Avropa ordusu Rusiyadan müdafiə məqsədi ilə yaradılır

Avropa ordusu Rusiyadan müdafiə məqsədi ilə yaradılır
19:37 14 Mart 2015
65 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən bazar Avropa Komissiyasının sədri Jan Klod Yunkerin Almaniyanın “Welt am Sonntag” nəşrinə verdiyi açıqlamasında Rusiyanın təcavüzkarlığının qarşısını almaq üçün Avropa ordusunun yaradılmasının vacibliyini söyləməsi beynəlxalq aləmdə geniş əks-səda verməkdədir.
 
İş orasındadır ki, Rusiyanın Krımı işğal etməsi və Ukraynanın Cənub-Şərqində separatçılara və terrorçulara açıq şəkildə hərbi və canlı qüvvə ilə dəstək verməsi Avropanın təhlükəsizliyini yenidən təhlükə altına alıb. Məhz bunu nəzərə alaraq, Yunker Avropa üçün Rusiyadan gələn təhlükə qarşısında vahid ordunun yaradılmasının yeganə çıxış yolu olduğunu vurğulayıb. Yunker: “Avropa ordusunun yaradılması Avropa Birliyinin məsələyə ciddi yanaşdığını göstərə və Putini qonşu ölkələrə qarşı təcavüzkarlıq hərəkətlərindən çəkindirə bilər”,-deyib.
 
Onun fikrincə, Rusiyadan gələn yeni təhlükə qarşısında NATO-ya paralel olaraq Avropanın özünün vahid ordusunu yaratmasından başqa çıxış yolu yoxdur. 
 
Təhlükə olduqca böyükdür
 
Yunkerin son açıqlaması əslində əksər Avropa ölkələrinin Rusiyanın yeni təcavüzkarlıq siyasətindən və Avropa üçün əmələ gələn təhlükədən təşvişə düşdüyünü göstərir. Bu isə heç də əsassız deyil. Məsələn, ötən gün Litva Prezidenti Dalya Qribauskayte mətbuata verdiyi açıqlamasında növbəti dəfə Rusiyanı yalnız postsovet və postsosialist dövlətləri üçün deyil, həm də bütün Avropa və dünya üçün yeni təhlükə mənbəyi adlandırıb. Litva Prezidenti: “Şərqdəki güclü qonşu və terrorist dövlət təhlükə mənbəyinə çevrilib”,-deyib. Qribauskayte ad çəkməsə də, əksər siyasi müşahidəçilər onun Rusiyanı nəzərdə tutduğunu ehtimal edirlər.
 
Xatırladaq ki, Litva Prezidenti digər Avropa dövlətləri ilə müqayisədə açıq şəkildə Avropa Birliyini və ABŞ-ı Rusiyanın işğalçılıq siyasətindən müdafiə edə bilməsi üçün Ukraynaya silahla yardım etməyə çağıran yeganə ölkədir. Litvanın Rusiya təhlükəsi ətrafında böyük canfəşanlıq etməsinə gəlincə, bu da əsassız deyil. Belə ki, təkcə 2014-cü ilin 10 ayı ərzində Rusiya qırıcı-bombardmançı təyyarələri 130 dəfə NATO üzvü olan Litvanın hava sərhədini pozub. Bununla bağlı Litvada olan NATO qırıcı təyyarələri hava sərhədini pozan Rusiya təyyarələrinə qarşı havaya qaldırılıb. Bu ilin ilk iki ayı ərzində Rusiyanın qırıcı-bombardmançı təyyarələri dəfələrlə Litvanın hava sərhədini pozublar. Təbii ki, hadisələrin bu istiqamətdə inkişaf etməsi Litvada və Avropada Rusiyanın bu ölkəni işğal etməyə hazırlaşması barədə rəy formalaşdırıb. Rusiya hərbi təyyarələrinin mütəmadi olaraq Litvanın hava sərhədlərini pozması ilə bağlı Qribauskayte Qərbə özünəməxsus şəkildə xəbərdarlıq da edib. O: “Əgər Rusiyanın açıq şəkildə qonşu dövlətlərə qarşı işğalçılıq siyasətini həyata keçirməsinin qarşısı alınmasa, onda Avropa özünü müharibə təhlükəsindən sığortalaya bilməyəcək”,-deyib.
 
Qribauskaytenin Avropaya Rusiyadan gələn böyük hərbi təhlükə ilə bağlı xəbərdarlığı isə Qərb üçün növbəti “SOS” siqnalı hesab edilir. Məsələn, Böyük Britaniyanın tanınmış tarixçisi Orlando Fayces deyib ki, Rusiyanın Krımı işğal etməsi ilə Qərblə Şərq arasında yeni soyuq müharibə dövrü başlayıb. O, Avropanı Rusiyadan gələ biləcək istənilən hərbi təhlükəyə qarşı öncədən hazır olmağa çağırıb. Orlando Fayces: “Rusiyanın Krımı işğal etməsindən sonra SSRİ dövründə olduğu kimi, yenidən Qərblə Şərq arasında açıq şəkildə hərbi qarşıdurma dövrü başlayıb. Rusiya qonşu ölkələrdə vəziyyəti gərginləşdirmək yolu ilə Qərbə qarşı təzyiq yolu seçib və bu siyasətini gələcəkdə də davam etdirəcək”,-deyib.
 
Orlando Fayces Rusiyadan gələn yeni hərbi təhlükənin qarşısının isə yalnız təcavüzkarın təcavüzkarlıq hərəkətlərinin qarşısının vaxtında alına bilməsindən asılı olduğunu xüsusi vurğulayıb. Bu arada məsələyə münasibət bildirən Almaniyanın ilk qadın müdafiə naziri Ursula fon der Lyayen bildirib ki, Barselonadan başlamış Berlinə kimi uzanan böyük bir ərazidə siyasətçilər artıq yuxudan oyanmağa və Avropa üçün yeni hərbi təhlükə ocağının meydana çıxmasını anlamağa başlayıblar.
 
Ursula fon der Lyayen : “Bizim və bütün Avropanın gələcəyi bütün hallarda özümüzü gözləyən hərbi təhlükəyə qarşı Avropa ordusunun yaradılmasından asılıdır”,-deyib.
 
Ursula fon der Lyayen belə hesab edir ki, vahid ordu Avropada təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verə və Şərqdən gözlənilən yeni hərbi müdaxilənin qarşısının alınmasında sipər rolunu oynaya bilər.
 
Bu arada bəzi Avropa ölkələri vahid Avropa ordusunun yaradılması prosesini gözləmədən bu istiqamətdə addımlar atmağa başlayıblar. Bu müstəvidə də Hollandiya, Norveç və Danimarka öz hərbi briqadalarından birini alman generalların idarəçiliyi altına verməyə və Almaniya hərbi birləşmələrinin də daxil olduğu birgər ordunun formalaşdırılmasında iştirak etməyə hazır olduqlarını bəyan ediblər. Almaniya quru qoşunlarının inspektoru, general-leytenant Bruno Kasdorf isə bəyan edib ki, gələn ildən başlayaraq Polşa hərbi hissələrindən birinə komandanlıq alman zabitlərə tapşırılacaq. Buna paralel olaraq, alman hərbi batalyonuna polşalı zabitlər komandanlıq edəcəklər.
 
Xatırladaq ki, belə hərbi təcrübə Avropada da mövcuddur. Belə ki, 1989-cu ildən başlayaraq, birgə Almaniya-Fransa kəşfiyyat briqadası fəaliyyət göstərir. Briqadaya növbə ilə alman və fransız generallar rəhbərlik edirlər. 1995-ci ildə isə NATO tərkibində NATO-nun 12 üzvünün hərbçilərindən ibarət Almaniya-Niderland korpusu hərbi təlimlərdə və Avropada təhlükəsizliyin təmin edilməsində iştirak edirlər.
 
Almaniya müdafiə nazirinin təklifi Bundestaqda da razılıqla qarşılanıb. Belə ki, Bundestaqın müdafiə məsələləri üzrə eksperti Rayner Arnold deyib ki, Avropada vahid ordu olmadan heç kim öz ölkəsinin təhlükəsizliyinin təmin edilməsindən söhbət aça bilməz. 
 
Polşa Rusiyadan gələ biləcək hərbi təcavüz təhlükəsinə hazırlaşır
 
Öz növbəsində, Vaşinqtona səfəri çərçivəsində Prezident Barak Obama ilə görüşündə Avropa Şurasının sədri Polşanın keçmiş Baş Naziri Donald Tusk deyib ki, Avropanın gələcəyi Avropa Birliyi ilə ABŞ-ın Kremldən gələn yeni təhlükəyə qarşı hansı cavab tədbirləri həyata keçirməsindən asılı olacaq. Donald Tusk: “Avropa Rusiya ilə bağlı illüziyalara qapılmamalı, rusların nə vaxtsa qonşu ölkələr üçün təhlükə mənbəyi olmayacağı barədəki xam xəyallardan əl çəkməlidirlər. Ukraynadakı hadisələr göstərdi ki, Avropa Şərqdən gələn yeni və olduqca ciddi qəbul edilməli olan hərbi təhlükə ilə üz-üzə qalıb”,-deyib.
 
Polşanın Rusiyadan gələn hərbi təhlükənin növbəti qurbanı ola biləcəyi barədə həyəcan təbili çalan Donald Tusk artıq ölkəsində buna hazırlıqların davam etdiyini söyləyib. Xatırladaq ki, bu yaxınlarda Rusiyadan gələn hərbi təhlükə qarşısında Polşada hərbi hazırlıq düşərgəsi fəaliyyətə başlayıb. Hazırda 300 min nəfər Polşa vətəndaşı Rusiyadan gələn hərbi təhlükəyə qarşı könüllü şəkildə hərbi hazırlıq keçir. Hərbi düşərgədə hazırlıq keçən Polşa vətəndaşları bütün xərcləri də öz üzərlərinə götürüblər. Yəni əhali Avropadan gələn hərbi yardımı və ya Avropa ordusunun yaradılmasını gözləmədən Rusiyadan gələn təhlükəyə qarşı könüllü şəkildə hazırlaşmağa başlayıb. NATO-nun keçmiş baş katibi və Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə səlahiyyətli nümayəndəsi Havyer Solana qurumun müzakirəsinə Avropa Siyasi Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan hesabatı təqdim edib. Avropa Birliyinin beyni hesab edilən bu Mərkəz tərəfindən hazırlanan sənəddə Rusiyadan gələn təhlükə qarşısında birgə hərbi tədbirlərin həyata keçirilməsi və vahid hərbi ordunun yaradılmasının vacibliyi xüsusi vurğulanıb.
 
Xatırladaq ki, hazırda Avropa Birliyi quruma üzv olan ölkələrin müdafiə qabiliyyətinin artırılmasına 190 milyard avro xərcləyir. Lakin Rusiyanın Ukraynaya qarşı açıq işğalçılıq siyasətini həyata keçirməsindən sonra məlum olub ki, bu vəsaiti ən azı 2-3 dəfə artırmaq lazım gələcək.
 
Beləliklə, Avropada NATO-ya paralel olaraq daha bir hərbi qurumun, Avropa Birliyinə üzv ölkələrin ordusunun yaradılması prosesi işə düşüb. Bu ordunun yaradılması uzun sürən proses olsa da, onun NATO ilə birlikdə Rusiyadan gələn təhlükənin qarşısına ikiqat sipər çəkə biləcəyi ehtimal edilir. Lakin Avropanın bu yolla Rusiyadan gələn yeni hərbi təhlükənin qarşısını ala bilib-bilməyəcəyini öncədən söyləmək çətindir. Bu çərçivədə də Avropada təhlükəsizliyin təmin edilməsi, ilk növbədə, Rusiyadan gələn təhlükəyə qarşı Qərbin vahid cəbhədən çıxış edə bilməsindən asılı olacaq.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/329617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR