Bakıda aşkar edilmiş 430 kq şübhəli ətin tamamilə yararsız olduğu məlum olub

Bakıda aşkar edilmiş 430 kq şübhəli ətin tamamilə yararsız olduğu məlum olub
17:12 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ 2 gün bundan əvvəl Bakının Qaradağ rayonunda aşkar edilmiş 430 kq şübhəli ətin tamam yararsız olduğu üzə çıxıb. 
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında (KTN) Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) məlumat verilib. 
Xatırladaq ki, yanvarın 30-da qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında DBNX-nin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Qaradağ rayonu ərazisində yerləşən Dövlət Yol Polisi postunda reyd keçiriblər. Reyd zamanı Ağcabədi rayonunun Xocavənd kənd sakinin Niyazov Sultan Niyaz oğluna məxsus "Mersedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilərkən onun arxa oturacağında və yük yerində mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunət iyi verən, çəkisi 430 kq olan hissələrə bölünmüş 4 heyvan cəmdəyi aşkar olunub. 
Aşkar olunan heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığından və qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib. Aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən hər 4 heyvan cəmdəyindən götürülən ət nümunələrində bakterioloji çirklənmə (BÇQB, s.aureus, s.typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə hər 4 heyvanın aqoniya vəziyyətində kəsilməsi və ya ölmüş heyvanların ətinin (leş əti) olması, bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq heyvan cəmdəklərinin zərərsizləşdirilməsi ilə bağlı tədbirlər görüləcək.
DBNX bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/bakida-askar-edilmis-430-kq-subheli-etin-tamam-yararsiz-oldugu-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR