Rafiq Əliyev: “Mən həmişə müxalifəm, amma müxalifətçi deyiləm” - MÜSAHİBƏ

Rafiq Əliyev: “Mən həmişə müxalifəm, amma müxalifətçi deyiləm” - MÜSAHİBƏ
11:14 2 Fevral 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

 

“Eynşteyn də, Nyuton da Allah adamı olub”

 

Lent.az Rafiq Əliyevlə müsahibəni təqdim edir.

 

- Rafiq müəllim, bir məqalənizdə yazırsınız ki, sizin təfəkkürünüz Qərbdir, əxlaqınız isə Şərq. Nə deməkdir bu? Qərb təfəkkürü, Şərq əxlaqı necə olur?

 

- Mən Azərbaycanda da, Amerikada da bir dərs deyirəm. Dərsin birində Yaponiya təcrübəsindən misal gətirirəm. Məsələn, Yaponiyada hər hansı adi fəhlənin ixtiyarı var, yəni ona səlahiyyət verilib ki, əgər fors-major situasiya yaranarsa, o, bütün istehsal sahəsinin fəaliyyətini dayandıra bilər. Bizdə isə belədir ki, gərək sex rəisinə zəng vurulsun, sex rəisi direktora, direktor nazirə zəng vursun və s. Səbəb nədir? Bizdə bir “əşi” sözü var. “Əşi, keçər də”. “Əşi, birtəhər yola ver də”. Qərbdə isə “əşi” sözü yoxdur. Orda səlahiyyət də verilib, cavabdehlik də. Yaxud bizdə elm adamlarının böyük əksəriyyəti Azərbaycan üçün olan elmlə məşğuldurlar. Axı elmin vətəni yoxdur. Mən humanitar elmləri nəzərdə tutmuram. Qərbdə sənin elmi işin bütün dünyada olanlardan, heç olmasa, bircə damcı yaxşı deyilsə, o müəllif həmin elmi işi çapa verməz. Amma Şərq dünyasında belə deyil. Bu baxımdan deyirəm ki, mənim təfəkkürüm Qərb təfəkkürüdür. Çünki uzun müddətdir, Qərbdə çalışıram.

 

- Bəs əxlaqınız niyə Şərq əxlaqıdır?

 

- Genetik yaddaşdan gələn, hətta bəzən lazımsız olan şeylər var ki, oturub mənim qanımda. Məsələn, məndə ifrat dərəcədə qısqanclıq var. Söhbət kiməsə paxıllıqdan getmir. Məişət qısqanclığından söhbət gedir. Belə şeylər qan yaddaşından irəli gəlir. Bu xarakteri atmaq, tərgitmək mümkün deyil.

 

- Təfəkkür də, əxlaq da beyin işi deyil? Bəs necə ola bilir, Qərb təfəkkürünə malik bir insan ailədə, məişətdə qısqanc olur?

 

- Kəramət bəy, təfəkkür və əxlaq ayrı-ayrı kateqoriyalardır. Təfəkkür beyindən gələn bir şeydir. Əxlaq isə beyindən gəlmir, qandan gəlir.

 

- Deməli, genetikaya inanırsınız?

 

- Yüz faiz! Düzdür, sonradan qazanma, mühitdən götürmə də var. Amma çox xarakterlər, xüsusiyyətlər genetik gəlir. Söhbət təkcə xarici oxşarlıqdan getmir, biz davranış oxşarlığından da danışırıq. Məsələn, mən atamdan nəyi götürmüşəm? Həyatım boyu nə bir manat rüşvət vermişəm, nə də bir manat rüşvət almışam. Və həmişə yazılarımda demişəm ki, rüşvət mənim millətimi içdən yeyən qurddur.

 

Uşaq vaxtı bir dəfə həyətdə oyun oynayırdıq, komandalar yaratmaq lazım idi. Bir nəfər çıxdı ki, kim mənimlə? Mən əlimi qaldırdım, o birisi əlini qaldırdı. Beşimiz bir tərəfdə, beşimiz də bir tərəfdə bölünüb oynadıq. Demə, anam pəncərədən baxırmış. Evə gələndə dedi, oğul, “mən kimlə” yox, “kim mənimlə” xüsusiyyətinə söykən. Sonra mən Amerikaya, Almaniyaya, başqa ölkələrə getdim, orda dərs dedim. Bir dərs var idi, adı “Liderlik hissi”dir. Lider olmaq üçün hansı xüsusiyyətləri bilmək lazımdır. Başa düşdüm ki, “Liderlik hissi” dərsinin əsas mahiyyəti anamın mənə dediyi  o aksiomadan ibarət imiş. Yəni mən kimlə yox, kim mənlə. Mənim kiminsə yanında durmağa həvəsim yoxdur.

 

Bir ifadə var, invariantlılıq. Yəni heç kimdən asılı olmamaq, kobud mənada, heç kimə yaltaqlanmamaq, heç kimə yarınmamaq. Çox qəribədir ki, mənim övladlarım da, nəvələrim də həmin invariantlılığı saxlayırlar. Heç birində sapma olmayıb. Müstəqil, heç kimdən asılı olmamaq, yarınmamaq, sınmamaq çox vacib şeydir. Palıd ki sınmır. Amma onun yanındakı alaq otları o tərəf-bu tərəfə əsir, əyilir, sınır. Amma palıda külək dəyə bilmir.

 

Kəramət bəy, bu xüsusiyyət sizdə də var. Elə bilirsiniz, yazarların hamısı sizdən razıdır? Yox. Nə üçün? Çünki bəzən çox kəskin yazılarınız olur. Siz də asılı olmayan insansınız. Amma harasa gedib yarınan insanlar ki var, onların heç bir xeyri yoxdur. Yarınan adamdan həmişə müvəqqəti olaraq istifadə edirlər. Amma invariant adamlara, əyilməyən, sınmayan adamlara hamı hörmət edir, bəlkə üzünə demirlər, amma ürəklərində mütləq hörmət edirlər.

 

- Maraqlıdır, dünyanı gəzmiş insansınız, böyük bir alimsiniz. Amma elə çıxışlarınız olur, bəzən elə söhbətlər edirsiniz ki, dəhşətli dərəcədə sadəlövh insan təsiri bağışlayırsınız.

 

- Bütün bunlar ona görədir ki, mən söz deməkdən çəkinmirəm. Düzdü, bəzən susduğum olub. 2008-ci ildə mən bir məqalə yazdım. Orda demişdim ki, Azərbaycanı post-neft dövrü gözləyir. Göstərmişdim ki, 2012-ci ildən sonra neftin istehsalı azalacaq, Azərbaycanın iqtisadi modeli barədə düşünmək lazımdır. Eyni mövzuda məqaləni 2011-ci ildə daha geniş şəkildə bir də yazdım. Birinci devalvasiya baş verəndə jurnalistlər mənim birinci və ikinci məqaləmi alt-alta sayta qoydular. Məndən isə soruşdular ki, post-neft dövrü nəyə deyirdiniz? Mən də dedim ki, elə bu günü deyirdim. Axı jurnalistlər bir az çevik, həm də maraqlı olurlar.

 

Mən kobud söz deyə bilmirəm, nə də bərkdən qışqıra bilirəm. Mən adətən, fikirlərimi sakitcə və birbaşa deyirəm. Mən elm adamıyam və demişəm ki, Azərbaycanda post-neft dövrü gəlir. Mən bundan artıq nə deyim?

 

- Namaz qılırsınız?

 

- Yox. Mənim imanım dinimdən yuxarıdadır. Din o qədər incə mövzudur ki, orda qələt eləmək olmaz. Ona görə də ruhani alimlərdən soruşdum ki, bəlkə səhv fikirləşirəm, iman üstün olmalıdır, yoxsa din? Onlar da dedilər ki, düz yoldayam, iman üstün olmalıdır. Mən atributları yerinə yetirmirəm: namaz qılmaq, oruc tutmaq. Salavat çevirirəm. Amma rüşvət almıram, Allah uzaq eləsin, baş kəsmirəm, pislik eləmirəm. İmanın atributları bunlardır.

 

Eynşteyn xristian olub, namaz qılmayıb, nə olsun?! Amma onda həmişə Allah xofu olub. Nyuton da Allah adamı olub. Eynşteyn dünyasını dəyişəndə ağzından bir kəlmə çıxarıb. Deyib ki, Allah kainatla zər oyunu oynamır. Gör, nə qədər böyük insan olub ki, dünyasını dəyişməmişdən bir neçə saat qabaq deyib, Nobel mükafatı alan məqaləmi gətirin göstərin. Gətirdilər, baxdı, baxdı, məqaləni atdı. Dedi, mən düz almamışam. Eynşteynin fikri nə idi? Deyirdi ki, bütün dünyanı ehtimallarla idarə eləmək olmaz. Ehtimal nəzəriyyəsi də qumardan gəlir. Ona görə deyirdi ki, Allah kainatla zər oyunu oynamır. Eynşteyn ağzından bir ifadə də çıxarıb: ehtimal yox, mümkünlük. Bu isə indiki qeyri-səlis məntiq nəzəriyyəsidir. Düzdür, bu nəzəriyyənin yaradıcısı Zadədir, amma Eynşteynin ağzından belə bir söz çıxmışdı.

 

- Maraqlıdır, ehtimal nəzəriyyəsinə əsasən, ehtimal varmı ki, siz Nobel mükafatı alasınız?

 

- Ehtimal var, amma onu gərək düz hesablayasan. Klassik ehtimal nəzəriyyəsi reallığı çox vaxt düz ehtiva etmir. Xüsusən o yerdə ki insan qərar qəbul edir. Məsələn, obyektiv ehtimal nəzəriyyəsinə görə, qaradərili Obamanın ABŞ prezidenti olma ehtimalı sıfır (heç vaxt ABŞ-da qara dərili prezident olmamışdı) bölünsün 43 (Obamadan əvvəlki prezidentlərin sayı) bərabərdir sıfırdır. Amma həyat başqa cür göstərdi. Belə yerdə subyektiv, qeyri-səlis ehtimal işləyir. Əgər mən də müsəlmanamsa, əgər mən də Şərq dünyasındayamsa və Şərq dünyasından elm sahəsində müsəlman olan cəmi üç nəfər Nobel alıbsa, eyni zamanda elm sahəsi üzrə bütün nobelçilərin sayı tutaq ki, üç yüzdürsə, deməli, üç bölünsün üç yüz, yəni yüzdə bir ehtimal. Bu ehtimal bu cür hesablanmamalıdır. Amma o kişi – Allah hər şeyi hamıdan yaxşı hesablayır.

 

- Nobel mükafatı sizin üçün ölçüdürmü?

 

- Çox böyük ölçüdür. Ədəbiyyat və sülh üzrə mükafatları deyə bilmərəm, bunlarda müəyyən sapmalar olur, amma elmdə Nobel mükafatına təsir eləmək mümkün deyil. Və mənim üçün elm sahəsində Nobel mükafatından böyük ölçü yoxdur. Nobelə layiq olmaq üçün isə mühit olmalıdır, ayaqlar çəkilməməlidir, “əşi” təfəkkürü olmamalıdır.

 

- Adətən, elmin dərinliklərinə getdikcə dini düşüncədən, dini təfəkkürdən uzaqlaşırsan. Sizdə isə əksinədir. Niyə belədir?

 

- Bayaq dediyim kimi, dinə, Allaha bağlılıq mənim qan yaddaşımdan gələn bir şeydir. Məsələn, Qarabağ regionunda ən böyük məscid Ağdamda idi. Ətraf yerlərdən inanclı insanlar Aşura günlərində Ağdam məscidinə gələrdilər. Mən də məscidə tez-tez gedirdim. Yəni qan yaddaşı deyəndə bunları nəzərdə tuturam.

 

İkincisi, mənim fikrim belədir ki, hansı elm olur-olsun, hansı nəzəriyyə olur-olsun, hansı Allahın yaratdığını daha dürüst təmsil eləyə bilirsə, kim Allahın yaratdığını daha yaxşı imitasiya eləyə bilirsə, yamsılaya bilirsə, o, ən gözəl elmdir.

 

Mən 50 ildir, elmlə məşğul oluram. Bu ömrün iyirmi ilini sərf eləmişdim ki, hər hansı bir məsələnin optimal həllini riyazi olaraq necə tapmaq olar. Yadınızda olar, orta məktəbdə funksiyanın ekstremal qiymətlərini tapmaq üçün törəmə alırdıq, sıfıra bərabər eləyirdik və s. Bir müddət bu yolla getdik. Sonra başa düşdük ki, səhv yolla getmişik. Ən düzgün yol Allahın yaratdığı təbii seçmədir. Məsələn, meşələrdə zəiflər sıradan çıxır. Yəni təbiətdə baş verən hadisələri, məsələn, təkamül seçməni riyazi simvollarla yaza bilirsənsə, bu, elmin ən böyük nailiyyətidir.

 

- Allahın yaratdığını yamsılamaq buna deyirsiniz?

 

- Bəli. Məsələn, dünyanın yaranması ilə bağlı aparılan fiziki eksperimentləri mən o qədər də qəbul etmirəm. Bir ingilis filosofu öz dostu ingilis fizikdən soruşur ki, dünyanın bir partlayışdan yaranması məsələsinə necə baxır? Fizik deyir, biz bunu isbat eləmək istəyirik, doğrudan da, ola bilər ki, dünya bir partlayışdan yaranıb. Filosof soruşur ki, bəs zamanı kim yaratdı? Deyir, dayan, burada Allahı düşünmək lazımdır. Mən bu dünyada Allahsız alim tanımıram. Ümumiyyətlə, Allahsız heç bir şeyi tanımıram. Mən son dərəcə Allaha bağlı adamam.

 

- “Din və qeyri-səlis məntiq” məqalənizdə qeyd etmisiniz ki, İlqar İbrahimoğluna minnətdaram, çünki bəzi şeyləri onunla məsləhətləşdim.

 

– Bəli, məqaləni yazdıqdan sonra İlqar İbrahimoğlu ilə məsləhətləşdim, soruşdum, burda səhv yoxdur ki?

 

- Elm dindən məsləhət alır?

 

- Mən elə bir adamam, düşünürəm ki, hətta çobanla da məsləhətləşmək lazımdır. Çobanın dünyada, həyatda o qədər bildikləri şeylər var. Məsələn, buluda baxar, bizə  deyər ki, hava necə olacaq. Kimdənsə nəsə soruşmaqda pis nə var ki?! Məndə elə bir kompleks yoxdur. Axı ilahiyyat elmi də var. Bu yaxınlarda ABŞ-da “Qeyri-səlis məntiq və Quran” adlı bir tutarlı monoqrafiya çap olunub.

 

- Rafiq müəllim, sizcə, sizin kimi bir alimi dini dünyagörüşünüzə görə niyə sərt tənqid edirlər?

 

– Bir söz desəm, inciməzsiniz?

 

– Yox, təbii ki...

 

- Siz də o cür insansınız! Təkcə siz yox, yazarlarımızın bir qismi belədir. Çox hörmət elədiyim Zamin Hacı mənim haqqımda yazmışdı ki, Rafiq Əliyev indi də mələklərin trayektoriyasını hesablasın. Sarkazmla yazmışdı. Adı yadımdan çıxıb, bir nəfər də məni yarımsərt tənqid eləmişdi. Halbuki mən onları qınamıram ki, onlar niyə ateistdirlər. İkili Aristotel məntiqindən tolerantlıq məntiqinə - qeyri səlis məntiqə keçmək lazımdır. Bu, yeni sivilizasiya məntiqidir.  

 

- Bəzi alimlər iddia edir ki, təkamül nəzəriyyəsi sübut olunub. Siz necə düşünürsünüz?

 

- Əksinə. Bu gün dünyada ən çox tənqid olunan Darvinin nəzəriyyəsidir. Əksər fikirlər darvinizmin əleyhinədir. Əlbəttə, mən də əleyhinəyəm. O nəzəriyyə yaxşı nəzəriyyə sayılır ki, real həyata daha yaxındır. İnsanın meymundan əmələ gəlməsini dünya qəbul eləmir. Elə yer var ki, ora sonsuzluqdur və sonsuzluq olan yerdə Allah var. Ona görə də insan nədən əmələ gəldi, necə əmələ gəldi, mən buralara yuvarlanmaq istəməzdim.

 

- Quranda insanın yaranması haqqında deyilən fikirləri qəbul edirsiniz?

 

- Bilirsiniz, Kəramət bəy, Tövratın beş min təfsiri var. Biri bu cür anlayır, biri başqa cür başa düşür. Yəni beş min cür başa düşülməyi var. Quranı isə oxuyub dərk eləmək, anlamaq çox çətin məsələdir. Ona görə də onun təfsiri necədir, başa düşülməyi necədir, mən bu sualları sonsuzluğa buraxıram.

 

- Məşhur bir fikir var. Deyir, axmaq-axmaq suallar verib böyük bir alimə sübut eləmək olar ki, sən heç nə bilmirsən. Suallarım bir az cığal ola bilər, amma maraqlıdır, heç düşünmüsünüz ki, hamını Allah yaradıbsa, bəs insanlara niyə bir yox, bir neçə kitab göndərib?

 

- Təbii ki, dinlər içərisində ən təkamülü, moderni, müasiri İslamdır. Zaman-zaman da peyğəmbərlər çıxıb və köhnəni təkmilləşdirmək istəyiblər. Təkmilləşdirmək isə o demək deyil ki, tamam yeni bir şey yaradırsan. Quranda da, İncildə də bir çox şeylər var ki, oxşardır. Bəli, islam dini digər dinlərin yeniləşdirilmiş, təkmilləşdirilmiş formasıdır. Və təbii ki, digər dinlərlə müqayisədə Quranda insana qarşı daha çox tolerantlıq var.

 

- Rafiq müəllim, Ziyalılar Forumu yarandı, siz də bu qurumda oldunuz. Kənardan elə fikir yarandı ki, guya siz siyasi proseslərə qarışmısınız. Belə demək mümkünsə, durduğunuz yerdə sizdən müxalifətçi düzəltdilər. Ancaq sonra heç səsiniz çıxmadı, hər hansı siyasi fikir bildirmədiniz və s. Nədənsə çəkindinizmi?

 

- Mən heç vaxt siyasətə qarışmamışam. Ziyalılar Forumunda çox ləyaqətli adamlar var idi.  Dünyada da belə şeylər çoxdur. Dünyanın ən məşhur alimləri, yaxud yazarları Roma Klubunda yığışır, dünya hara gedir, bunu müzakirə edirlər. Yaxud alimlər yığışıb nüvə yarışının davam etdiriləcəyi halda, “nüvə qışı”nın dünyanı, insanları necə məhv edəcəyini isbat edirdi. 

 

- Maraqlıdır, bəs siz yığılıb nəyi müzakirə edirsiniz?

 

- Mövzularımız əsasən, bunlardan ibarət olurdu: milli birlik, iqtisadi model tipləri və s. Belə şeylər müzakirə olunur. Bir dəfə mövzu qoyuldu və yekun qərara gəldik ki, rüşvət milləti də, dövləti də içəridən yeyən qurddur. Düz birinci gündən ta axırıncı günə kimi biz demişik ki, ziyalı siyasətə qarışmalı deyil. Çox istərdim ki, bu fikrim müsahibəmizdə mütləq olsun: mən həmişə müxalifəm, amma müxalifətçi deyiləm.

 

- Bəs nəyə müxalifsiniz?

 

- Ən birinci özümə müxalifəm. Sonra Kəramətə müxalifəm, sonra Ramiz Rövşənə və s. Amma müxalifət, müxalifətçi deyiləm. Müxalifətçi odur ki, partiya yaradır, yaxud hansısa partiyaya üzv olur, hakimiyyətə gəlmək istəyir. Bu, onun haqqıdır.

 

- Siz heç bir partiyanın üzvü deyilsiniz?

 

- Qətiyyən! Mənim bir partiyam var, o da Rafiq Əliyev partiyasıdır.

 

- Üzvlər isə Ramiz Rövşən, Musa Yaqub, Cavanşir Quliyev, Qulu Məhərrəmli...

 

- Yox, yox... (gülür) Bu adamların hərəsi bir partiyadır. Sadəcə, cəmiyyətin problemləri haqqında öz fikirlərimizi həmişə demişik, deyəcəyik də.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR