Azərbaycan OPEC qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirib

Azərbaycan OPEC qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirib
17:32 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmaya uyğun olaraq Azərbaycan cari ilin yanvar ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Birgə Texniki Komissiyasına təqdim edib.

Milli.Az xəbər verir ki, Energetika Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 22-də Vyanada Küveyt, Rusiya, Əlcəzair, Venesuela və Omandan ibarət hasilatın azaldılmasına nəzarət komitəsinin iclasında OPEC və qeyri-OPEC dövlətlərinin götürdükləri öhdəliklərin icrasına nəzarət məqsədilə Birgə Texniki Komissiya yaradılıb. Bu komissiyaya hər ay mütəmadi olaraq müvafiq ölkələrdən gündəlik neft istehsalı ilə bağlı məlumatların alınması və öyrənilməsi həvalə edilib. Öhdəlik götürmüş ölkə olaraq Azərbaycan tərəfindən Birgə Texniki Komissiya ilə işləmək üçün Energetika Nazirliyinin nümayəndəsi müəyyənləşdirilib.

Tələb olunan göstəricilər üzrə məlumatlar hazırlanaraq Komissiyaya göndərilib. Həmin məlumatlara əsasən, cari ilin yanvar ayı ərzində Respublika üzrə gündəlik neft hasilatı 793,9 min barrel olub. Bunun 743,1 min barrelini xam neft, 50,8 min barrelini isə kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 50,8 min barrel kondensat, 24,2 min barrel isə neft məhsulları ixrac edilib. Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Belə ki, Saziş imzalanan tarixədək, yəni 11 ayda Azərbaycanda 37 milyon 719 min 606 ton neft istehsal olunub. Orta gündəlik hasilat isə 829,1 min barrel təşkil edib.
Aparılan təhlillər də göstərir ki, mövcud qərar neft qiymətinin artmasına və sabitləşməsinə müsbət təsir göstərib. Bununla belə, Monitorinq Komitəsinin Küveytdə mart ayında keçiriləcək iclasında qəbul edilmiş qərarın icra vəziyyəti və bazara təsiri təhlil ediləcək. Əldə olunan nəticələr veriləcək qərarları, təklifləri müəyyənləşdirəcək. Bu da istehsalçı ölkələr üçün hasilat planlarını tərtib etməyə kömək göstərəcək.

Azərbaycanın hasilat həcmi ilə bağlı öhdəlyinə əməl etməsi, ölkədə neft hasilatı ilə bağlı aparılan təhlillərin və verilən proqnozların dəqiqliyini sübut etməklə yanaşı, həm də dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün zəruri tədbirlərin görülməsində nə dərəcədə maraqlı və qətiyyətli olmasını da təsdiqləyir. Azərbaycan neft bazarında tarazlığın bərpası məqsədilə ilkin vaxtlardan OPEC-in təşəbbüslərini dəstəkləyib. Ölkəmiz 30 noyabr 2016-cı il tarixində OPEC üzvü olan dövlətlərin hasilatı yanvarın 1-dən 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmasını nəzərdə tutan razılaşmanın əldə edildiyi Vyana sammitində də iştirak edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/513727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR