Hüquq müdafiəçiləri əfv sərəncamını alqışlayırlar

Hüquq müdafiəçiləri əfv sərəncamını alqışlayırlar
17:32 6 Yanvar 2015
249 Digər
Ölkə mətbuatı
A- A+

İmzalanan sərəncamla 87 ailəyə sevinc bəxş edilməsi humanist addım kimi qiymətləndirilir
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü ərəfəsində əfv sərəncamı imzalayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlət başçısına ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alan Azərbaycan Prezidenti Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq belə bir addım atıb. Sərəncama əsasən 82 nəfər cəzanın çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub. Əfv sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 nəfər qadın da cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Azad edilənlər arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, digər jurnalist Sərdar Əliyev, “N!DA” Vətəndaş Hərəkatının üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli, hüquqşünas Qurban Məmmədov və başqaları da olublar.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə Yeni il öncəsi əfv sərəncamının imzalanmasını müsbət qiymətləndirərək, ölkə başçısı tərəfindən ildə bir neçə dəfə belə humanist addım atıldığını vurğulayıb. Onun sözlərinə görə, əfv siyahısında adı olan şəxslərlə yanaşı, onların ailə üzvləri, qohumları, dost-tanışları da sevinib ki, bu da ümumilikdə yüzlərlə insanın sevinci deməkdir: “Dövlət başçısı tərəfindən il ərzində bir neçə dəfə əfv sərəncamı imzalanır ki, bu da əfvə düşən insanlarla yanaşı onların ailə üzvləri, qohumları və ümumilikdə yüzlərlə insanın sevincinə səbəb olur. Bu humanist addım üçün ilk öncə cənab Prezidentə təşəkkür edirik. Bütün hallarda bu humanist addım birmənalı olaraq dəstəklənməli, alqışlanmalıdır. Belə humanist addımdan sonra bəzi insanların müxtəlif fikirlər səsləndirməsi doğru deyil. Müəyyən adamların əfv siyahısında adlarının olmamasından narazı qalanlar absurd fikirlər səsləndirirlər. Amma nəzərə alınmalıdır ki, qanun hamı üçün qanundur. Bu addıma kölgə salmaq əvəzinə, başqa don geyindirmək əvəzinə müsbət dəyərləndirmək lazımdır. Ölkə Prezidenti müəyyən insanların azadlığa çıxması istiqamətində görülən tədbirlərə hətta İnsan Haqları üzrə Birgə İşçi Qrupunun yenidən təşkil olunmasını da daxil edib. Qrupun idarə olunmasına Avropa Şurasının nümayəndəsi Aleksandr Gesse də daxil edilib ki, bu sahədə fəaliyyətə başlanılıb. Bunun gələcəkdə də müsbət nəticələr verəcəyinə inanırıq”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı da Prezident İlham Əliyev tərəfindən imzalanan sonuncu əfv sərəncamını müsbət dəyərləndirib. Deyib ki, hər bir nəfərin əfv olunması, azadlığa qovuşması, bir ailənin sevincidir. Hüquq müdafiəçisi əfv olunan 87 nəfər arasında iki jurnalistin, “N!DA”çı gənclərin, vəkil Qurban Məmmədovun olmasını da yaxşı hal kimi qələmə verib. Arzu edib ki, gələcəkdə imzalanacaq növbəti belə sərəncamlarla daha çox məhbus ailələrində sevinc yaşansın.

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu da bu addımı yüksək qiymətləndirərək, mart ayında növbəti əfv sərəncamı imzalanacağına ümid edib: “Əfv sərəncamının imzalanması elə bir humanist addımdır ki, bu, hər zaman cəmiyyət tərəfindən yaxşı qarşılanır. Bu sərəncamlarla 1 nəfər, yaxud 10 nəfərin əfv olunması, azadlığa çıxması, ailəsinə qovuşması müsbət haldır. Dekabr ayında imzalanan sonuncu əfv sərəncamına İnsan Haqları üzrə Birgə İşçi Qrupunda bir araya gələn insanların hazırladıqları siyahıdan 10 nəfərin də adı salınıb. Bu faktın özü də bizim üçün sevindirici məqamdır. Gözləyirik və ümid edirik ki, mart ayında da yeni əfv sərəncamı olsun”.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı əfv sərəncamını müsbət dəyərləndirib və belə addımların tez-tez atılmasını arzu edib. Onun sözlərinə görə, hazırda həbsdə elə adamlar var ki, onların azadlıqda olması cəmiyyət üçün daha xeyirlidir. Hüquq müdafiəçisi həbsdə olan çoxsaylı insanların məsələsinin Birgə İşçi Qrupunda qaldırıldığını bildirib. S.Bənəniyarlı əfv siyahısında adı olan bəzi şəxslərin məhz Birgə İşçi Qrupunun təqdimatı olduğunu diqqətə çatdırıb. Dövlət başçısına hüquq müdafiəçilərinin mövqeyini nəzərə aldığına görə minnətdarlığını bildirib.

Birgə İşçi Qrupun katibi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov da Prezident İlham Əliyevin son əfv sərəncamını müsbət dəyərləndirib. Bildirib ki, imzalanan sərəncamla 87 ailəyə sevinc bəxş edilməsi böyük humanist addım, birmənalı şəkildə müsbət haldır: “İşçi Qrup oktyabrın 22-də fəaliyyətini bərpa edəndən sonra bizə gələcək fəaliyyətimizlə bağlı çox suallar verilirdi. Biz də izah edirdik ki, İşçi Qrup ona daxil olan müraciətlər əsasında bir sıra orqanlara tövsiyələr verə, hər hansı məsələni qaldıra bilər. Ancaq Məhkəməyə bizim tövsiyə vermək səlahiyyətimiz yoxdur. İşçi Qrup məhkəmənin işinə qarışa bilməz. İşçi Qrup noyabrın 12-də keçirdiyi iclasdan sonra müxtəlif təkliflərlə müvafiq qurumlar qarşısında çıxış etmişdi. Həmin təkliflərdən bir qismi də əfv komissiyasına aid idi. Müəyyən məhkumlarla bağlı biz komissiyaya təkliflər vermişdik ki, Prezident humanist qərarlar qəbul edərkən onlar da nəzərə alınsın. Bu təklif həm komissiya tərəfindən, həm də dövlət başçısı tərəfindən dəyərləndirilib. əlbəttə ki, mən bunu qənaətbəxş hesab edirəm. Bizim verdiyimiz vəsatətlərlə əlaqəli qaneedici qərarlar verilib. Prezident İlham Əliyev bundan əvvəlki əfv sərəncamında olduğu kimi bu dəfə də sərəncam imzalayarkən insan hüquqlarını müdafiə edən təşkilatların mövqeyini nəzərə alıb. Sərəncamda da bu məqam aydın şəkildə göstərilib. Belə bir təcrübəyə ilk dəfə 2005-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamda rast gəlinir. O zaman da Birgə İşçi Qrupuna istinad edilmişdi. Bu, vətəndaş cəmiyyəti üzvlərinin fikirlərinin nəzərə alınması, mühüm bir hadisədir. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların vəsatətlərinə belə həssaslıqla yanaşılması, əfv sərəncamında bunun qeyd edilməsi olduqca əhəmiyyətlidir. İmzalanan sərəncamla 87 ailəyə sevinc bəxş edilməsi isə böyük humanist addım, birmənalı şəkildə müsbət haldır”.

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR