Braziliyalı məşqçinin Azərbaycandan getməsinin səbəbi bilindi

Braziliyalı məşqçinin Azərbaycandan getməsinin səbəbi bilindi
19:57 16 Yanvar 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan milli komandasının və "Araz" klubunun baş məşqçisi Milton Luiz Ziller Junior (Miltinyo) ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş edib və onun bu istəyi nəzərə alınıb.


Bundan sonra baş məşqçi səlahiyyətlərini Biro Jade kimi tanınan Maşado Nilson Dos Santos həyata keçirəcək.


Bu barədə millimizin və "Araz"ın kapitanı Rizvan Fərzəliyev qaynarinfo.az-a açıqlamasında bildirib: "Bu gün Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov bizi yanına çağıraraq komandanın baş məşqçisi Miltinyonun istefa verdiyini dedi. Onu mayadək millidə və klubda köməkçisi Biro Jade əvəzləyəcək. Yəni apreldə Bakıda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə millimizi Biro Jade çıxaracaq".


O ki qaldı Miltinyonun istefasına, Fərzəliyev bunun doğrudan da ailəvi məsələyə görə olduğunu təsdiqləyib: "Bir müddət idi ki, o, oğlunun xəstəliyindən danışırdı. Bildiyimə görə, onun oğlunun ağır xəstəliyi vardı. Ona görə də getmək istəyirdi. Yoxsa Miltinyonun işindən narazılıq yox idi. Kolumbiyadakı dünya çempionatında nəticə vermiş biri idi".


Qeyd edək ki, braziliyalı məşqçinin dönəmində Azərbaycan millisi ötən il ilk dəfə iştirak etdiyi Kolumbiyadakı dünya çempionatında qrup mərhələsindən çıxmış və 1/4 finaladək irəliləmişdi. Lakin o, "Araz" klubu ilə UEFA Kubokunun Elit mərhələsində bu uğurun davamını gətirə bilməmiş və komanda qrupda qalmışdı. Federasiya prezidenti isə turnirdən sonra onun işindən narazılığını bildirmişdi.


Bununla belə, Miltinyonun özü də sosial şəbəkədə ailəsinə görə ayrılma xəbərini təsdiqləyib və oyunçulara, məşqçilərə, eləcə də Zaur Axundova bu müddətdə işbirliyindən dolayı təşəkkürünü çatdırıb. Sonda onu da bildirək ki, Miltinyonun 3 oğlu (Maks, Mateus, Murilo) var.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-braziliyal-mqcinin-azrbaycandan-getmsinin-sbbi-bilindi-t55612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR