Daxilimizdəki uşaqlıq

Daxilimizdəki uşaqlıq
17:47 6 Yanvar 2015
300 Sosial
Ölkə mətbuatı
A- A+

İnsanın daxildə uşaqlığına qayıtması təbiətən ona xas olan, həqiqi və təbii bir hadisə kimi başa düşülməlidir
Deyirlər, hər yetkin insanın daxilində uşaq yaşayır. Bəzən bizi əhəmiyyətsiz hadisəyə görə sevindirir, ağlasığmaz arzulara ruhlandırır, insanların düzlüyünə, hər şeyin bu həyatda onun üçün daha yaxşı olacağına inandırır. Böyüklərsə, həyata başa cür baxırlar. Problemlərinə qapanır, hər şeyə real baxmağa çalışır, həyatı bəzən rəngsiz və darıxdırıcı görürlər.

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, sevinmək, saf olmaq, yaxşılıq etmək, hər kəs və hər şey barədə yaxşı düşünmək, qayğısız olmaq, küskünlüyü və kini tez unutmaq uşaqlara xasdır: "Əgər uşaqlıqda duyduqlarımızı xatırlaya bilsək, daha çox sevindiyimizi, hisslərimizin daha yüksək olduğunu anlayarıq. Düzdür, bu əlamətlər daha çox uşaqlığı yaxşı keçən, valideyn və ailə üzvləri tərəfindən qayğı ilə əhatə olunmuş insanlara xasdır. Fikir versək görərik ki, uşaqlar böyüklərə nisbətən ad günü, hansısa bir bayram, əlamətdar günlərdə daha çox sevinirlər. Hər şeyə daha həvəslə yanaşırlar. Onların gerçəklikdən uzaq arzuları və xəyalları olur. Böyüklərsə, nisbətən neqativ fikirlərlə və hadisələrlə əhatə olunur. Bu səbəblərə görə də insan daxilindəki uşağı yaşada bilibsə, deməli, həyatda rastlaşdıqları onu o qədər də qırmayıb və sarsıtmayıb. Bu, artıq müsbət haldır. Əgər daxilimizə baxdıqda gizlənmiş uşağı görə bilmiriksə, deməli, onunla birgə çox şeyi öldürməli olmuşuq".

Rzayeva bildirib ki, bir çox xəstəliklərin stress nəticəsində yarandığını nəzərə alsaq, uşaqlara xas qayğısız və müsbət fikirlərlə dolu həyat tərzinin düzgün olduğunu görərik: "Günlərlə fikir çəkmək, özünü üzmək və sevinclərdən məhrum etmək sağlamlığımızın hədsiz zəifləməsi ilə nəticələnər. Təəssüf ki, daxildən yeyən mənfi fikirləri, qeybəti, paxıllığı, nifrəti, qəddarlığı hər kəs silə bilmir və həyatını bu hisslərlə doldurur" deyən psixoloq əlavə edib ki, yetkin insanın baxış tərzi ilə qışa belə baxdıqda çox vaxt həmin dövrü qış yuxusuna dalmaq istəyirsən: "Soyuq hava, alatoranlıq, yorğunluq, yağış və palçıq əksər insanların xoşuna gəlmir. Lakin uşaqlar bunu başqa cür görürlər. Onlar sanki daim macəra axtarışında olur. Bütün bu amillərə baxmadan durmadan oynayır, şənlənir, axşam dincəlirlər. Əsl xoşbəxtliyi fəslə, havaya və başqa əhvalı pozan amillərə baxmayaraq, ciddi problemlər yoxdursa, onlar hiss edirlər".

Bəs həyatı uşaq gözündə görməyi necə öyrənək? Müsahibimiz deyir ki, insanın daxildə uşaqlığına qayıtması təbiətən məhz ona xas olan, həqiqi və təbii bir hadisə kimi başa düşülməlidir: "Uşaqlığa qayıtmaq nə istədiyini anlamaq, özünü aldatmamaq, həqiqi özünü tapmaqdır. Xüsusilə də, insanda daxili konfliktlər baş qaldıranda bunu etmək vacibdir. Bəzən elə olur ki, insan həyat yolunu azır, özünü itirir, özü özünə yad gəlir, daxilində böyüyən boşluq və uçurumların olduğunu hiss edir. Lakin uşaqlıqdakı "mən"inə yaxınlaşdıqca öz həqiqi "mən"ini tapmağa başlayır".

Psixoloq qeyd edib ki, soyuq və alatoranlıq havalar insanlarda ruh dşükünlüyünü daha çox yaradır: "Qış fəslini mövsümi stress də adlandırırlar və bu stressdən qurtulmaq üçün yatmaq əvəzinə uşaqlığı yaşamaq daha çox kömək edir. Qışda hətta adət etdiyimiz şeyləri belə çətinliklə edirik. Qalın geyinmək və s. insanı qıcıqlandırır. Axşam hava tez qaralır və bu da insanı nəsə etmək həvəsindən salır. Soyuğun təsirindən insan daha tez yorulur. Amma uşaqlara fikir versək, onların sevinclə qarlı günlərin nə vaxt olacağını gözləyəcəyini görə bilərik. Tez-tez valideynlərdən "qar nə vaxt yağacaq" soruşur və qışın ən sərt keçən günlərini də həvəslə gözləyirlər. Qarın və ya yağışın yağdığını görəndə pəncərədən elə boylanırlar ki, sanki nağıllar aləmini seyr edirlər. Qar yağanda isə onları evdə tutmaq mümkün olmur".

Uşaqlardan nümunə götürüb günümüzü dolğun keçirsək əhvalımız da xeyli yüksələcək. Həmsöhbətimiz məsləhət görür ki, havanın soyuqluğuna baxmayaraq, bazar günləri təmiz havada gəzintilər təşkil etməyə dəyər. Bunun həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsiri var. "Bazar günlərini mütləq fərqli keçirin. Bu, iş və ya başqa qayğılarla keçən günlərə fasilə verəcək, sizi daha enerjili edəcək. Uşaq kimi şənlənməyə çalışın. Rəqs, idman edin və ya ailəvi hansısa oyunu oynayın. Bir-iki saatlıq da olsa özünüzü uşaq kimi təsəvvür edin. Görün həyat necə dəyişəcək. Yaxasından qurtula bilmədiyiniz məişət qayğıları gözünüzdə kiçiləcək. Bununla da əsəbilik, gərginlik, yorğunluq aradan qalxacaq.

Bəzən insanlar uşaqlığını yenidən yaşadıqda gülməli görünə biləcəklərindən utanırlar. Top oynamağı, nəsə şən bir hərəkət etməyi özlərinə yaraşdırmırlar. Onlar nəzərə almalıdırlar ki, daim ciddi, qaraqabaq olmaqla emosiyalarının boşalmasının qarşısını alırlar. Emosiyalardan qorxmayın. Onları ifadə etmək normal və təbii haldır".

Ekspress.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR