Şəmkirdə istixanalar təhlükə qarşısında

Şəmkirdə istixanalar təhlükə qarşısında
16:42 2 Fevral 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda sahibkarların təsərrüfatı təhlükə altındadır.

Milli.Az xəbər verir ki, həmin sahibkarlardan biri olan rayon sakini Nəsimi Əsədov qafqazinfo-ya müraciət edib. O bildirib ki, rayonda fərdi təsərrüfat işləri ilə məşğuldur və 3 hektar sahədə quraşdırılmış istixanada pomidor becərir. Onlar istixanaların qızdırılması üçün M40 markalı mazutdan istifadə edirlər. Ancaq hər zaman aldıqları "neft baza"lar hazırda M40 markalı mazutun satışını dayandırıb. Odur ki, bu hal fermerləri çətin vəziyyətdə qoyub:

"Mən və mənim kimi istixanası olan yüzlərlə fermer çətin vəziyyətə düşüb. Hər bir təsərrüfatın qızdırılması üçün bir və ya iki günlük yanacaq ehtiyatımız qalıb. Hətta Şəmkir rayonu Düyərli kəndində bir nəfərin əkinini tamam şaxta vurub. Tez bir zamanda yanacaq tədarükü görülməsə, bizim də təsərrüfatlarımızı həmin aqibət gözləyir. Bununla bağlı Şəmkir rayonu İcra Hakimiyyətinə, Kənd Təsərrüfatı Nazirliyinə, SOCAR-a müraciət etmişik. Köməklik ediləcəyi bildirilsə də, hələ də bir iş görülməyib. Mən və mənim kimi istixana sahibləri çarəsiz vəziyyətdə qalıb. Son çarə olaraq mediaya müraciət etmək qərarına gəldik".

Qafqazinfo-nun əməkdaşı məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu məsələ nazirliyin səlahiyyətinə aid olmasa da, problemin həllinə bacardıqları köməyi etməyə çalışırlar:

"Şikayət əsasında vətəndaşlar dinlənilib və bu barədə rayon yerli icra hakimiyyətinə məlumat verilib. Rayon rəhbərliyi də yanacaq ehtiyacı olan vətəndaşları qəbul edib və bildirib ki, yaxın günlərdə məsələ öz həllini tapacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR