Avtomobillərin qiyməti nə qədər artacaq?

Avtomobillərin qiyməti nə qədər artacaq?
17:47 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Hətta 10 min manatdan artıq qiymət artımı gözlənilir
Milli Məclisdə Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra bir sıra sahələrlə bağlı diqqət cəlb edən xəbərlər yayılmaqdadır. Avtomobillərin qiymətində dəyişiklik ola biləcəyi ilə bağlı məlumatlar da bu qəbildəndir.

Qeyd edək ki, dəyişikliklərə əsasən, bu il yanvarın 1-dən avtomobillərə tətbiq olunan yol vergisi ləğv edilir. Ona görə də bu ildən başlayaraq sürücülər və nəqliyyat vasitəsi sahibləri öz nəqliyyat vasitələrini texniki baxışdan keçirərkən yalnız texniki baxışa görə dövlət rüsumu ödəyəcəklər. Bu o deməkdir ki, bütün şəxslər öz nəqliyyat vasitələrinin mühərrikinin iş həcmindən, markasından, təyinatından və növündən asılı olmayaraq, yalnız bir ödəniş edəcəklər. Həmin ödəniş isə “Dövlət rüsumu haqqında” qanunun 18.65.1 maddəsində müəyyən olunan texniki baxış rüsumudur. Bu rüsumun məbləği avtomobillər üçün 20 manat, motosikletlər, qoşqular və yarımqoşqular (o cümlədən avtomobillər üçün qoşqular və yarımqoşqular) üçün isə 10 manatdır.
Texniki baxış rüsumundan (10 və ya 20 manat) və 1 manatdan artıq olmamaqla bank xərcindən əlavə sürücüdən texniki baxış zamanı hər hansı digər ödənişin (bilka pulu, müayinə pulu və başqa ad altında) tələb olunması qanunsuzdur.

Texniki baxışın dövriliyi isə əvvəlki kimi qalır. Belə ki, minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tonadək olan yük avtomobilləri və motosikletlər istehsal ilindən sonrakı 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçməlidir.

Avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri isə istehsal ilindən sonrakı 2-ci ildən başlayaraq hər il texniki baxışdan keçməlidir. Texniki baxış qrafiki isə aşağıdakı kimidir: - “VAZ” , “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;
- Xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan 01 avqusta qədər;
- Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər.
Bu dəyişiklik insanlarda avtomobillərin qiymətində ucuzlaşma yaradacağı təsəvvürü oyatsa da, digər dəyişiklik əks rəy yaradır. Belə ki, vergi qanunvericiliyinə edilən son dəyişikliklərə əsasən, Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisinin məbləğləri artırılır. VM-in yeni tələblərinə görə, mühərrikinin həcmindən asılı olaraq bütün növ avtomobillərin ölkəyə idxalına tətbiq edilən vergilər dəyişdirilir.

Dəyişikliklərdən sonra, mühərrikinin həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-300 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb. Bu, o deməkdir ki, ölkəyə gətirilən avtomobillər arasında mühərrikinin həcmi 2000 kubsantimetrə qədər olanlar maksimum 100 manata bahalaşacaq. Mühərrikinin həcmi 2000-3000 kubsantimetr olan avtomobillərin qiyməti minimum 100 manat, maksimum 600 manat artacaq. Mühərriki 3000-4000 kubsantimetr olan avtomobillər isə minimum 600 manat, maksimum 2600 manat bahalaşacaq. Mühərrikinin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərin qiyməti minimum 2 600 manat, maksimum 6 600 manat artacaq. Mühərriki 5000 kubsantimetrdən artıq olan avtomobillər isə minimum 7300 manat bahalaşacaq.

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, son dəyişikliklərə diqqət yetirəndə bəlli olur ki, mühərrikinin həcmi daha bahalı olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək: “Məsələn, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə qiymət artımları hətta 10 min manatdan da yüksək olacaq. Xüsusən də yeni istehsal olunan, işlənməmiş avtomobillərdə daha ciddi qiymət artımları gözlənilir. Mühərrikin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərdə isə qiymət artımları 6600 manatadək yüksələrək, orta hesabla 5000 manata çatacaq. Mühərrikin həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə cüzi xərc artımları gözlənilir. Bu avtomobillərin ölkəyə idxal xərci 100 manatdan çox artmayacaq. Əgər bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə, o zaman bu, süni qiymət artımı olacaq”.

2013-cü ildə ölkəmizə 103 min avtomobil idxal olunub ki, bunların da 94 mini minik avtomobilləridir. Güman olunur ki, 2014-cü ildə avtomobil idxalında əvvəlki il ilə müqayisədə 30 faizdən çox azalma var. Bu isə daha çox ötən ilin aprelində ölkəmizdə Avro-4 standartlarının tətbiqi ilə bağlı istehsal ili köhnə olan avtomobillərin idxalına qoyulan qadağa ilə bağlı idi: “Avtomobil idxalına tətbiq edilən aksiz vergilərinin artırılması bu il avtomobil idxalını azaltmaqla yanaşı, ölkəmizə daha çox mühərrik həcmi kiçik olan maşınların gətirilməsinə səbəb olacaq. Bu isə o deməkdir ki, qiymət artımları mühərrik həcmi böyük olan avtomobillərə tələbin azalması ilə nəticələnəcək ki, bu da bahalı maşınların satışında durğunluq yaradacaq. Əksinə, mühərrik həcmi kiçik olan avtomobillərin satışının çoxalacağı ehtimal edilir”.

Şübhə yoxdur ki, bu qərardan sonra nəinki xaricdən gətirilən avtomobillər, hətta hazırda ölkənin avtomobil bazarındakı maşınlar da bahalaşacaq.

Maraqlıdır ki, ölkədə Avro-5 standartlarının tətbiqinin genişləndirilməsi hədəflənib. Bu standartlara cavab verən avtomobillər isə güclü mühərrikə malik olanlardır. Belə olan halda, qeyd edilən dəyişikliyin hansı məntiqi mənanı verdiyi anlaşılmazdır.

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR