Tələbələrimizin təhsil haqqı dərdi - Məbləğ bölünəcəkmi?

Tələbələrimizin təhsil haqqı dərdi - Məbləğ bölünəcəkmi?
14:37 2 Fevral 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycandakı bəzi universitetlərdə oxuyan tələbələrdən təhsil haqqının birdəfəlik ödənilməsinin tələb edilməsi zamanla gündəmə gəlir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, problem Milli Məclisin ötən gün keçirilən iclasında da dilə gətirilib. Millət vəkilləri Qənirə Paşayeva, Musa Quliyev çıxışlarında bildiriblər ki, tələbələrdən təhsil haqqını birdəfəlik ödəməyi tələb etmək düzgün deyil . Ödəniş hissə-hissə aparılmalıdır. Valideynlərin vəziyyətini nəzərə almaq lazımdır. Tələbələr imtahanlara buraxılmırlar və universitetdən xaric olunurlar.

Bu məqamda qeyd edək ki, bu günlərdə Bədən Tərbiyəsi və İdman Akademiyasının yuxarı kurs tələbələri onlardan birdəfəlik ödəniş tələb edildiyi ilə bağlı saytımıza müraciət etmişdilər. Onlar 2200 manat təhsil haqqını birdəfəyə ödəmək imkanında olmadıqlarını qeyd etmişdilər.

Məsələ ilə bağlı akademiyadan sorğumuza hələ ki, cavab verilməyib.

Həmin universitetin keçmiş rektoru, millət vəkili Ağacan Əbiyev də "Qafqazinfo"ya bildirib ki, onun universitetə rəhbərlik etdiyi dövrdə tələbələr təhsil haqqını hissə-hissə ödəyiblər:

"100 tələbədən 15-i bununla bağlı bizə müraciət edirdi. Deyirdilər ki, təhsil haqqını iki dəfəyə verək. Biz də onunla razılaşırdıq. Amma indi köhnə qaydanı ləğv ediblər. Hamısı birdəfəyə verilməlidir. Mən indiki rəhbərliyin qərarına hər hansı fikir bildirmək istəmirəm. Ancaq yaxşı olardı ki, təhsil haqqını iki dəfəyə versinlər".

"Qafqazinfo" builki semestr imtahanlarında təhsil haqqını ödəyə bilmədiyinə görə imtahana buraxılmayan tələbələrin statistikası barədə ekspert Kamran Əsədova müraciət edib.

O bildirib ki, Azərbaycanda təhsil haqlarının ödənilməsi dünya təcrübəsindən fərqlidir: "Dünyada tələbələr təhsil haqqını birinci kursdan sonuncu kursa qədər hissələrlə ödəmək imkanına malikdirlər. Son 5 il ərzində ölkəmizdə 7000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Bu, bir ölkə üçün kifayət qədər böyük itkidir. Təhsil Xidməti Mərkəzimizə il ərzində yüzlərlə tələbə bununla bağlı müraciət edir. Milli Məclisdə ali təhsil haqlarının ödənilməsi ilə bağlı qanunvericilik qəbul edilsin.

Maarifçi Kredit Fondu yaradılıb. O da tələb edir ki, valideynlərin illik gəliri 10 min manatdan çox olmalıdır. Azərbaycanda valideynlərinin gəlirinin 10 min manatdan artıq olan şəxsin kreditə ehtiyacımı var? Bizim universitetlərin təhsil haqqı dünyada ilk 100-lüyün həcmindədir. Verdikləri təhsil isə aşağıdır. Bu il təkcə semestr imtahanlarında 4000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün imtahana buraxılmayıb. Bu saya həm kolleclər, həm də ali təhsil müəssisələrinin tələbələri daxildir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR