Respublikaçı Senat və Konqres fəaliyyətə başlayır

Respublikaçı Senat və Konqres fəaliyyətə başlayır
17:27 6 Yanvar 2015
181 Digər
Ölkə mətbuatı
A- A+

Yeni tərkibli qanunverici orqan xarici siyasətdə hansı dəyişiklikləri həyata keçirəcək?
Respublikaçıların nəzarəti ələ aldığı ABŞ Konqresinin hər iki palatası - Nümayəndələr Palatası və Senat bu həftə işə başlayır. Senatda əksəriyyətin lideri olacaq senator Mitç Makkonnell bəyan edib ki, qanunverici orqanın ilk işi Kistoun neft kəməri layihəsinin təsdiq edilməsi, eləcə də xarici siyasətlə bağlı bir sıra məsələlər olacaq. Layihənin tərəfdarları bununla yeni iş yerlərinin açılacağını və ABŞ-ın enerjidən asılılığının azalacağını deyir. Demokrat opponentlər isə neft kəməri layihəsinin ətraf mühitə böyük zərər verəcəyini və yeni iş yerlərinin yalnız az hissəsinin daimi olacağını bildirir. ABŞ-da keçirilən seçkilərin nəticələrinə əsasən respublikaçılar son 8 ildə ilk dəfə ABŞ Konqresində, Senatda üstünlüyə malik olub. Respublikaçılar yuxarı palatada 52-55 aralığında yerə sahib olublar. Obamanın partiyası - demokratlar isə 46 yerə sahib olduqlarını bildiriblər. Ümumiyyətlə, respublikaçıların qələbə çalması Obamanın və partiyasının nüfuzunun aşağı olmasını göstərir. Hətta son məlumatlara görə Obamanın reytinqi 40%-dən də aşağıdır. Hətta Senata seçkilərdə bəzi demokratlar belə Obamanın onları dəstəkləməyini istəmirdi. Nəticədə Konqresdə Respublikaçılar Partiyası gücləndi və Obamaya qarşı müqavimət yarandı. İndi o, istədiyi qanunu Konqresdə keçirə bilməyəcək. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bu, Obamanın son prezidentlik dövrüdür və aydındır ki, o, səlahiyyətləri ilə vidalaşmalı olacaq. Əsas məsələ odur ki, demokratlar Barak Obamanın yerinə heç olmasa daha layiqli namizədlə prezident seçkilərinə qatılsınlar. Hazırda ən çox Hillari Klintonun adı çəkilir, onun şansı daha çoxdur. Amma hələlik respublikaçılar güclənib lazımi səsləri toplayıblar və bu səslər hesabına Obamaya qarşı güclü müqavimət təşkil edəcəklər.

Yeri gəlmişkən, bu həftə demokrat qanunvericilər Milad və Yeni il bayramları tətilindən sonra Obamanın iqtisadi siyasət kursunun əsas məqamlarını açıqlamaq üçün ABŞ-ın üç şəhərinə səfərlər edəcəklər. Demokratlar prezidentin iqtisadi siyasətinin Amerika iqtisadiyyatının tənəzzüldən çıxmasına kömək etdiyini bildirirlər. Hər iki palatada respublikaçıların prezident Obamanın səhiyyə islahatları proqramı və mühacirətə dair qərarını dəyişməyə çalışacağı gözlənilir. ABŞ-da son bir neçə seçki mühacirət qanunlarında islahatların gündəmə gətirilməsi ilə keçirilir. Lakin təhlilçilər deyir ki, Barak Obamanın bəzilərinə müvəqqəti sığınacaq verilməsinə dair mühacirətlə bağlı qərarı islahatları kölgə altına alır. ABŞ prezidentinin qərarı 4 milyon sənədsiz mühacirin ABŞ-da müvəqqəti statusla təmin edilməsini nəzərdə tutur. Lakin Konqresin təsdiqi olmadan mühacirət islahatlarının həyata tətbiqi imkansızdır. Son seçkilərdə Konqresin hər iki palatasının nəzarətini ələ keçirən respublikaçıların cavabını Nümayəndələr Palatasının spikeri Con Beyner verib: “Prezident bərabər çalışmaqdansa, təkbaşına addım atır. Bu, demokratiyaya zidd bir əməldir”. Meksikanın Rays Universitetinin Beyker İnstitutunun direktoru Toni Payan Obamanın qərarının kölgədə qalanlara yardım edəcəyini deyir: “Onlar qanuni və mənəvi baxımdan Amerika iqtisadiyyatı, Amerika cəmiyyətinə inteqrasiya edəcək. Lakin bu qərar respublikaçıların qütbləşməsi baxımından əks-produktiv təsirə malik olacaq”. Sənədsiz mühacirlər prezidentin qərarını alqışlasalar da, bəziləri bu məsələdə təzadlı fikirlərə malikdir. Ekspertlər bu il respublikaçıların nəzarətində olan Konqreslə prezident Obama arasında islahatlarla bağlı razılıq əldə ediləcəyini düşünmür. İslahatlar qanunu çox ehtimal ki, 2016-cı ilin prezident seçkilərinədək arxa plana çəkiləcək.

Ən əsas məsələlərdən biri də xarici siyasətlə bağlıdır. Respublikaçıların üstünlüyü bu məsələdə özünü necə göstərəcək? Bütün dünyanın siyasi dairələrində bu məsələ ən ciddi şəkildə müzakirə olunur. Rusiyanın Ukraynaya müdaxiləsi, bu fonda ona qarşı təzyiqlərin artıb-artmayacağı da zaman məsələsidir. ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının həm Nümayəndələr Palatası, həm də Senatda qələbə qazanmasının xarici siyasətə ciddi dəyişikliklərin gətirəcəyi proqnozlaşdırılır. Təxminlərə görə, bu dəyişikliklər ilk növbədə, Rusiya ilə münasibətlərdə özünü göstərəcək. Seçkilərdən əvvəl namizədlər Rusiya ilə münasibətlər məsələsini kifayət qədər əhəmiyyətli hesab etmirdilər. Əsas müzakirə mövzusu isə Avropa İttifaqı ilə ticarət, “İŞİD” terror qruplaşması ilə mübarizə və Suriyadakı “vətəndaş müharibəsi” idi. Amma iddia etmək çətindir ki, respublikaçılar seçkilərdən sonra da Rusiyaya laqeydliyi saxlayacaqlar. Ən əsas məsələlərdən biri də Türkiyə, daha dəqiq desək, erməni icması ilə bağlıdır. Bəlli olduğu kimi, bu il ermənilər qondarma soyqırımlarının 100 illiyinin keçirilməsinə hazırlaşırlar. Bu sırada isə onların ən böyük ümid yeri Birləşmiş Ştatlardır. ABŞ-dakı erməni lobbisi ümid edir ki, respublikaçı çoxluq onların arzusunu ürəklərində qoymayacaq. Lakin anlamaq istəmirlər ki, respublikaçılarla Türkiyəni tarixən strateji münasibətlər bağlayıb. Hətta ermənilərə rəğbətlərini gizlətməyən demokratlar belə qondarma soyqırımı tanımadılar. Belə olan halda respublikaçıların “soyqırımı” tanıyacaqları heç bir halda baş tutmayacaq. Böyük ehtimalla yenə də, qondarma soyqırımı, yalnız və yalnız “faciə” kimi qiymətləndirə bilər. Ağ evin rəhbəri də əvvəlki illərlə müqayisədə yenə də, 1915-ci ildə baş verənlərdən təəssüf hissi keçirəcəyini bəyan edəcək. O ki qaldı ölkəmizlə münasibətlərə - yeni tərkibli qanunverici orqanın ölkəmiz üçün prioritet olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hansısa qərarların qəbuluna çalışacağı gözlənilən deyil. Yenə də enerji məsələsinin prioritet təşkil edəcəyi gözlənilir. Ölkəmizə yeni təyin olunan səfir Robert Cekutanın enerji məsələləri üzrə mütəxəssis olduğu da bunu təsdiq edir. Bu şəxs dövlət katibinin Enerji Resursları üzrə Bürosunda çalışıb. Büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edib.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/317593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR