Hakimiyyət alovunda vətəndaşların ümidləri yanır

Hakimiyyət alovunda vətəndaşların ümidləri yanır
00:37 16 Mart 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti bu ölkənin konstitusiyasını islah edərək, parlament-hökumət sisteminə keçilməsi ilə razılaşıb. İTAR-TASS-ın məlumatına görə, Serj Sarkisyan əsas qanun islahatının ölkə üçün təyinedici olduğunu vurğulayaraq, hüquqşünaslardan ibarət xüsusi komissiyaya göstəriş verib ki, bu sahədə ölkənin siyasi qrupları ilə müzakirələr aparsın.
 
Serj Sarkisyan hüquqşünaslardan ibarət xüsusi komissiyanı sentyabrın dördündə təşkil edib.
Sərkisyan qeyd edib ki, Avropa Şurası Komissiyası da parlament-hökumət sisteminin Ermənistanda demokratiyanın güclənməsinə kömək edəcəyi ilə razıdır.
 
Yerevanda çıxan "Hraparak" qəzeti isə yazıb ki, Ermənistanın faktiki "sahib"i funksiyalarını yerinə yetirən Rusiya S.Sarkisyanın Konstitusiya islahatlarını bəyənmir.
 
Qəzetin yazdığına görə, Rusiya Ermənistanda konstitusiya islahatları ilə parlament idarəetmə sisteminə keçid niyyətini məqbul saymır.
Səbəb isə Avrasiya İqtisadi Birliyinə üzv olan üç ölkədə prezident idarəçilik sisteminin hökm sürməsi göstərilir. Bu səbəbdən də Rusiyanın Ermənistanda fərqli dövlət-idarəetmə sisteminin bərqərar olmasını əlverişli təşəbbüs olmadığını iddia edirlər.
 
"Ermənistan prezidenti Serj Sarkisyan Moskvadakı hamilərini razı salmaq, islahatlarını davam etdirmək üçün var qüvvəsi ilə çalışır. Çünki Ermənistan parlament idarəçiliyi sisteminə keçərsə, prezident parlament tərəfindən 7 il müddətinə seçiləcək və həmin şəxsin təkrar dövlət başçısı seçilmək hüququ olmayacaq. Bu minvalla S.Sarkisyan özündən sonrakı dövlət başçısının səlahiyyətlərini azaltmaq, ən əsası isə öz təhlükəsizliyini təmin etmək və hakimiyyətə təsir imkanlarını qorumaq istəyir", - "Hraparak" yazıb.
 
Ermənistan mediasında yer alan xəbərlərə görə, prezident Serj Sarkisyanın həyata keçirməyə can atdığı Konstitusiya islahatlarının əsasını elə parlament idarəetmə sisteminə keçid təşkil edir. Belə keçidin konsepsiyasını hələ 2013-cü ilin sentyabrında təşkil edilən və hüquqşünaslardan ibarət xüsusi komissiya hazırlayıb.
 
S.Sarkisyan isə deyib: "Konsepsiya proqram sənədidir və onun reallaşdırılması Ermənistanın bundan sonrakı inkişafı üçün yeni imkanlar yaradır. Parlament modelinin dövlət idarəetmə sisteminin iki təməli olan daxili və xarici təhlükəsizlik prinsiplərini necə təmin edəcəyini hələlik aydın təsəvvür edə bilmirəm. Lakin əminəm ki, Konstitusiya islahatları ölkə üçün gerçəkdən də, çox vacibdir və onlar yalnız cəmiyyətdə geniş siyasi vəhdət birləşmə ilə mümkün ola bilər".
 
Yəni bu adamın dediklərinə görə, parlament idaretməsinin demokratik forması ilə dövlət idarəetməsinin təhlükəsizliyinin təminatının tələbləri arasında uyğunluq və uyarlıq reallaşmalıdır.
Ermənistan parlamentinin vitse-spikeri Ermine Qağdalyanın dediyinə görə, ölkənin ali qanunverici məclisinə Konstitusiya islahatlarının iki variantı daxil olacaq.
 
Həmin variantlar barədə Yerevandakı hakimiyyət bir kəlmə də danışmır. Amma buna rəğmən, variantların formatlarının necəliyi və nədən ibarət olacağını təxminləmək çətin deyil.
 
Bəhs olunan variantlar parlamentin spikeri və baş nazirin səlahiyyət dairələrini müəyyənləşdirəcək. Daha konkret olsaq, Ermənistanın güc strukturlarına kimin - spikerin, yoxsa baş nazirin - nəzarət edəcəyi məsələsi ən mühüm məqam kimi qələmə verilir.
 
"Klassik" parlament modeli güc strukturlarına nəzarətin bir qayda olaraq baş nazirə verilməsini nəzərdə tutur. Fəqət, Serj Sarkisyan heç bir halda baş nazirə belə səlahiyyətlərin verilməsinə razılaşmayacaq.
 
Çünki ötən il o, "dövlət başçısı postunda səlahiyyət müddətim başa çatandan sonra nə prezident, nə də baş nazir olmaq niyyətində deyiləm" söyləmişdi.
 
Amma o, parlamentin spikeri olmaq istəmədiyini də söyləməmişdi.
Ermənistanın baş naziri indi oliqarx Ovik Abramyandır və o, Yerevandakı kriminal hakimiyyətin nəzarətindəki mediada Serj Sarkisyanın "əsas siyasi rəqibi" təki təbliğ olunur.
Sarkisyanın potensial, ən ciddi rəqibi isə sabiq dövlət başçısı Robert Köçəryandır.
 
R.Köçəryan 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatılacağını əsla istisna etmir.
Di gəl, S.Sarkisyanın nəzərdə tutduğu Konstitusiya islahatları R.Köçəryanın prezidentliyə qayıdışının qarşısını alır.
Köçəryan böyük siyasətə dönmək istəyirsə, ya baş nazir, ya da parlamentin spikeri olmağa çalışmalıdır.
Bunun üçünsə siyasi partiya gərəkdir.
 
Robert Köçəryanın yaratdığı və faktiki olaraq rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyasının darmadağın edilməsindən, bu partiyanın sədri, oliqarx Qagik Sarukyanın postundan istefa verərək siyasəti tərk etiyini bildirməsindən sonra belə partiyadan danışmaq sadəlövhlükdür.
S.Sarkisyan baş nazirlə parlament spikeri arasında güc strukturlarına nəzarət baxımından qarşıdurmanın məhz iqtidardakı Ermənistan Respublika Partiyası sıralarında yaşanmasını istəyir.
 
Mübarizə də, deyəsən, Serj Sarkisyan və Ovik Abramyan arasında olacaq.
Ermənistanın parlament sisteminə keçidini nəzərdə tutan Konstitusiya islahatlarının iki variantının ali qanunverici məclisə göndərilməsinin də məqsədi budur.
 
Variantlardan biri baş nazirin səlahiyyətlərinin artırılmasını, digəri isə parlament spikerinə əlavə səlahiyyətlər verilməsini nəzərdə tutur.
Serj Sarkisyanın prezident postunu tərk edəndən sonra sədri olduğu Ermənistan Respublika Partiyası vasitəsilə parlament spikeri kürsüsünə yiyələnməyi planlaşdırdığını nəzərə alsaq, erməni deputatların hansı varianta "üstünlük verəcək"lərini indidən təxminləmək olar.
 
...Serj Sarkisyan Ermənistan sakinlərinin demokratiya istəklərinə, normal cəmiyyətdə yaşamaq arzularına od vurur, ümidləri yandırır və illüziyaların külündə yenidən siyasi dirilişə nail olmaq istəyir.
 
Onun istəyi baş tuta bilər. Ancaq siyasətin küllərində sayrışan közlər bəzən ocağı qalayanın özünü də yandıracaq alova səbəb olur.
 
Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/329763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR