Azərbaycan dövləti milli, dini adət-ənənələrə sadiqdir

Azərbaycan dövləti milli, dini adət-ənənələrə sadiqdir
17:22 6 Yanvar 2015
176 Sosial
Ölkə mətbuatı
A- A+

Ölkədəki sağlam dövlət-din münasibətləri bütün dünya üçün nümunə ola bilər
Azərbaycan həmişə dini tolerantlıq nümunəsi olub. Ölkəmizdə hər zaman bütün dini konfensiyaların nümayəndələrinə etiqad azadlığının təmin edilməsi üçün hər bir şərait yaradılıb. Artıq ənənə halını alan bu tendensiya bu gün də davam etməkdədir. Bəlkə də Azərbaycan yeganə ölkədir ki, burada müsəlman, xristian, yəhudi ibadətgahları istifadəyə verilərkən bütün dini icmaların təmsilçiləri bunu birlikdə qeyd edirlər. Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı mərasimində olduğu kimi.

Azərbaycanın dini tolerantlıq baxımından bütün dünyaya nümunə olacaq səviyyəyə qalxmasında cəmiyyətin xarakterik xüsusiyyətləri ilə yanaşı, dövlətin, onu idarə edənlərin bu sahəyə xüsusi diqqəti də böyük önəm kəsb edir. Ümummilli lider Heydər Əliyevin zamanından Azərbaycan dövləti milli, dini ənənələrimizə sadiqlik nümayiş etdirib.

Prezident İlham Əliyevin də Heydər məscidinin açılışı mərasimindəki çıxışında qeyd etdiyi kimi, hələ sovet dövründə Ulu Öndər milli dəyərlərə böyük diqqət göstərib. Onun bu sahədəki fəaliyyəti xalq tərəfindən yüksək qiymətləndirilib.
Müstəqillik dövründə də Ulu Öndərin xalq qarşısında əvəzolunmaz xidmətləri olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində sağlam zəmində dövlət-din münasibətləri qurulub: "O, həmişə qeyd edirdi ki, biz öz milli, dini adət-ənənələrimizə sadiq olaraq müasir, güclü dövlət qurmalıyıq. Bu idi onun strateji baxışları. Dövlət-din münasibətlərinin qurulması, formalaşması böyük nailiyyətimizdir. Bu gün də bu siyasət davam etdirilir".

Bunlar adi sözlər deyil. Məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanda 500-dən çox məscid tikilib, yüzlərlə məscid təmir edilib. Ulu Öndər müqəddəs Kəbənin içində namaz qılıb.

Ümummilli liderin əsasını qoyduğu bu siyasət, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. İlham Əliyev də dövlət-din münasibətlərinin formalaşması, daha da təkmilləşməsi istiqamətində nəzərəçarpacaq və neçə onilliklər xatırlanacaq addımlar atır. Faktlara diqqət yetirək: son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilib və ya təmir edilib. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi də onların arasındadır. Hazırda İmamzadə dini, tarixi, mədəni mərkəzində təmir-bərpa işləri aparılır. Bu günlərdə Bakıda Cənubi Qafqazın ən böyük məscidi - Heydər məscidi açılıb.

Azərbaycanda başqa dinlərin də məbədləri, o cümlədən dövlət vəsaiti hesabına tikilir, təmir edilir. İndiyə kimi rus pravoslav, katolik, alban kilsələrinin tikintisi, təmiri işlərində dövlət öz dəstəyini göstərib. Ölkədə, həmçinin sinaqoqlar tikilir, təmir edilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilib: "Bu, bizim üçün təbiidir. Çünki bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin normal yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir. Bax, bu iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn istəklər, sifarişlər, eyni zamanda, dövlət siyasətimiz".

Təbii ki, müstəqililk illərində milli, dini dəyərlərə göstərilən diqqət və müəyyən edilmiş istiqamət bugünkü Azərbaycanın güclənməsinə xidmət edir. Çünki indi bizim güclü iqtisadiyyatımız var. Siyasi dayaqlarımız da möhkəmdir. Ən önəmlisi, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı vahid yanaşma, vahid mövqe var. İctimai-siyasi vəziyyət müsbətdir və əlbəttə ki, dövlət-din münasibətləri burada böyük rol oynayır. Azərbaycanda bütün azadlıqlar - mətbuat azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün Azərbaycanda təhlükəsizlik tam şəkildə təmin edilib. İctimai iqlim müsbətdir. Burada dövlət-din münasibətləri və dinlərarası münasibətlərin də xüsusi yeri var: "Bu gün bu, belədir, sabah da belə olacaqdır. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk. Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər də müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm. Gəlsinlər Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda xarici qonaqlar məndən bunu soruşurlar. Bunu izah etmək üçün gərək bir neçə gün vaxt sərf edəsən. Çünki yenə də deyirəm ki, bu, dövlət siyasətimizdir. Eyni zamanda, tarixən belə olubdur. Azərbaycan da və cəmiyyət də bu gözəl mənzərəni görərək öz töhfəsini verir ki, bu proses daim davam etsin".

Azərbaycan həm də bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəsini verir. Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır: "Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar, qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir".

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR