Bakıda daha bir Akademiya açıldı

Bakıda daha bir Akademiya açıldı
16:27 2 Fevral 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mərkəzi ofisində könüllülük fəaliyyətinə dair yeni qurulan Akademiyanın açılış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, 2017 Formula-1 Azərbaycan Qran-prisinin rəsmi elçisi, əməkdar artist Tünzalə Ağayeva və bu yarışın könüllülər proqramı üzrə rəsmi elçisi, müğənni Miri Yusif, həmçinin bir sıra rəsmilər iştirak ediblər.

Mərasimdə açılış nitqi söyləyən BŞH-nın İnsan Resursları Şöbəsinin və yeni təsis olunmuş akademiyanın rəhbəri İranə Əhmədova Bakı Şəhər Halqası akademiyasının açılmasında əsas məqsədin ölkəmizdə keçirilən Formula-1 yarışlarının təşkilatçılığında iştirak edəcək könüllülərin hazırlığının daha peşəkar səviyyədə reallaşdırmaq olduğunu bildirib.

Əhmədova, həmçinin qeyd edib ki, könüllülərin şəxsi inkişafı daim diqqət mərkəzində olacaq: "Akademiyada hədəflərin müəyyən edilməsi, kommunikasiya bacarıqlarının artırılması, konfliktlərin həll edilməsi, liderlik, vaxtın səmərəli idarə olunması, layihələrin idarə edilməsi və başqa zəruri mövzularda təlimlər keçiriləcək. Eyni zamanda, akademiya çərçivəsində xarici dillər üzrə danışıq klubları və müasir kitabxana fəaliyyət göstərəcək. Hər bir könüllü onlar üçün yaradılan bu şəraitdən tam və təmənnasız faydalanmaq imkanına sahib olacaq".

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov könüllülərin hazırlığı prosesinə cəlb olunan kadrların hamısının yerli mütəxəssislər olduğunu bildirib: "Gənclər arasında könüllülüyə olan marağın durmadan artması bizdə sevinc və fərəh hissi oyadır. İstər İslam Həmrəyliyi Oyunları, istərsə də Formula-1 Azərbaycan Qran-prisi üçün könüllülərin hazırlığı prosesinə cəlb olunan mütəxəssislərin hamısı yerli kadrlardı ki, onların böyük qismi əvvəlki yarışlarda könüllü olaraq fəaliyyət göstərib. Bizim üçün böyük önəm kəsb edən əsas məqam ondan ibarətdi ki, irimiqyaslı idman tədbirlərinə cəlb olunan gənclərə yüksək təşkilatçılıq bacarıqları qazandırmaqla yanaşı, onların gələcək şəxsi inkişafı da yüksək səviyyədə öz əksini tapsın".

Açılışda çıxış edən Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qarşıya qoyulan əsas məqsəd ölkənin gəlcəyi üçün yüksək keyfiyyətlərə malik gənc nəsil hazırlamaqdır: "Bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir".

Daha sonra çıxış edən könüllülər proqramının rəsmi elçisi, əməkdar artist Tünzalə Ağayeva gənclərə uğurlar arzulayıb.

Qeyd edək ki, bu ilin 23-25 iyun tarixlərində baş tutacaq Foruma 1 Azərbaycan Qran Prisində 3 min könüllünün iştirak edəcəyi gözlənilir. Könüllülər proqramına müraciətlərin qəbulu hazırda davam edir və bu proses fevralın sonunda başa çatacaq.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR