Olmayan dostla söhbət

Olmayan dostla söhbət
21:47 14 Mart 2015
51 Sosial
Ölkə mətbuatı
A- A+

Ahıllıq yaşına girdikcə şənbə sabahları daha çox xoşuma gəlməyə başlayır.
 
Hər kəsin şirin yuxuda olduğu bir saatda evdə oyanıq tək adam olmağın və həftə ərzində ilk dəfə işə getməməyin və günü ailə ilə birlikdə keçirmək üçün düşündüyüm planların verdiyi zövq bütün ruhumu doyurur və özümü çox xoşbəxt hesab edirəm. Hələ oyanan yoxdur, otaqları gəzib uşaqlara göz qoyur, onların üzündəki təbəssümdən şirin yuxu gördüklərini anlayırsan. Mənim üçün şənbə səhərlərinin erkən saatları, həqiqətən də, çox zövqlü və şirin zaman dilimidir.
 
Ötən həftə yenə şənbə səhərinin erkən saatlarında bir əlimdə buğlanan kofe, o birisində isə yeni qəzetlər mətbəxdən otağa keçdim. Radionu açıb, qarşısında oturdum və mülayim, məxməri bir səs bütün diqqətimi özünə bağladı. Qəribədir ki, həmin səsin sahibi də elə mənim kimi şənbə səhərlərini sevdiyindən danışırdı. Onun söhbətində o qədər maraqlı və ibrətli məqamlar tutdum ki, sanki həyata baxışım dəyişdi. Həmin adam söhbətinə “min kürəcik” adı vermişdi və bütün demək istədiklərini də elə bu kürəciklər üzərindən dinləyicilərə çatdırırdı. Bütün diqqətimlə onun söhbətinə bağlandım, o danışırdı: -
 
Əzizim Tahir, deyəsən, sən işinə həddindən çox zaman ayırırsan, görünür, aldığın maaş çox yüksəkdir. Amma nə olurolsun, ailədən, ev-eşik qayğısından bu qədər uzaq olmağın heç də yaxşı hal deyil. Gənc bir adamın həftədə 65-70 saat çalışması heç də yaxşı hal deyil. Əgər sən qızının rəqs dərnəyindəki uğurlarından xəbərsizsənsə, oğlunun dərsləri ilə maraqlanmağa vaxt ayırmırsansa, bunlar sənin üçün böyük xətalardır. Ona görə də qulaq as, sənin üçün bir hekayət danışacağam.
 
Bir gün oturdum və insan ömrü haqda düşündüm. Bilirsən də, bizdə orta ömür təxminən 75 ildir. Ola bilsin ki, kimsə daha uzun yaşayır, kimi də az yaşayır, amma mən orta rəqəmi götürdüm. Sonra da hesabladım ki, 75 illik bir ömürdə 3900 şənbə günü var. Əzizim Tahir, bilirsən də, mənim yaşım 50-ni çoxdan keçib və hesabladım ki, bu zamana qədər 2800-dən çox şənbə yola salmışam. Onu da hesabladım ki, əgər mən 75 il yaşasam, demək, hələ qarşıda min şənbəm qalır. Bir oyuncaq dükanına getdim və oradakı bütün şüşə kürəcikləri aldım. Min kürəcik almaq üçün üç dükana baş çəkməli oldum. Onları evə gətirdim və otağımda böyük, şəffaf bir qabın içinə doldurdum. Hər şənbə o kürəciklərin birini qabdan götürüb atdım. Qabda kürəciklərin sayı azaldıqca bu dünyada imkanlarımın azaldığını düşünməyə və hər günümün, hər saatımın qədrini bilməyə başladım.
 
Hə, əzizim Tahir, proqramın sonunda sənə bir şey söyləyəcəm. Bilirsənmi, bu səhər mən o qabdakı sonuncu kürəciyi də götürüb atdım və əgər növbəti şənbəyə qədər də mənə yaşamaq qismət olsa, demək, Allah-Təala mənə böyük imkanlar lütf edir və mən o lütfün qarşılığıni ödəmək üçün nəsə xeyirli işlər görməliyəm. Sağ ol, əzizim Tahir, səninlə dərdləşmək mənim üçün çox xoşdur, amma zaman adlanan bir güc məni bu mikrofonun başından ayrılmağa məcbur edir və inanıram ki, sən bu söylədiklərim haqda ciddi-ciddi düşünəcəksən”.
 
Aparıcı dostu Tahirə ünvanladığu söhbəti tamamlayandan sonra dinləyicilərlə sağollaşıb proqramını tamamladı və mənə elə gəldi ki, onun heç Tahir adında dostu da yoxdur, sadəcə, öz fikirlərini hər kəsə çatdırmaq üçün bu fənddən istifadə elədi.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/329615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR