Dilarə Səlim: “Fikrim kamerada olduğundan atın əlimi çeynədiyini bilməmişəm”

Dilarə Səlim: “Fikrim kamerada olduğundan atın əlimi çeynədiyini bilməmişəm”
13:37 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

“Fəxri ad alan vaxt efirdəyidim”
Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı, AZTV-nin və Azərbaycanın tanınmış aparıcısı Dilarə Səlimin “Report”a müsahibəsi
- Bu yaxınlarda "Əməkdar artist" fəxri adını almısınız. Bəs xəbəri ilk kimdən eşitdiniz, reaksiyanız necə oldu?
- Həmin vaxt efirdəydim. Birdən studiyada baş rejissor, redaktor, işçilər və s. sayının getdikcə artdığını gördüm. Mən bu qədər adamın studiyaya yığışmasına ilk dəfə şahid olurdum. Ona görə də həyəcanlandım və nə isə baş verdiyini düşündüm. Ancaq efirdən sonra yaxınlaşıb məni təbrik etdilər, məsələdən xəbərdar oldum. Təbii ki, çox sevindim. Çünki insan əməyinin qiymətləndirildiyini görəndə illərin hədər getmədiyini anlayır.
- Siz Azərbaycan Dillər Universitetini bitirmisiniz. Ancaq öz peşənizə uyğun fəaliyyət göstərmirsiniz. Niyə məhz jurnalistika?
- Əslində, mən məktəbi bitirəndə də, ali təhsil müəssisəsinə qəbul olunanda da fikrimdə jurnalistika var idi.
- Bəs ixtisas seçimini özünüz etməmisiniz?
- Təbii ki, özüm etmişəm. Ancaq atam bir az mühafizəkar insan idi. Mənə jurnalistikanın "qız işi" olmadığını, əlində mikrofon küçə-küçə gəzməyimə icazə verə bilməyəcəyini dedi. Mənim ya həkim, ya da müəllimə olmağımı istədi. Həkim olmaq heç istəmirdim, müəllimliyə də həvəsim yox idi. Lakin xarici dilləri öyrənməyə marağım var idi. Nəticədə Azərbaycan Dillər Universitetinə qəbul oldum. Flologiya jurnalistikaya yaxın olduğundan alman dili tərcüməçiliyi ixtisasını seçdim. Təhsil aldığım müddətdə jurnalist işləməyə başladım, atam da jurnalistikaya olan həvəsimi görüb daha mənə heç bir əngəl törətmədi.  
- Sizcə, hansısa bir insanın jurnalist işləməsi üçün mütləq jurnalistika fakültəsini bitirməsı vacibdirmi?
- Bəzən nailiyyətləri çox olan birini görəndə onda Allah vergisi, fitri istedad olduğu deyilir. Ancaq mən hesab edirəm ki, bu sənətə gəlmisənsə, onun incəliklərini, əsaslarını bilmədən böyük nailiyyətlər əldə edə bilməzsən. Bu baxımdan, bəxt üzümə güldü. Alman dilini bildiyimə görə Alman-Azərbaycan Cəmiyyətinin üzvüyəm. Tədbirlərdə iştirak etdiyim zaman alman dilini bilənlər üçün jurnalistika kursu yaradıldığını və uyğun namizəd kimi də məni seçdiklərini bildirdilər. Təbii ki, bu kursun da mənə həm dil, həm də jurnalistika baxımdan çox xeyri dəydi.
- Bəs atanız etiraz etmədi?
-  III kursda oxuyan tələbələri Berlin Universitetine 5 illik Alman dili tərcüməçiliyi üzrə təhsil almağa göndərirdilər. Ancaq həmin vaxt atam Almaniyaya oxumağa getməyimə icazə verməmişdi. Lakin işləyərkən bu cür fürsət yarandı və atam daha mənə mane olmayacağını bildirdi. 
- Ümumiyyətlə, özünüzü peşəkar sayırsınızmı?
- Fikrimcə, kimsə özünü peşəkar sayırsa, deməli, durğunluq dövrünü yaşayır. Məncə, bunun üçün illərlə təhsil almaq və təcrübə toplamaq lazımdır. Mən indi də mütailə edirəm. Bir müddət universitetdə dərs də demişəm. Təbii ki, hər dəfə yeni bir şey öyrənirdim. İnsan öyrəndikcə baxış bucağı da dəyişir. Hər şeyi bildiyimi desəm, yalan olar. Hələ çox şeyi bilmirəm. Peşəkarlar özləri də dayanmadan öyrənirlər.
- Heç tanınmış biri olmaqdan usandığınız anlar olubmu?
- 1990-cı illərdə hələ tələbə olarkən efirə çıxmağa başlamışam. Həmin vaxt yeganə telekanal AzTV idi və insanlar daima eyni simaları görürdülər. Düşünün, illər sonra efirdə yeni bir sima görünməyə başladı. İlk həftədən tanınmağa başladım və tezliklə məşhurlaşmışdım. Lakin illər keçdikcə tanınmış simaya çevrilmək məni yormağa başladı. Çünki ailəmlə haradasa oturmaq istəsəm, bütün gözlər üstümdə olurdu. Təbii ki, çox fərqli hiss idi. Auditoriyaya xitab etməklə onun içində olmaq başqa bir şeydir.
- Bu sahəyə gələndə ən çətinlik çəkdiyiniz məqam nə olub?
- Mən orta məktəbdə və universitetdə də rus dilində təhsil almışam. Ona görə də Azərbaycan dilində xəbər aparmaq mənim üçün olduqca çətin idi. Əvvəlcə müəllimim Rafiq Hüseynov idi, daha sonra Roza xanımla davam etdim. Mənə Azərbaycan dilində sözlərin tələffüzü zamanı sait səslərində kobudluğa yol verdiyimi deyirdi. Ancaq rus dilində təhsil aldığımı, həmçinin alman dili üzrə tərcüməçiliyi bitirdiyimi bildikdən sonra bunun haradan qaynaqlandığını başa düşdüyünü dedi. Mənimlə bir müddət məşğul olduqdan sonra nəhayət ana dilində sözləri düzgün tələffüz etməyə başladım. Təbii ki, kitablar çox köməyimə çatdı.
- Onda mütaliəni sevirsiniz...
- Bəli, çox sevirəm. Mənim üçün istirahət kitabdır. Əgər yayı dəniz kənarında kitab oxumamış keçirsəm, kifayət qədər dincəlmədiyimi hesab edərəm. Çünki mütaliə çox vacibdir. Bəzən öz dilimizdə tapa bilmədiyin hansısa bir sözün 3-4 sinonimi olduğunu görürsən. Ona görə də belə hallarla qarşılaşmamaq üçün mütaliə ən gözəl çarədir.
- Yəqin ki, televiziyada fəaliyyət göstərdiyiniz müddətdə yaddaqalan anlarınız çox olub...
- Hə, əlbəttə... Mən "Kinofakt" verilişini hazırlayırdım. Bir dəfə çəkiliş zamanı başıma belə bir hadisə gəlib. Fikrim kamerada idi. Mətni danışa-danışa əlimdə əlcəklə atı sığallayırdım. Birdən arxamdakı uşaqların mənə baxıb güldüklərini gördüm. Sən demə at əlimi çeynəyirmiş. Başım işə qarışdığından heç nə hiss etməmişəm. Yaxşı ki, əlimdə əlcək var idi. İndi texnologiya çox inkişaf edib. Bizim vaxtımızda çox çətinliklər var idi. Ən çox başımıza gələn hadisə isə canlı yayımda lampaların partlaması olurdu. Uzun müddət canlı efirdə yayımda olanda lampa qızırdı və qəflətən partlayırdı. Hətta bir dəfə mənim də başıma gəlib. Ancaq bacardığımız qədər bildirməməyə çalışırdıq.
- Yeni nəsil aparıcılar içində bəyəndiyiniz var?
- Bugünkü aparıcılarda bəzən mütaliə çatışmazlığı hiss edirəm. Fikrimcə, sənəti üzrə təhsil almaq və mütaliə etmək olduqca vacibdir. Mətbuatın cəmiyyətə təsir gücü böyükdür. Gərək aparıcılar da bunu anlaya bilsinlər. Mətbuat bir insanı zirvələrə qaldıra, hətta həmin zirvədən aşağı endirə də bilər. Ən əsası səmimiyyət olmalıdıdır. Çünki səmimilik aparıcını tamaşaçıya sevdirir, həmsöhbətinin ürəyini açması daha rahat olur. Əgər hansısa bir aparıcı canlı yayım zamanı daima özü, görünüşü haqqında düşünsə, veriliş heç vaxt uğurlu olmaz.
- Reytinq xatirinə çəkilən proqramlara münasibətiniz necədir? Sizcə, həmin verilişlərə qadağa qoyulmalıdırmı?
- Əgər dava-dalaş, çirkab, söyüş nümayiş etdirməklə qazanılan tamaşaçı kanalı çevirib daha pis səviyyədə veriliş taparsa ona da baxacaq. Beləliklə, bu, sənin tamaşaçın olmur. Mən isə veriliş hazırlayanda düşünən tamaşaçılara müraciət etməyə çalışıram. Həmişə demişəm ki, 100 yox, 50 nəfər tamaşaçım olsun, ancaq məni anlasın, düşünsün.
- Ümumiyyətlə, xarakterinizi təsvir edə bilərsinizmi?
- Səmimi, prinsipləri olan bir insanam və düzgün düşünməklə düzgün hərəkət etməyə çalışıram.
- Ailənizə nə qədər vaxt ayırırsınız?
- Mən həm işimə, həm də ailəmə vaxt ayırmağa çalışıram. Bəzən ailəmin vaxtından "oğurladığım" vaxtlar da olur. Ancaq seçim qarşısında qalsam, düşünmədən ailəmi seçərəm. Həyat yoldaşımla işlərimiz tamamilə fərqlidir. Biz onun biznes işlərinə görə bir müddət xaricdə də yaşamışıq. Qızlarımın isə mənim sahəmə heç maraqları yoxdur. İki qızım var, hazırda tələbədirlər. Böyük qızım biznes, kiçik övladım isə beynəlxalq əlaqələr sahəsini seçib.
- Uzun illərdir AzTV-də işləyirsiniz. Heç başqa telekanalda işləməyi düşünmüsünüz?
- Bilirsiniz, yaradıcılığında ilk addımlarını AzTV-də atan insan buranı öz evi kimi qəbul edir. Bu televiziyanın divarları mənə o qədər doğmadır ki... Fikrimcə, bura mənim ikinci evimdir. Hətta yoldaşımın işi ilə bağlı 5 il fəaliyyətimə fasilə verdim. Türkiyədə, Avropada yaşadıq. Mən Azərbaycana qayıtdıqda bu qədər fasildən sonra davam etməyəcəyimi düşünürdüm. Ancaq yenə də doğma divarlar məni özünə doğru çəkdi.
- Yəqin ki, özəl telekanallardan təkliflər gəlib...
- Bəli olub. Ancaq istədiyim verilişləri həmin telekanallarda istədiyim kimi təqdim edə bilməyəcəyimi düşünərək öz doğma kanalımda fəaliyyət göstərməyin daha yaxşı olduğunu hesab etmişəm. 





Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/dilare-selim-fikrim-kamerada-oldugundan-atin-elimi-ceynediyini-bilmemisem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR