Bakı Ali Neft Məktəbində Gənclər Günü qeyd olunub

Bakı Ali Neft Məktəbində Gənclər Günü qeyd olunub
18:52 2 Fevral 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər Günü münasibəti ilə tədbir keçirilib.
BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə ali məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov 1996-cı ilin məhz bu günündə ilk dəfə olaraq Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycanda gənclərin I forumunun keçirildiyini xatırladıb. O bildirib ki, sözügedən forum ölkədə gənclər hərəkatının vüsət almasına təkan verib və məhz həmin günün əhəmiyyətini nəzərə alaraq 2 fevral tarixi gənclər günü kimi Azərbaycan tarixinə yazılıb. E.Qasımov həmin forumda şəxsi iştirakını xatırlayaraq, o dövrdə Heydər Əliyev qarşısında bir gənc olaraq çıxış etdiyini yada salıb, hər zaman qürur hissi keçirdiyini vurğulayıb. Azərbaycanda gənclərə dövlət səviyyəsində qayğı və diqqət göstərildiyini deyən rektor gənclərin ölkə, cəmiyyət üçün dəyərli sərvət olduğunu bildirib. 
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbin əsas məqsədi də ölkədə yüksək ixtisaslı, ingilis dilli, peşəkar və dünya səviyyəli gənc mühəndislər yetişdirməkdir. Rektor bu ali təhsil ocağının qısa zaman kəsiyində əldə etdiyi uğurları və nailiyyətləri barədə danışıb, 2017-ci ilin Ali Məktəb üçün tarixi bir il olacağını, həmçinin bu il ilk məzunları yola salacağını deyib. 
Tədbirin bədii hissəsində Ali Məktəbin tələbələrinin ifasında şeirlər və musiqi parçaları səsləndirilib.
Sonda SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə təlim mərkəzində “Dənizdə işləyən neftçilər və gəmi heyəti üzvləri üçün sağ qalma metodikası, fərdi xilasedici vasitələrdən istifadə və üzgüçülüyün əsasları” adlı təlimlərdə iştirak etmiş BANM-in tələbələri sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/baki-ali-neft-mektebinde-gencler-gunu-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR