Türkiyənin maliyyə naziri: ”FED-in faiz endiriminə heç bir ölkə hazır deyil”

19:47 14 Mart 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

[ 14 Mart 2015 19:44 ]

İstanbul. Mayis Əlizadə - APA. ”FED-in faiz endiriminə heç bir ölkə hazır deyil”.

APA-nın məlumatına görə, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.

 

Bursanın Uludağ bölgəsində keçirilən iqtisadiyyata dair zirvə toplantısında çıxış edən maliyyə naziri 8 ayda ABŞ dollarının 17% dəyər qazandığına diqqəti cəlb  edərək, bunu həm ABŞ iqtisadiyyatının güclənməsinə, həm də Avropa Birliyi iqtisadiyyatındakı deflasiyaya  bağlayıb: “Dünya iqtisadiyyatında tarazlığın  yaranması üçün bu cür dalğalanmalara ehtiyac var”.

 

Mehmət Şimşək, siyasi sabitlik olmadan heç bir ölkədə islahatlar aparmağın mümkün olmadığını vurğulayıb. Türkiyədəki son 12 illik siyasi sabitliyə görə, bir sıra makroiqtisadi islahatların həyata keçirildiyini xatırladan nazir, bunun sayəsində hökumətin öz qarşısına uzun müddətli hədəflər qoya bildiyini deyib: ”Biz Türkiyənin bir çox infrastruktura problemi olduğunu bilirik, ona görə də 25 mərhələdən ibarət islahat proqramı hazırlamışıq. 90-cı illərdə Türkiyənin əsas xroniki problemləri idarə edilə bilməz cari kəsir, yüksək inflyasiya və borc faizləriydi. Bundan sonra  inflyasiyanı aşağı salmaq üçün biz mikroiqtisadi tədbirləri həyata  keçirəcəyik. Yeni proqramımız realist bir paradiqma üzərində hazırlanıb. Bir ölkənin gələcəyini uzun möhlətdə müəyyənləşdirən əsas cəhət qurumların keyfiyyətli kadrlarla idarə edilməsidir. Hüquq sisteminin işləməsindən başlayaraq, bütün sahələrdə keyfiyyətli idarəçiliyə nail olmalıyıq”.

 

Mehmet Şimşək, “kürd məsələsi”nin demokratik zəmində həll edilməsinin ölkənin ən mühüm məsələlərindən biri olduğunu da vurğulayıb. Terror  təşkilatının tələblərinin ayrı bir problem olduğunu xatırladan nazir istər şəxsi, istərsə də kollektiv səviyyədə kürdlərə bir çox haqlar verildiyini və  öz vətəndaşlarının haqlarını verən  Türkiyənin nəinki Orta Şərqə, hətta Qafqaza da ilham mənbəyi olacağını  bildirib: ”İraqın Kürdüstan bölgəsinə keçən il 11 milyard dollarlıq mal satmışıq, əvəzində oradan heç nə almamışıq. Əslində bizim o bölgəylə ticarətimiz sanki daxili ticarətimizdir. Çünki hamı eyni dildə danışır”.

 

Türkiyənin turizm sahəsində  dünyada altıncı yerdə olduğunu bildirən Mehmet Şimşək, keçən il Türkiyəyə gələn 42 milyon turistdən 32 milyard dollar qazandıqlarını açıqlayıb.

 

7 iyunda keçiriləcək seçkidə AKP-nin yenə birinci yerdə çıxacağını iddia edən maliyyə naziri, ondan sonrakı 4 illik müddətdə geniş miqyaslı islahatlar aparacaqlarını və seçkidən sonra Türkiyə iqtisadiyyatının daha güclənəcəyini bildirib.

 

M. Şimşək daha sonra bunları deyib: “Türkiyə  ABŞ Mərkəzi bankının faizləri artırmasın hazırdırmı? Kim hazırdır ki? İnanıram ki, bu toz-dumanlı dönəm geridə qalacaq. Problemlər hər yerdə var. Türkiyə öz problemlərinin fərqindədir. Avropa Birliyinin pul genişlənməsinə getməsi Türkiyənin xeyrinədir. Çünki Avropa iqtisadiyyatı özünü toplayarsa, bu durum Türkiyəyə pozitiv şəkildə təsir göstərəcək”.

 

O, həmçinin Türkiyənin iki əsas problemi olan cari kəsir və inflyasiya ilə təsirli şəkildə mübarizəyə davam edəcəklərini vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR