Ermənistanın informasiya "quşlama"ları

Ermənistanın informasiya "quşlama"ları
21:03 6 Yanvar 2015
165 Ölkə
Ölkə mətbuatı
A- A+

İlkin İzzət - Trend:

Hər bir məntiqsizliyin də bir məntiqi var, amma Ermənistan rəhbərliyinin “quşlama məntiqi”nin yox...

Bu gün Ermənistan KİV-lərində yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə atəşkəsi guya 320 dəfə pozması, müxtəlif kalibrli atıcı silahlardan, o cümlədən 60 mm və 82 mm-lik minaatanlardan, eləcə də RPQ-7 tipli qumbaraatanlardan istifadə edilməsi və bu zaman erməni silahlı birləşmələrinin mövqelərinə 4500-dən çox güllə atıldığı barədə məlumat yayıldı.

Ermənilər iddia edirlər ki, guya cavab tədbirləri nəticəsinə Azərbaycan Ordusunun biri 703 saylı briqadanın Eldar Məmmədov adlı “unter zabit”i olmaqla 3 əsgəri öldürülüb.

Məsələyə dərhal reaksiya verən Azərbaycanın Müdafiə Nazirliyi bəyan etdi ki, cəbhədə Azərbaycan Ordusunun guya üç hərbi qulluqçusunun öldürülməsi barədə Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatlar yalandır: “Ermənistan mətbuatının cəbhədəki atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı “unter zabit”in məhv edilməsi barədə məlumatları dezinformasiya xarakteri daşıyır”.

Bundan bir neçə saat sonra isə elə Ermənistan mətbuatında yer alan məlumatlarda bildirildi ki, yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma zamanı 2 erməni hərbçi öldürülüb. Qeyd edildi ki, onların hər ikisi müqavilə əsasında xidmət edən əsgərlər olub.

Adama deyərlər, evinin içindən xəbərin yoxdur, çölündən cəh-cəh vurursan. Əgər belə operativ və düzgün informasiya yayansansa, niyə əvvəlcə xalqına öz ölənlərin barədə xəbər vermirsən? Necə oldu ki, təmas xəttinin o biri üzündə ola-ola “ölən” Azərbaycan hərbçilərini saya, hətta onlardan birinin “ad-soyadını” və xidmət etdiyi “hərbi hissənin nömrəsini” də öyrənə bildin, amma öz ölənlərindən xəbərin olmadı? Necə oldu ki, öz ölənlərin barədə yalnız Azərbaycan tərəfinin “itkilərini faş etdikdən” sonra xəbər tutub yaya bildin?

Elə təkcə bu kiçik faktın özü erməni tərəfinin necə dezinformasiya siyasəti yeritdiyinin və hər vəchlə Azərbaycan tərəfini "günahkar çıxartma üsulları"nın iç üzünü açır. Əslində, biz artıq Ermənistan tərəfinin “dez”lərinə öyrəncəliyik və onların mahiyyətinə də yaxşı bələdik. O ki qaldı sizin bununla beynəlxalq ictimaiyyəti aldatmağa çalışmağınıza, bilin ki, yalan ayaq tutar, amma yeriməz. Hər şeyin geci-tezi var. Bir adamı həmişə aldatmaq olar. Hamını da bir müddət aldatmaq olar. Amma hamını həmişə aldatmaq olmaz axı...

Erməni xalqı da bilməlidir ki, Ermənistan rəhbərliyinin “dəvəquşu sindromu” ilə yaşayıb “quşlama”sı onlara heç vaxt xeyir gətirməyəcək. Yaxşı, siz “quşlama”ğınızda olun, biz də ovlamağımızda…

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR