraitimiz çox yaxşıdır. Kənd təsərrüfatı ilə məşğul oluruq. Kəndə qaz çəkilib, pensiya alıram. Sağ olsun, Azərbaycan dövləti qayğımıza qalır".

Privolnoye kənd inzibati ərazi dairə nümayəndəsi Ələsgər İmanov bildirib ki, Cəlilabadda az sayda rus yəhudiləri var və onlar yerli xalqla mehriban yaşayırlar. Dövlətimiz də çalışır ki, azsaylı xalqlar öz adət-ənənələrini qoruyub saxlasınlar, onu inkişaf etdirsinlər. Bu baxımdan onlara lazımi şərait yaradılır. Bu gün Azərbaycan əbəs yerə dünyada multikulturalizm məkanı kimi tanınmır. Tarixi yüz illərə söykənən bu tolerantlıq ənənəsi bu gün də uğurla davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR