Rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilir

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilir
11:34 15 Mart 2015
163 Sosial
Ölkə mətbuatı
A- A+

İmtahanda iştirak etmək üçün 1245 nəfər sənəd verib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakıda 3 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları və Bakı Qızlar Universitetində, eləcə də Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. 


Birinci mərhələdə namizədlərə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.


Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 7-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar. 



İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə fevralın 16-dan 23-dək aparılıb və 1245 nəfər namizəd elektron ərizə doldurub təsdiq edib. Onlardan 913 nəfəri qız, 332 nəfəri isə oğlanlardır. 1050 namizəd Azərbaycan bölməsinin, 195 namizəd rus bölməsinin, 552 namizəd cari ilin, 693 namizəd isə əvvəlki illərin məzunudur.


Bakı şəhərində 1213, Naxçıvan şəhərində isə 32 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 18 imtahan rəhbəri, 132 zal nəzarətçisi ayrılıb.


Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi 2015-ci ilin iyul ayında keçiriləcək. 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR